Əsas səhifə » Yaxın Şərqdə Problemlərin Kökü – 1

Yaxın Şərqdə Problemlərin Kökü – 1


Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün


Osmanlı imperiyası uzun əsrlər boyu Yaxın Şərqdə sabitliyin qorunmasına töhfə verən güclü bir dövlət idi. Lakin XVI əsrin ikinci yarısından etibarən Osmanlı sarayında devşirmə qadınların siyasi proseslərə müdaxiləsi dövlətin zəifləməsinə təsir göstərməyə başladı. Sarayda hərəmin nüfuzunun artması və Osmanlı sultanlarının Avropaya meyllənməsi, xüsusilə də İtalyan rəssamlarının Osmanlı xanımlarının portretlərini çəkməsi, siyasi və mədəni dəyişikliyin bir göstəricisi idi.
Bu, Osmanlı elitasında İslami dəyərlərin öncüllüyünün zəifləməyə başladığını göstərirdi.
Osmanlı imperiyası zahirən hələ də qüdrətli görünsə də, daxildə çöküşün ilk əlamətləri hiss olunurdu. İmperiyanın dayaqları olan İslam dəyərləri və ənənəvi idarəetmə prinsipləri XVIII əsrdən etibarən ciddi sınaqlarla üzləşdi. Eyni dövrdə Avropa dövlətləri iqtisadi və texnoloji inkişaf yoluna qədəm qoyur, kapitalist iqtisadiyyatını qurur və siyasi sistemlərini təkmilləşdirirdilər.
Bu inkişaf Osmanlının geridə qalmasına və Avropa dövlətlərinin üstünlüyünü təmin etməsinə şərait yaratdı.
Osmanlı dövləti bu zəifləmənin təsirini xüsusilə Rusiya ilə müharibələrdə hiss etdi. XVIII-XIX əsrlərdə Osmanlı-Rus müharibələri imperiyanı tükətdi və ərazilərinin əhəmiyyətli bir hissəsinin itirilməsinə səbəb oldu. Balkanlarda, Şimali Afrikada və Yaxın Şərqdə Osmanlının nüfuzu getdikcə azaldı. Nəhayət, I Dünya Müharibəsindən sonra Osmanlı imperiyası tam süqut etdi və onun yerində bir sıra müstəqil dövlətlər yarandı.

Bu dövrdə Yaxın Şərq Britaniya və Fransa kimi müstəmləkəçi güclərin təsiri altına düşdü. Sykes-Picot müqaviləsi (1916) regionun süni sərhədlərlə bölünməsinə səbəb oldu və etnik-dini qarşıdurmaları dərinləşdirdi. II Dünya Müharibəsindən sonra isə bölgədə ABŞ-ın təsiri artmağa başladı. Yeni yaranan ərəb dövlətləri İsrailin qurulması ilə (1948) regionda davamlı münaqişələrin başlanğıc nöqtəsinə çevrildi.
İsrail müasir hərb sənəti və Qərb dövlətlərinin dəstəyi sayəsində güclü hərbi sistem formalaşdırdı. Digər tərəfdən, sənaye potensialı zəif olan, döyüş təcrübəsi az, siyasi baxışları arasında bölünmüş ərəb dövlətləri İsrailə qarşı bir neçə dəfə müharibəyə başlasa da, uğur qazana bilmədilər. 1967-ci ildə baş verən Altı Günlük Müharibə ərəb dövlətlərinin İsrailə qarşı acizliyini bir daha ortaya qoydu və Fələstin torpaqlarının böyük hissəsi İsrailin nəzarətinə keçdi.
Bu məğlubiyyətlər fonunda Fələstində silahlı müqavimət hərəkatları yarandı. Əvvəlcə bu hərəkatlar əsasən solçu və sosialist ideologiya əsasında fəaliyyət göstərirdilər. Bunun əsas səbəbi SSRİ-nin bölgədə təsirinin olması idi. Məsələn, Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat İxvan-ı Müslimin mənşəli olsa da, siyasi şərtlər onu sosialist düşüncələrə yaxınlaşdırdı. Fələstin müqaviməti ABŞ-SSRİ qarşıdurmasından istifadə etməyə çalışdı və bu çərçivədə bir sıra ərəb dövlətləri – Misir, Suriya, Liviya və İraq SSRİ-nin dəstəyi ilə inkişaf etdilər.
1973-cü il Yom Kippur müharibəsində ərəb dövlətləri ilk dəfə İsraillə döyüşdə müəyyən uğurlar əldə etdilər, xüsusilə Misir ordusu Süveyş kanalını keçərək İsrail qüvvələrinə ağır zərbə vurdu. Lakin ABŞ-ın birbaşa müdaxiləsi İsrailin məğlubiyyətini önlədi. Bu dövrdə Türkiyə Yaxın Şərq proseslərinə aktiv şəkildə müdaxilə etmirdi. NATO üzvü olan Türkiyə ərəb ölkələri ilə məsafəli münasibətlər saxlayır, Suriya və İraqla isə müxtəlif problemlər yaşayırdı.
1979-cu ildə İranda baş verən inqilab isə Yaxın Şərqdə yeni bir dönəmin başlanğıcı oldu. İran inqilabı Fələstin müqavimətinin və Livandakı Hizbullah hərəkatının ideoloji formalaşmasına təsir etdi. Fələstin Azadlıq Təşkilatının tərkibində fəaliyyət göstərən bəzi qruplar ayrılaraq, İxvan-ı Müslimin Fələstin qolunun əsasında HƏMAS-ı qurdular. Bu təşkilat mübarizəni islami əsaslara uyğun şəkildə aparmağa başladı. Hizbullahın fəallaşması ilə isə İran proseslərə birbaşa daxil oldu.
Türkiyənin Yaxın Şərq siyasətində daha aktiv rol oynamağa başlaması isə 2002-ci ildən sonra, AKP hökuməti dövrünə təsadüf edir. Lakin bu müdaxilə əsasən siyasi xarakter daşıyır və hələ də ciddi hərbi və strateji təsirə malik deyil.
Yaxın Şərqdəki problemlərin dərin kökləri var və bu problemlərin həlli üçün yalnız hərbi və siyasi güc yetərli deyil. Tarixi, dini, etnik və ideoloji fərqlərin idarə olunması, bölgədə uzunmüddətli sabitliyin formalaşması üçün əsas şərtdir.

Digər Kateqoriyalar

2025 © Azervoice