BAKI,AzerVoice
Abbasilər dövründə elmə, xüsusilə tibb sahəsinə böyük önəm verilirdi. O dövrün alimləri keyfiyyətli təhsil alır, onların çoxu müxtəlif sahələrdə dərin biliklərə yiyələnirdi. Cəmiyyətin elmə olan marağı o qədər böyük idi ki, hətta xəlifənin hərəminə qədər elm adamları yetişirdi.
Xəlifə Harun ər-Rəşid dövründə elm adamlarından biri olan Təvəddüd adlı qadın alim geniş elmi biliklərə sahib idi. Xəlifənin tələb etdiyi kimi, o, tibb sahəsi də daxil olmaqla müxtəlif sahələr üzrə mürəkkəb suallara cavab vermiş və hətta elə suallar irəli sürmüşdü ki, ona sual verənlərin özləri belə cavab tapa bilməmişdilər.
Bu dövrdə həkim olmaq üçün rəsmi imtahanlar keçmək vacib idi. Tibb sahəsində imtahanlar yalnız diaqnoz qoymaqla məhdudlaşmır, patologiya, dietologiya və gigiyena kimi sahələri də əhatə edirdi. Məşhur alim Kampbelin sözlərinə görə, həkimlərin qanuni şəkildə fəaliyyət göstərməsi üçün qabiliyyət imtahanı məhz ərəblər tərəfindən tətbiq edilmişdi.
IX əsrin əvvəllərində Bağdadda 860 rəsmi həkim, xəstəxanalar və tibb tədris mərkəzləri mövcud idi. Təxminən 50 il sonra tibb sahəsində ilk mühüm ərəb dilli əsər Abbasi xəlifəsi Mütəvəkkilin şəxsi həkimi Əli ibn Rəbban ət-Təbəri tərəfindən yazılmışdır. O, əsərinə "Firdövsül-Hikmə" adını vermişdi. Bu kitab fəlsəfə, psixologiya və digər elmləri əhatə etsə də, əsasən tibb sahəsinə aid idi. Əli ibn Rəbban əsərində Hippokrat, Aristotel və Qaleni öz elmi mənbələri kimi göstərmiş, həmçinin Yuhanna ibn Məsaveyh və Hüneyn ibn İshaq haqqında da məlumat vermişdi.
Xəlifə Müqtədir, məşhur alim Sinan ibn Sabitdən (Sabit ibn Qürrə) ölkədəki 860 həkimi imtahan etməsini tələb etmişdi. İmtahandan yalnız yüksək səviyyəli və etibarlı həkimlər azad olunurdu.
Bir dəfə Sabit imtahanda yaşlı və hörmətli bir həkimin heç müəllimi olmadığını və oxumağı belə bilmədiyini öyrənmişdi. Buna baxmayaraq, onun elminə hörmət edərək bilmədiklərini öyrənməsi şərti ilə ona həkimlik etməyə icazə vermişdi.
Növbəti gün imtahana gələn gənc bir həkimin atasının məhz əvvəlki gün gələn yaşlı insan olduğu məlum olmuşdu. Sabit atasının tövsiyələrini yerinə yetirməsi şərti ilə onun da həkimlik etməsinə icazə vermişdi.
Abbasilər dövründə tibb elmi yüksək inkişaf səviyyəsinə çatmış və ciddi elmi yoxlamalar əsasında həkimlər fəaliyyət göstərmişdilər. Bu, elmin inkişafına və tibbin sistemləşməsinə böyük töhfə vermişdir.