Əsas səhifə » İsrailin Daxili Təhlükəsizlik Xidmətinin Araşdırması: 7 Oktyabr Hadisələrinin Qarşısı Alına Bilərdi

İsrailin Daxili Təhlükəsizlik Xidmətinin Araşdırması: 7 Oktyabr Hadisələrinin Qarşısı Alına Bilərdi

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrailin Daxili Təhlükəsizlik Xidməti "Şin Bet" (Shin Bet) 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın hücumu öncəsi baş verən uğursuzluqlar haqqında araşdırma nəticələrini açıqlayıb. Araşdırma nəticələrinə görə, təşkilat daxilində ciddi səhvlər olub, lakin əsasən İsrail ordusu ilə səlahiyyət bölgüsünün qeyri-müəyyənliyi, hökumətin Qəzza ilə bağlı illərlə tətbiq etdiyi müdafiə siyasəti və təhlükəsizlik xidmətinin HƏMAS tipli düşmənlə mübarizəyə uyğun olmaması uğursuzluqların əsas səbəbləri kimi göstərilib.

Araşdırmanın detallarını "Times of Israel" qəzeti yayımlayıb.

Araşdırma Nəticələri və Təqsir Bölgüsü

"Şin Bet" bildirir ki, daha geniş araşdırma aparılmasına ehtiyac var. Bu, İsrail Baş naziri Benqamin Netanyahunun rədd etdiyi hökumət səviyyəli istintaq komissiyasına işarə ola bilər.

Bəzi nəticələr gizli saxlanılır, çünki onların açıqlanması kəşfiyyat alətləri və metodlarını ifşa edə bilər.

Araşdırma "Şin Bet"in HƏMAS-ın böyük miqyaslı hücumunu vaxtında aşkar edə bilmədiyini ortaya qoyub. Xidmət 6 oktyabr gecəsi bəzi xəbərdarlıq siqnalları alsa da, İsrail təhlükəsizlik strukturlarında buna adekvat reaksiya verilməyib.

Müəyyən sayda "Şin Bet" və İsrail polisinin elitar zabitləri hücumdan öncə Qəzza sərhədinə yerləşdirilsə də, onlar HƏMAS-ın böyük hücumunun qarşısını almağa qadir olmayıblar.

Uğursuzluğun Əsas Səbəbləri

Araşdırma İsrail təhlükəsizlik orqanlarının peşəkarlığı və idarəetmə problemləri ilə bağlı ciddi nöqsanlar aşkarlayıb.

"Şin Bet" rəsmiləri bildiriblər ki, təşkilati uğursuzluqlar hərtərəfli araşdırılıb və lazımi dərslər çıxarılmaqdadır.

Buna baxmayaraq, xidmətdən verilən açıqlamaya görə, HƏMAS-ın təhlükəsi heç vaxt kiçildilməyib, əksinə, onun yaratdığı təhdid hər zaman ciddiyə alınıb.

Xəbərdarlıq Edilməməsinin Səbəbləri

  • HƏMAS-ın "Əriha Divarları" adlı hərbi planı İsrail ordusunun əlinə keçsə də, bu məlumat illərlə düzgün analiz edilməyib və praktik təlimlərə çevrilməyib.
  • İsrail ordusu ilə "Şin Bet" arasında kəşfiyyat xəbərdarlığı vermək səlahiyyətinin kimdə olması ilə bağlı aydın bölgü olmayıb.
  • "Şin Bet" əsasən terror hücumlarının qarşısını almağa fokuslanıb və onun üsulları HƏMAS kimi hərbi gücə çevrilmiş düşmənə qarşı effektiv olmayıb.
  • 6-7 oktyabr gecəsi kəşfiyyat məlumatlarının analizində və bölüşdürülməsində ciddi problemlər yaşanıb.
  • İsrail təhlükəsizlik orqanları HƏMAS-ın əsas məqsədinin Qərb Sahilində (İordan çayının qərb sahili) gərginliyi artırmaq olduğunu düşünüb, Qəzzada genişmiqyaslı hücuma hazırlaşdığına inanmamışdı.
  • Qəzza sərhədindəki təhlükəsizlik maneələrinin HƏMAS-a qarşı yetərli olduğu düşünülmüşdü.
  • HƏMAS-ın real niyyətləri ciddi şəkildə araşdırılmamış və sorğulanmamışdı.
  • İsrail kəşfiyyatının məlumat əldə etmə imkanları məhdud idi və "Şin Bet"in Qəzzada sərbəst hərəkət etməsi çətin idi.

HƏMAS-ın Güclənməsinin Səbəbləri

Araşdırma HƏMAS-ın 7 oktyabr hücumuna qədər necə güclənə bildiyini də izah edir:

  • İsrailin illərlə Qəzzada sakitlik siyasəti yeritməsi, HƏMAS-ın güc toplamasına imkan yaratmışdı.
  • Qəzzaya külli miqdarda pul axını olmuş və bu vəsaitlərin bir hissəsi HƏMAS-ın hərbi qanadına yönləndirilmişdi.
  • İsrailin çəkindirici gücü tədricən zəifləyirdi.
  • İsrailin əsas strategiyası müdafiə tədbirlərinə və kəşfiyyata əsaslanırdı, hücumçu təşəbbüslər isə az idi.
  • HƏMAS-ın hücuma keçməsinə təkan verən faktorlar arasında İsrailin Əl-Əqsa məscidindəki addımları, fələstinli məhbuslara qarşı sərt münasibəti və İsrail cəmiyyətindəki daxili zəifliklərin olması göstərilib.

"Şin Bet" Rəhbərinin Etirafı

"Şin Bet"in rəhbəri Ronin Bar, 7 oktyabr hadisələrinin qarşısının alınmadığını qəbul edərək bildirib ki:

"Bu faciəni önləyə bilmədik. Mən təşkilatın rəhbəri olaraq bu ağır məsuliyyəti ömrüm boyu çiyinlərimdə daşıyacağam."

O vurğulayıb ki, əgər "Şin Bet" keçmiş illərdə və 7 oktyabr gecəsində daha fərqli hərəkət etsəydi, qətliamın qarşısı alına bilərdi.

"Bu, özümüzdən gözlədiyimiz və ictimaiyyətin bizdən gözlədiyi standartlara uyğun deyil."

Ronin Bar əlavə edib ki, əsl araşdırma üçün daha genişmiqyaslı istintaqa ehtiyac var və bu proses yalnız "Şin Bet"in deyil, bütün İsrail təhlükəsizlik və siyasi sistemlərinin əlaqələrini də əhatə etməlidir.

"Təhlükəsizlik sahəsində köklü islahatlar aparmaq lazımdır. Biz təşkilat daxilində genişmiqyaslı analizlər və islahatlar həyata keçiririk. Lakin bu proses təkcə bizdən asılı deyil, siyasi və təhlükəsizlik sistemlərinin əməkdaşlığı lazımdır. Əks halda, bu cür uğursuzluqlar gələcəkdə təkrarlana bilər."

Son olaraq, Bar vurğulayıb ki, "Şin Bet" təşkilatı 7 oktyabr hadisələri öncəsi dövrlə müqayisədə daha güclü və peşəkar hala gətiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice