Əsas səhifə » Tufan Öncəsi

BAKI, AzerVoice , Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Qəzzada bir fəlakət yaşanır. Minlərlə insan həyatını itirib, qadınlar, uşaqlar, yaşlılar və xəstələr köməksiz durumda qalıblar. Bütün bu hadisələrin, xüsusilə də 7 oktyabr tarixində baş verən "Əqsa Tufanı" əməliyyatından sonra başlaması diqqətəlayiqdir. Bu gün bir çox insan, eyni zamanda peşəkar təhlilçilər və bir sıra hallarda din xadimləri belə, "Əgər HƏMAS bu əməliyyatı başlamasaydı, bütün bu fəlakətlər baş verməzdi" fikrini irəli sürürlər. Bu sual və irad təbiidir.

Lakin bu sualın təbiiliyi qədər, ittiham edilən tərəfin ortaya qoyduğu cavab və arqumentlər də mövzuya analitik yanaşmaq baxımından maraq doğurur. Burada xüsusi bir qeyd etmək yerinə düşər: kimliyindən, siyasi və ideoloji mövqeyindən asılı olmayaraq, mülki insanların – xüsusilə uşaqların, qadınların, yaşlıların və əngəllilərin qətlə yetirilməsi, əziyyət çəkməsi bir faciədir. Təəssüf ki, insanlıq tarixi boyunca bu cür hadisələr baş verib və onların tamamilə qarşısının alınması, nə yazıq ki, həmişə mümkün olmur.

Ancaq bəzən tarixdə elə məqamlar yaranır ki, müəyyən “zazorlar”, yəni qəbul olunmuş hüdudlar aşılır. Və bu zaman bəşəriyyət hüquqi, insani, iqtisadi və idarəetmə baxımından dərin bir böhranla üz-üzə qalır. Qəzzada baş verən hadisələr də məhz belə bir dönüş nöqtəsi yaradır – bu faciə yalnız bir bölgənin deyil, bütün insanlığın mənəvi və siyasi duruşunu sual altına alır. Bəşəriyyəti bir daha ictimai fikir, beynəlxalq hüquq və vicdan anlayışına yenidən baxmağa vadar edir.

HƏMAS-ın iddiaları
HƏMAS 7 oktyabr 2023-cü ildə həyata keçirdiyi hücumu sadəcə hərbi əməliyyat kimi deyil, uzun illər ərzində yığılan siyasi, iqtisadi və dini təzyiqlərə qarşı cavab olaraq təqdim edir. Onların arqumentinə görə, bu hücumun arxasında bir sıra obyektiv səbəblər dayanır. Ən başlıca səbəb kimi, 2007-ci ildən bəri Qəzza zolağının İsrail tərəfindən qurudan, havadan və dənizdən blokadaya alınması göstərilir. Bu blokada nəticəsində bölgədə ciddi humanitar böhran yaranmış, ərzaq, dərman, enerji və tikinti materialları kimi həyati vacib resursların çatışmazlığı gündəlik həyatın ağırlaşmasına səbəb olmuşdur. HƏMAS iddia edir ki, gənc nəslin perspektivsiz vəziyyətdə böyüməsi radikallaşmanı sürətləndirib və bu, bir növ sosial partlayış üçün zəmin yaradıb. Bundan əlavə, 2021-ci ildən etibarən israilli ultra-millətçi qrupların Əl-Əqsa məscidinə basqınlarının və bu ərazidəki “status quo”nun dəyişdirilməsi cəhdlərinin artması, ərəb və İslam dünyasında böyük narahatlıq doğurmuş, HƏMAS tərəfindən isə bu hadisələr “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirilmişdir. 2023-cü ildə bu təxribatların daha da intensivləşməsi dini həssaslıqları daha da alovlandırmışdır. HƏMAS həmçinin İsraildə ultra-sağçı və ultra-dindar siyasətçilərin, xüsusilə də İtamar Ben-Gvir və Bezalel Smotrich kimi fiqurların hakimiyyətdə söz sahibi olmasını, Fələstinlilərə qarşı sərt və aqressiv siyasətin güclənməsi kimi dəyərləndirir. Onların fikrincə, bu vəziyyət fələstinli xalqın gündəlik həyatına birbaşa təsir göstərir və davamlı təzyiq altında yaşamaq məcburiyyətində qalırlar. Bütün bunlarla yanaşı, HƏMAS üçün ən ciddi təhlükələrdən biri də ərəb dövlətlərinin İsraillə münasibətlərində müşahidə edilən normallaşma prosesidir. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş kimi ölkələrlə diplomatik əlaqələrin qurulması və xüsusilə Səudiyyə Ərəbistanının İsraillə yaxınlaşması cəhdləri HƏMAS və digər müqavimət qrupları tərəfindən “Fələstin məsələsinin arxa plana keçməsi” kimi qiymətləndirilmişdir. Bu səbəbdən HƏMAS bu əməliyyatı həm də gündəmin dəyişdirilməsi, müqavimətin hələ də güclü və canlı olduğunu nümayiş etdirmək məqsədilə həyata keçirdiyini iddia edir.

HƏMAS ilə razılaşmayan Fələstinlilər
Fələstin daxilində HƏMAS ilə razılaşmayan siyasi, hərbi, ictimai tərəflər vardırmı? Əlbəttə ki, vardır. Çünki hər bir insani və humanitar problem daxili müxalif fikirlərin fəallaşmasına gətirib çıxardır. Bu qüvvələr əsasən siyasi, ideoloji və idarəçilik məsələlərində HƏMAS-la fikir ayrılığı yaşayan təşkilatlar və fərdlərdir. Onların başında Fəth hərəkatı və Fələstin Muxtariyyəti gəlir. Fəth hərəkatı uzun illər boyu Fələstin Milli Hərəkatının aparıcı gücü olmuş və hazırda Ramallahda yerləşən Fələstin Muxtariyyətini idarə edir. 2006-cı il parlament seçkilərində HƏMAS qalib gəldikdən sonra Fəth və HƏMAS arasında dərin siyasi böhran yaşanmış, bu isə 2007-ci ildə Qəzzada HƏMAS-ın hərbi yolla nəzarəti tam ələ keçirməsi ilə nəticələnmişdir. Bundan sonra Fəth İordan çayının qərb sahilində hakimiyyətini saxlamış, HƏMAS isə Qəzzada idarəçilik qurmuşdur. Fəth rəhbərliyi, xüsusilə Mahmud Abbas, HƏMAS-ı radikal siyasət yürütməkdə və diplomatik həll yollarını təhlükəyə atmaqda ittiham edir. Onların fikrincə, HƏMAS-ın silahlı mübarizəyə üstünlük verməsi beynəlxalq arenada Fələstin məsələsinin legitimliyinə zərər vurur və fələstinli xalqı daha böyük təcridə məruz qoyur. Fəth daha çox beynəlxalq hüquq, diplomatiya və sülh danışıqları vasitəsilə nəticə əldə edilməsinin tərəfdarıdır. Bununla yanaşı, Fələstin daxilində HƏMAS-ın İslamçı ideologiyasına və idarəçilik üslubuna qarşı çıxan sol və müstəqil siyasi qüvvələr də mövcuddur. Fələstin Xalq Azadlıq Cəbhəsi, Fələstin Demokratik Xalq Azadlıq Cəbhəsi kimi sol yönümlü partiyalar HƏMAS-ı həm daxili repressiyalarına, həm də cəmiyyətin İslamlaşdırılması istiqamətində atdığı addımlara görə tənqid edirlər. Bu qruplar daha çox sosial ədalət, insan hüquqları və demokratik idarəçilik məsələlərini ön plana çıxarır, HƏMAS və Fəth arasında formalaşmış siyasi monopoliyaya qarşı çıxırlar. Bundan əlavə, HƏMAS-ın Qəzzada həyata avtoritar idarəçiliyə qarşı çıxan bir sıra mülki fəallar, insan hüquqları müdafiəçiləri və qeyri-hökumət təşkilatları da var. Onlar söz və mətbuat azadlığının məhdudlaşdırılması, müxalif səslərin susdurulması və seçkilərin keçirilməməsi kimi məsələlərə görə HƏMAS-ı tənqid edir, daha şəffaf və demokratik idarəçilik tələb edirlər. Bu narazılıqlar, zaman-zaman Qəzzada etirazlara və sosial narahatlıqlara səbəb olmuşdur.

Bu qüvvələr əsasən siyasi, ideoloji və idarəçilik məsələlərində HƏMAS-la fikir ayrılığı yaşayan təşkilatlar və fərdlərdir. Onların başında Fəth hərəkatı və Fələstin Muxtariyyəti gəlir. Fəth hərəkatı uzun illər boyu Fələstin Milli Hərəkatının aparıcı gücü olmuş və hazırda Ramallahda yerləşən Fələstin Muxtariyyətini idarə edir. 2006-cı il parlament seçkilərində HƏMAS qalib gəldikdən sonra Fəth və HƏMAS arasında dərin siyasi böhran yaşanmış, bu isə 2007-ci ildə Qəzzada HƏMAS-ın hərbi yolla nəzarəti tam ələ keçirməsi ilə nəticələnmişdir. Bundan sonra Fəth İordan çayının qərb sahilində hakimiyyətini saxlamış, HƏMAS isə Qəzzada idarəçilik qurmuşdur.

Fəth rəhbərliyi, xüsusilə Mahmud Abbas, HƏMAS-ı radikal siyasət yürütməkdə və diplomatik həll yollarını təhlükəyə atmaqda ittiham edir. Onların fikrincə, HƏMAS-ın silahlı mübarizəyə üstünlük verməsi beynəlxalq arenada Fələstin məsələsinin legitimliyinə zərər vurur və fələstinli xalqı daha böyük təcridə məruz qoyur. Fəth daha çox beynəlxalq hüquq, diplomatiya və sülh danışıqları vasitəsilə nəticə əldə edilməsinin tərəfdarıdır.

Bununla yanaşı, Fələstin daxilində HƏMAS-ın İslamçı ideologiyasına və idarəçilik üslubuna qarşı çıxan sol və müstəqil siyasi qüvvələr də mövcuddur. Fələstin Xalq Azadlıq Cəbhəsi, Fələstin Demokratik Xalq Azadlıq Cəbhəsi kimi sol yönümlü partiyalar HƏMAS-ı həm daxili repressiyalarına, həm də cəmiyyətin İslamlaşdırılması istiqamətində atdığı addımlara görə tənqid edirlər. Bu qruplar daha çox sosial ədalət, insan hüquqları və demokratik idarəçilik məsələlərini ön plana çıxarır, HƏMAS və Fəth arasında formalaşmış siyasi monopoliyaya qarşı çıxırlar.

Bundan əlavə, HƏMAS-ın Qəzzada həyata keçirdiyi avtoritar idarəçiliyə qarşı çıxan bir sıra mülki fəallar, insan hüquqları müdafiəçiləri və qeyri-hökumət təşkilatları da var. Onlar söz və mətbuat azadlığının məhdudlaşdırılması, müxalif səslərin susdurulması və seçkilərin keçirilməməsi kimi məsələlərə görə HƏMAS-ı tənqid edir, daha şəffaf və demokratik idarəçilik tələb edirlər. Bu narazılıqlar, zaman-zaman Qəzzada etirazlara və sosial narahatlıqlara səbəb olmuşdur.

HƏMAS daxilində hərbi və siyasi qanad arasında ziddiyyətlər varmı?
HƏMAS daxilində siyasi və hərbi qanadlar arasında zaman-zaman fikir ayrılığı və funksional ziddiyyətlər müşahidə olunmuşdur. Bu ziddiyyətlər təşkilatın qərarqəbuletmə prosesində, strateji yanaşmalarda və beynəlxalq siyasətlə münasibətlərində özünü büruzə verir. Məsələn, 2006-cı il Fələstin parlament seçkilərində HƏMAS siyasi qanad olaraq seçkiləri qazanaraq hakimiyyətə gəldi. Bu dövrdə beynəlxalq ictimaiyyətin, xüsusilə Qərbin təzyiqlərinə qarşı siyasi rəhbərlik Fəthlə koalisiya qurmağa və müəyyən kompromislərə getməyə çalışdı. Lakin hərbi qanad – İzzəddin əl-Qəssam briqadaları bu yanaşmanı qəbul etmədi və 2007-ci ildə Qəzzada Fəth-in strukturunu silah gücü ilə dağıtdı. Bu, hərbi və siyasi qanadlar arasında koordinasiyanın zəif olduğunu göstərən açıq faktlardan biridir. 2011-ci ildə İsrail əsgəri Gilad Şalit-in azad edilməsi üçün əldə edilən razılaşma da bu gərginliyin başqa bir nümunəsidir. Siyasi rəhbərlik bu razılaşmanı diplomatik uğur kimi təqdim etsə də, hərbi qanad daxilində bəzi komandirlərin bu razılaşmadan narazı qaldığına dair məlumatlar mediaya sızmışdı. Onlar hesab edirdilər ki, bu razılaşma İsrailə qarşı gələcək strateji təzyiq imkanlarının əldən verilməsi anlamına gəlir. 2017-ci ildə HƏMAS siyasi qanadı tərəfindən yeni bir Siyasi Sənəd qəbul edildi. Bu sənəddə təşkilat ilk dəfə olaraq 1967 sərhədləri çərçivəsində Fələstin dövlətinin yaradılmasını qəbul edə biləcəyini və Yəhudi xalqına qarşı düşmən mövqedə olmadığını bildirdi. Bu sənəd beynəlxalq aləmdə HƏMAS-ın daha praqmatik bir xəttə yönəldiyi görüntüsünü yaratdı. Lakin bu mövqe hərbi qanad tərəfindən tənqid edildi və bəziləri bunu ideoloji prinsipiallıqdan geri çəkilmə kimi qiymətləndirdi. Ən konkret və aktual nümunə isə 7 oktyabr 2023-cü ildə həyata keçirilmiş “Əl-Əqsa Tufanı” əməliyyatı ilə bağlıdır. Qərb mənbələrinin və bəzi regional müşahidəçilərin iddialarına görə, bu hücum HƏMAS-ın hərbi qanadı tərəfindən siyasi rəhbərliklə tam koordinasiya edilmədən planlaşdırılmışdır. Xüsusilə Qətərdə yerləşən siyasi rəhbərlik – HƏMAS Siyasi Bürosu – əməliyyatın miqyası və doğura biləcəyi nəticələr barədə əvvəlcədən tam şəkildə məlumatlandırılmamışdır. Bu isə təşkilat daxilində qərarların vahid mərkəzdən deyil, zaman-zaman fraksional şəkildə verildiyini göstərən ciddi bir göstəricidir. Bütün bu faktlar HƏMAS daxilində siyasi və hərbi qanadlar arasında zaman-zaman koordinasiya çatışmazlığı, strateji ziddiyyətlər və ideoloji fərqliliklərin mövcud olduğunu təsdiqləyir. Lakin bu ziddiyyətlərə baxmayaraq, təşkilat hələlik öz daxilində ciddi bir parçalanmanın qarşısını ala bilmiş və mütəşəkkil strukturunu qoruyub saxlamışdır.

Sonda
Bütün bunlar tarixi və siyasi analizlərdən ibarətdir. Lakin unudulmamalıdır ki, bu analizlərin fonunda minlərlə insanın həyatını itirdiyi, on minlərlə insanın yaralandığı və yüz minlərlə insanın yerini dəyişməyə məcbur olduğu acı bir reallıq dayanır. Qəzzada yaşananlar artıq sadəcə bir siyasi böhran deyil, dərin bir insanlıq faciəsidir. Müharibənin fəsadları günahsız mülki insanların üzərinə çökür; körpələr, qadınlar, yaşlılar bu dağıntıların birbaşa hədəfinə çevrilirlər. Belə bir şəraitdə artıq beynəlxalq ictimaiyyətin və bütün insanlığın birgə səylərlə bu faciənin qarşısını almaq üçün ciddi və davamlı addımlar atması zəruridir. Qəzza üçün ədalətli, dayanıqlı və insanı əsas alan bir həll yolunun tapılması, yalnız bölgə xalqları üçün deyil, ümumi bəşəri dəyərlər üçün də həyati əhəmiyyət daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice