BAKI,AzerVoice
İslamda ibadət və haramlar Allahın iradəsinə əsaslanaraq müəyyən
edilir. İnsanlar bu hökmləri sorğulamaqdan daha çox onların
hikmətini və mənasını anlamağa çalışmalıdırlar. Şəriət hökmləri iki
əsas kateqoriyaya bölünür:
Tam itaət tələb edən hökmlər – Bunlar hikməti bizə məlum olmayan, yalnız Allahın əmrinə əsaslanan hökmlərdir. Məsələn, sübh namazının niyə 4 rükət deyil də 2 rükət olması yalnız Allahın iradəsinə əsaslanır.
Ağılla izah oluna bilən hökmlər – Bu kateqoriyaya hikmətləri araşdırıla bilən qadağa və əmr qanunları daxildir. Məsələn, oruc tutmağın hikməti insanların yoxsulların halını daha yaxşı anlamasına kömək etməkdir. Lakin bu hikmət heç vaxt Allahın əmrinin yerini tuta bilməz.
İçkinin Haram Olmasının Hikməti
İçki, İslam dinində qadağan edilən maddələrdən biridir. Hətta
zərəri olmasa belə, Allah qadağan etdiyi üçün içməmək vacibdir.
Bununla birlikdə, bütün dünya içkinin fiziki, psixoloji və sosial
baxımdan zərərli olduğunu qəbul edir.
İslamın gəldiyi dövrdə ərəb cəmiyyətində içki içmək geniş yayılmışdı. Buna görə də, spirtli içkilərin qadağan edilməsi birdən-birə deyil, mərhələli şəkildə həyata keçirildi. Əgər içki birdən-birə haram edilsəydi, bu, İslamı qəbul edən insanlar üçün çətin ola bilərdi. Buna görə də, Quran ayələri içkiyə qarşı tədricən mövqe sərtləşdirərək nazil oldu.
Quranda İçkinin Haram Edilmə Prosesi
1-ci mərhələ: İçkinin mənfi tərəflərinə işarə edildi.
“Xurma ağaclarının meyvəsindən və üzümlərdən həm içki edir, həm də
gözəl ruzi əldə edirsiniz. Bunda ağlı çatan qövm üçün əlbəttə ibrət
vardır.” (Nəhl, 67)
2-ci mərhələ: İçkinin ziyanlarının faydalarından daha çox olduğu
bildirildi.
“Sənə içkini və qumarı soruşurlar. De ki: Onlarda həm günah, həm
insanlar üçün faydalar vardır. Günahları isə faydalarından daha
böyükdür.” (Bəqərə, 219)
3-cü mərhələ: İçkili halda namaz qılmaq qadağan edildi.
“Ey iman edənlər! Siz sərxoşkən, nə söyləyəcəyinizi bilənə qədər
namaza yaxınlaşmayın.” (Nisa, 43)
4-cü mərhələ: İçki və qumarın şeytan əməli olduğu
vurğulandı.
"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal
oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan
çəkinin ki, bəlkə, nicat tapasınız!" (Maidə, 90)
5-ci və sonuncu mərhələ: İçkinin qəti şəkildə haram edilməsi
elan olundu.
“Şeytan, içkidə və qumarda aranıza düşmənlik və kin salmaq, sizi
Allahı xatırlamaqdan və namaz qılmaqdan saxlamaq istər. Artıq siz
hamınız imtina etdiniz, deyilmi?” (Maidə, 91)
Bu ayədən sonra bütün müsəlmanlar içkidən tamamilə imtina etdilər. Rəvayətə görə, içki içən səhabələr xəbəri eşidər-eşitməz qədəhləri sındırıb içkiləri yerə tökdülər.
İçkinin Zərərləri
Psixoloji və sosial təsirlər: İçki insanlar arasında kin və
düşmənçilik yaradır, ailələri dağıdır və cəmiyyətdə zorakılığa
səbəb olur.
Sağlamlıq problemləri: İçki beyin, ürək, qaraciyər və böyrəklərə
zərər vurur, orqanizmin müqavimətini zəiflədir.
Ağıl və düşüncə sisteminə təsiri: İçki insanın ağlını zəiflədir,
qərarvermə bacarığını azaldır və pis vərdişlərə yol açır.
İqtisadi və sosial problemlər: İçki insanların pulunu israf
etməsinə, yoxsulluğa və asılılıq yaratmasına səbəb olur.
Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur:
"Azı və ya çoxu sərxoşluq verən hər içkinin azı da, çoxu da
haramdır."
İçki İçdikdən Sonra Namaz Qılmaq Olarmı?
Bəzi insanlar içki içdikdən sonra 40 gün namazın qəbul olunmayacağı
barədə yanlış fikirlər səsləndirirlər. Lakin İslam dinində belə bir
hökm yoxdur.
İçki içən insan sərxoşluğu keçəndən sonra tövbə edərək namazını qıla bilər. Əsas olan səmimi qəlbdən peşman olub bir daha içməməyə niyyət etməkdir.