BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün
İdeologiya dedikdə, bir insanın və ya cəmiyyətin dünyaya baxış tərzi, hadisələri dəyərləndirmə meyarı başa düşülür. Yəni nəyi doğru, nəyi yanlış hesab edirsə, bunu bir ideoloji çərçivəyə söykənərək edir. Bu baxımdan ideologiya pis bir şey deyil, əksinə, insanın həyatına məna qatan bir inanc və prinsiplər sistemidir.
Lakin burada bir incə məqam var. Bəzi ideoloji yanaşmalar zamanla insan vicdanı və ümumbəşəri dəyərlərlə ziddiyyətə düşə bilir. Məsələn, bir ideologiya ədalətsizliyi, irqçiliyi, zorakılığı haqlı göstərə bilər. Bu isə təhlükəli bir yoldur. Ona görə də hər bir ideoloji yanaşma insan vicdanı və ümumbəşəri dəyərlərlə tarazlıqda olmalıdır.
Əgər bir toplumda dəyərlər sadəcə maddi mənfəət üzərində qurularsa, mənəvi ölçülər – vicdan, ədalət, mərhəmət – arxa planda qalarsa, orada təhlükəli proseslər başlayır. Belə bir toplum zamanla faşizmə, irqçiliyə və ya sırf zövq və şəhvət mərkəzli bir həyat tərzinə sürüklənə bilər. Belə bir mühitdə elm, texnologiya və ya iqtisadi inkişaf da uzunmüddətli nicat gətirməz. Çünki toplumun içindəki mənəvi sütunlar çökmüş olur.
Belə toplumlar ilk çətinlikdə dağılır – iqtisadi böhran, müharibə, mənəvi boşluq kimi sınaqlara davam gətirə bilmirlər. İnsanlar dözümsüz olur, hər şeyi dərhal əldə etmək istəyirlər. Halbuki cəmiyyətin dayanıqlı olması üçün ilk növbədə vicdan, mərhəmət və ümumbəşəri dəyərlərə sahib olması vacibdir. Maddi güc, elmi inkişaf – bunlar sonrakı mərhələlərdir. Əsas olan, insan olaraq nəyə inandığımız və nəyin ardınca getdiyimizdir.