Əsas səhifə » Fikir istehsalının mənbəyi: Sivilizasiyaların düşüncə fərqləri üzərinə

Fikir istehsalının mənbəyi: Sivilizasiyaların düşüncə fərqləri üzərinə

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Hər bir sivilizasiya özünəməxsus şəkildə fikir istehsal edir. Bu fikir istehsal etmə məntiqi isə sivilizasiyanın dünya görüşü, dəyərlər sistemi və xüsusilə dini ənənəsi ilə sıx bağlıdır. Toplumlar mənfəət, qazanc və qalibiyyət kimi fundamental məfhumları məhz bu düşüncə sistemlərinə əsaslanaraq müəyyənləşdirirlər.

Müasir Qərb cəmiyyətində — xüsusilə də kapitalist sistemin formalaşdırdığı Avropa və Amerika düşüncə məkanında — mənfəət anlayışının mərkəzində, əsasən, maddi qazanc dayanır. Bu yanaşma fərdin şəxsi təhlükəsizliyinin təmin olunması ilə tamamlanır və beləliklə, insanlar arasında sanki bir “ictimai müqavilə” yaranır: hər kəs istədiyini edə bilər, tək şərt başqasının maraq dairəsinə müdaxilə etməməkdir. Bu, liberal düşüncənin və hüquqi müqaviləçiliyin əsas təməlidir.

Lakin Şərqdə, xüsusilə də müsəlman Şərqində, Avropanın üstünlük qazandığı dövrlərə qədər fikir istehsalı tamam fərqli bir məntiqə əsaslanırdı. Bu məntiqin mərkəzində isə Qurani-Kərim dayanırdı. Qurani-Kərimi diqqətlə təhlil etdikdə, biz bu mənbədə tamamilə fərqli bir düşüncə sisteminin bünövrəsini görə bilirik.

Məsələn, münafiqlərin bir qismi döyüşə getməyənlər barədə belə deyirlər: “Əgər bizimlə qalsaydılar, ölməzdilər.” (Ali-İmran, 168). Başqa bir ayədə isə deyilir: “Əgər bizim sözümüzə qulaq assaydınız, öldürülməzdiniz.” (Ali-İmran, 157). Bu ayələr, hadisələrə baxışın maddi nəticələrə bağlanmaması, Allahın iradəsinin və mənəvi faktorlara əsaslanan bir dünyagörüşünün formalaşdırılmasına işarədir.

İsrail oğullarının Musa peyğəmbərə qarşı dedikləri sözlər də bu fərqli baxışı əks etdirir: “Ey Musa! Onlar orada olduqca biz əsla ora girmərik. Sən və Rəbbin gedin vuruşun, biz burada oturacağıq.” (Maidə, 24). Bunun qarşılığında isə Quran bizə bildirir: “Neçə-neçə azsaylı dəstələr Allahın izni ilə çoxsaylı dəstələrə qalib gəlmişdir.” (Bəqərə, 249).

Bu misallar bizə göstərir ki, Qurani düşüncədə “mənfəət” və “qalibiyyət” anlayışları yalnız maddi ölçülərlə deyil, mənəvi keyfiyyətlər, səmimiyyət və ilahi iradə çərçivəsində izah olunur.

Daha önəmli bir prinsip isə belə ifadə olunur: “Fitnə qətldən daha pisdir.” (Bəqərə, 191). Bu ayə müsəlman düşüncəsində böyük bir dönüş nöqtəsidir. Fitnə — yəni cəmiyyətin daxili nizamını pozan, mənəvi sabitliyi sarsıdan hərəkət — bir insanın həyatına qəsddən daha böyük təhlükə kimi dəyərləndirilir. Quranda qeyd olunur ki: “İnsanların öz əlləri ilə etdikləri səbəbindən quruda və suda fəsad baş verdi.” (Rum, 41). Bu ifadə insanın məsuliyyətini və cəmiyyətin mənəvi nizamını pozmanın fəlakətə aparan yol olduğunu açıq şəkildə göstərir.

Lakin 19-cu əsrin sonlarından etibarən, müsəlman dünyası Qərb düşüncə sisteminin təsiri altına düşməyə başladı. İstər müstəmləkəçilik, istərsə də modernləşmə adı altında həyata keçirilən struktur dəyişiklikləri nəticəsində müsəlman cəmiyyətlərinin fikir istehsal etmə qaydaları ciddi şəkildə dəyişdi. Artıq bir çox məsələlərə — istər gündəlik məişətə, istərsə də siyasi, iqtisadi və ictimai proseslərə — qərbdən idxal edilmiş metodoloji alətlərlə yanaşılır.

Nəticədə müsəlman dünyası özünəməxsus düşüncə sistemindən uzaqlaşaraq, Qərbin nəzəri çərçivələri ilə reallığı anlamağa çalışır. Halbuki bu çərçivələr, nə müsəlmanların tarixi təcrübəsinə, nə də mənəvi dünyagörüşünə tam uyğun gəlir. Beləcə, bir zamanlar fərqli və orijinal bir baxış bucağına sahib olan İslam dünyası, artıq özü ilə ziddiyyət təşkil edən bir fikir sistemini mənimsəməyə başlamışdır.

Bugünkü vəziyyəti anlamaq və dəyişmək üçün, fikrin necə və haradan doğulduğunu anlamaq lazımdır. Fikir sadəcə ideya deyil — o, bir dünyanın aynasıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice