Bakı,VOA
Eramızın 2-ci əsrinə aid Misir papirusunun üzərindəki yazıda deyilir ki, tanrıça İsis zamanın əvvəlində bəşəriyyətə bəxşişlər bəxş edərək, kişilərə verdiyi güc və şərəf qədər qadınlara da güc və şərəf verdi. Bu yazılar qədim Misirdəki genderlər arasında sadəcə tarazlığın dəyərini deyil, eyni zamanda Misirdə qadının yüksək statusunu da göstərən faktdır.
Onlar heç vaxt kişilərlə eyni hüquqlara malik olmasalar da, misirli qadın öz adına mülk sahibi ola bilər və ona iqtisadi azadlıq verən peşələrə sahib ola bilərdi. Ailələrinin təhsil haqqını ödəyə bilən qızlar təxminən 7 yaşından başlayaraq oğlanlarla birlikdə təhsil alırdılar və bir çoxları peşəkar karyera qura bilirdilər.
Qadınlar din xadimi kimi xidmət edə, tibblə məşğul ola , biznes idarə edə, iş məqsədləri üçün təkbaşına səyahət edə və daşınmaz əmlak ala və sata bilərdilər. Bununla yanaşı demək olar ki, qızların hamısına anaları tərəfindən yemək bişirmək, təmizlik işləri görmək, tikmək və toxumaq öyrədilmişdi.
Arvad əri ilə müştərək əldə etdiyi hər hansı malın üçdə birini almaq hüququna malik idi və bu malı miras olaraq, istədiyi kişiyə və ya qadına verə bilərdi. Misirli qadınlar məhkəmə sistemində bərabər idilər və şahid, iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərdilər (bu şərtləri bu gün başa düşmək olar). Qadınlar törətdikləri cinayətlərə görə məsuliyət daşıyır və hər bir kişi kimi mühakimə oluna bilərdilər.
Qədim Misirdə kişilərlə qadınlar hər şeydə yox, yalnız qanun qarşısında bərabər idilər. Misir cəmiyyəti patriarxal və iyerarxik idi, lakin buna baxmayaraq, qadınlara demək olar ki, bütün qədim sivilizasiyalardan daha çox haqqlar təklif edirdi. Bu paradiqma ən azı Erkən Dynastika Dövründən (e.ə. 3150-c. 2613) dördüncü əsrə və xristianlığın yüksəlişinə qədər müşahidə edilmişdi .
Qədim Misirdə təhsili
Təxminən 4 yaşına qədər oğlanlar və qızlar analarının himayəsində olurdular. Həmin yaşdan sonra oğlanlar ata sənətini öyrənməyə başlayır və ya ailənin sosial təbəqəsindən asılı olaraq məktəbə göndərilirdilər.
Qızlar da analoji olaraq müəyyən sənətə yönləndirilirdilər. Valideyn övladını məktəbə göndərmək istəməsə (və imkanı çatmasa) qızlar analarının yanında qalırdılar, oğlanlar isə müxtəlif işlərə cəlb olunurdular.
Qədim misirdə dərs fənləri kimi astronomiya, coğrafiya, riyaziyyat, musiqi , tibbi tətbiqlər, din , yazı və bədən tərbiyəsi tədris olunurdu. Qədim Misirdə əhalinin müxtılif təbəqələri ( söhbət imkanlı təbəqədən gedir) bir məktəbdə təhsil ala bilirdilər. Lakin təhsil pulsuz deyildi.
Qədim Misirdə qadınların imkanları, kişilərdə olduğu kimi, cinsiyyətlə heç bir əlaqəsi olmayan sosial təbəqə ilə müəyyən edilirdi.
Əksər qədim sivilizasiyaların, eləcə də bəzi müasir ölkələrin qadınlarından fərqli olaraq, qədim Misir qadınlarının qədim Misir kişiləri ilə qanuna əsasən eyni hüquqlardan istifadə etmələri onların nisbətən yüksək sosial mövqelərinin göstəricisi idi.
Qədim Misir qadınının de-yure hüquqları cinsindən deyil, cəmiyyətdəki sinifindən asılı idi. Maraqlısı isə o idi ki, qullar istisna olmaqla hər kəs fironla görüşmə haqqına sahib idi, lakin bu demək olar ki imkansız idi.
Qanunvericiliyə əsasən qadınlar üçün təhsil almaq imkanı olsa da, bu o demək deyildi ki, hər bir qadın onu əldə edə bilirdi. Qədim Misirdə bir çox qadın öz hüquqlarından belə xəbərsiz idilər.
Misir, ümumiyyətlə, şəhər və kəndin bir-birindən təcrid olunmuş cəmiyyətə sahib idi və xüsusən də kənd yerlərində gənc qız təhsilin belə mümkün olduğunu bilmirdi. Kişilər arasında savadsızlıq qadınlarla müqayisədə daha çox idi.
Evlilik və Ailə
Pul və torpaq sahibi olan evli qadınlar evin idarəçisi kimi tanınırdı və o, işçi qüvvəsinə və uşaqlarına baxan qulluqçulara nəzarət edərdi. Aşağı təbəqədən olan qadınlar birbaşa evin, uşaqların və ərinin (və çox vaxt yaşlı nəslin ailənin) qayğısına qalırdılar. Onun öhdəliklərinə uşaq tərbiyəsi (əgər o, bu məqsədlə bir qul tuta biləcək qədər varlı deyilsə), ev təmizləmək, tikiş tikmək, ev işlərini görmək, ailə üzvlərini yeməklə təmin etmək və evin “kassasını” idarə etmək daxil idi.
Qadınların evdən kənarda mal-qara saxlamaq, tarlalarda fəhlələrə nəzarət etmək (hətta tarla işlərini də özü görmək), alətlərə qulluq etmək, qul və daşınmaz əmlak alqı-satqısı kimi hüquqları var idi.
Zamanına görə bu cür geniş hüquq və vəzifələr Yunanıstan və Roma qadınlarında demək olar ki, yox idi.
Qədim Misirdə ərlərə arvadları ilə yaxşı davranmağı tövsiyə edilirdi, çünki kişi və qadın arasındakı tarazlıq tanrılar və xüsusən də böyük “ilahə” Maat tərəfindən yüksək qiymətləndirildi.
Evlilik ər və arvad arasında ömürlük bərabər tərəfdaşlıq və yoldaşlıq öhdəliyi üçün bağlanmış müqavilə hesab olunurdu ki, bu, yalnız ölümlə pozula bilərdi. (İnanca görə, bu, ayrı-ayrı nikah tərəfdaşlarının deyil, tanrıların iradəsi idi). Lakin bütün bunlara baxmayaraq, Qədim Misirdə boşanma praktikada geniş yayılmışdı.
Qadınlar ərlərinin zorakılığına qarşı qanuni olaraq qorunurdular. Zorakı kişinin günahı sübut olunardısa ona yüz dəyənək zərəbəsi vurulurdu və o arvadı ilə müştərək əldə etdiyi əmlakı itirə bilərdi. Əri vəfat edəndə qadın onun işini miras alıb, istədiyi kimi idarə edə bilərdi.
Peşə və Səyahət
Qəbirlərdə və papiruslarda qadınların müğənni, musiqiçi, rəqqasə, cariyə, qulluqçu, saqi , çörəkçi, toxucu, aşpaz, peşəkar yas saxlayan ( bu gün pul ilə yaslarda mərsiyə deyən) , sədaqətli arvad, ana və qız kimi müxtəlif peşələrdə çalışan qadınları təsvir edilmişdir. Qədim Misirdə qadınlar həm də katiblər, həkimlər, keşişlər, mülk sahibləri və tacirlər idi.
Moda və Aksesuarlar
Qədim Misirdə qadınlar şəxsi görünüşünə, gigiyenasına və baxımına böyük əhəmiyyət verirdilər. Misirli qadınlar (və kişilər) gündə bir neçə dəfə su ilə soda qarışığında çimirdilər (Misirlilərin sabun haqqında heç bir məlumatı yox idi). Xına saçları, dırnaqları və hətta bədəni boyamaq üçün istifadə olunurdu. Dövrün digər mədəniyyətlərindən fərqli olaraq (məsələn, Yunanıstan) qadınlar xoşuna gəlsələr saçlarını qısa kəsdirə bilərdilər və bir çox qadın saçlarını qırxdırıb parik taxırdılar.
Nəticə
Misir cəmiyyətinin bütün səviyyələrində olan qadınlar yaşamaq üçün ərlərindən, ailənin kişisindən asılı olsalar da, o dövrdə dünyanın demək olar ki, hər yerində qadınlardan daha böyük azadlıqlara və hüquqlara malik idilər.
Xristianlığın gəlişinə qədər Misirdə qadınlara yüksək hörmət və kişilərlə bərabər hüquqlar verilməyə davam etdi.
Məqalə VOA xəbər servisi tərəfindən “İslam Ensiklopediyası” və Dünya Ensiklopediyası materialları əsasında hazırlanıb.