BAKI,AzerVoice
Bu il Ramazan ayı Qəzzada əvvəlki illərdən tamamilə fərqli atmosferdə qarşılanır. İnsanlar bu mübarək aya dərin hüzn və itkilərlə girirlər. Minlərlə insanın ibadət etdiyi məscidlər dağıdılıb, xatirələrlə dolu küçələr, evlər yerlə-yeksan edilib. Ramazanın sevinci bu il bir kabusa çevrilib; çünki məcburi köçkünlər dağıntılar içində qalan evlərinə qayıtdıqda orada heç nə tapmadılar. Onlar bu müqəddəs ayı adi şəraitdə deyil, soyuq və dar çadırlarda qarşılamağa məcbur qaldılar.
Məscidlərsiz Ramazan
Ramazan ayında Qəzza sakinləri üçün məscidlər xüsusi yer tutur. Müsəlmanlar burada təravih namazlarını qılar, gecə ibadətlərini edər və son on gününü ibadət və itaətlə keçirərdilər. Lakin son müharibədə Qəzzadakı 1200 məsciddən 1000-ə yaxını işğalçı qüvvələr tərəfindən dağıdılıb. Bu, təkcə ibadət yerlərinin deyil, insanların mənəvi dəyərlərinin və Ramazana olan bağlarının da məhv edilməsi deməkdir.
Qəzzalı Əmir Hüseyni üçün Ramazan həmişə məscidlə bağlı olub. 46
yaşlı Hüseyni deyir:
"Əmri məscidi mənim üçün Ramazanın simvolu idi. Mənim ən
sevdiyim ibadət yerim idi. İndi onu itirmişəm, nə edəcəyimi
bilmirəm. Artıq məscidlərin minarələrindən azan səsi eşidilmir. Bu,
mənim üçün təkcə dini yox, həm də ruhani bir
məhrumiyyətdir.”
Eynilə, Amcad Abdul Hadi üçün də Ramazan əvvəlki kimi deyil. Onun ibadət etdiyi Xalidi məscidi tamamilə dağıdılıb. O, Ramazanın son on günündə bu məsciddə etiqaf edirdi. İndi isə, o, bunu evində etməyə məcburdur. Amma deyir ki, evdə ibadət etmək məsciddəki mənəvi atmosferi heç vaxt əvəz edə bilməz.
İftar Süfrəsində Boş Qalan Yerlər
Ramazan ailələrin bir araya gəldiyi, birlik və bərəkət ayıdır. Lakin bu il Qəzzada iftar süfrələri həsrətlə doludur. 67 yaşlı Süad əl-Aşi üçün bu Ramazan ən ağrılı aylardan biridir. O, dörd oğlunu və yeddi nəvəsini müharibədə itirib.
"Hər il Ramazanda bütün övladlarım və nəvələrim iftarda bir araya gələrdi. Amma indi bu necə mümkün olsun? Dörd övladım şəhid oldu, yeddi nəvəm isə mənə ömür boyu unutmayacağım bir həsrət buraxıb getdi.”
Bu itkilər onun üçün Ramazanı bir sevinc deyil, bıçaq kimi kəsən bir acı halına gətirib. O, ən çox böyük oğlu Məhəmmədi xatırlayır. Oğlu iftar süfrəsində mütləq bir qab humus olmasını istəyirdi. Anası hər il bu istəyi yerinə yetirirdi. İndi isə, bu ənənənin artıq mənası qalmayıb.
Ramazanın Simvolu: Fənərlər və Zərif Ümidlər
Müharibənin gətirdiyi dağıntılara baxmayaraq, bəzi qəzzalılar Ramazan ruhunu yaşatmaq üçün kiçik səylər göstərirlər. 29 yaşlı Zinə Əbu Seydu evinin eyvanını Ramazan fənərləri ilə bəzəyib. O, deyir ki, bu, onun üçün kiçik də olsa, bir ümid işığıdır.
"Fənərlər sadəcə bir bəzək deyil. Onlar bizim üçün Ramazanın bir hissəsi idi, bayramın gəlişini bildirirdi. Onları asmaq, həyatın davam etdiyini hiss etdirmək üçündür. Bəlkə də hər şey dəyişib, amma biz Ramazanımızı yaddaşımızdan silməməliyik."
Bəzi uşaqlar hələ də Ramazan fənərlərinə sevinirlər. Amma bu il həmin fənərlər əvvəlki kimi küçələri işıqlandırmır, çünki çox yerlər artıq yerində deyil.
Qəzzanın ən qədim Ramazan adətlərindən biri də "mesaharati", yəni səhər yeməyi üçün insanları oyandıran təbilçilərdir. Onların səsi hər Ramazan gecəsində Qəzzanın küçələrində eşidilərdi. Lakin bu il bu səs susub.
49 yaşlı Əbu Adil əl-Hisi artıq 20 ildir ki, Ramazanda Qəzzada
"mesaharati" kimi fəaliyyət göstərirdi. Lakin bu il o, artıq bu
ənənəni davam etdirə bilmir. O deyir:
"Mən hər il səhərlər insanları adları ilə çağırıb oyadırdım.
Amma bu il bir çox adlar artıq yoxdur. Mən onları necə səsləndirim?
Onların evlərinin dağıntıları arasında gəzmək mənim üçün inanılmaz
dərəcədə ağrılıdır."
Bu il Ramazan Qəzzada əvvəlki illərə bənzəmir. Dağıntılar, yox olan ailələr, minarəsiz qalan məscidlər və yetim qalan uşaqlar… Ramazanın sevinci bu il yerini hüzünə verib. Amma bütün bu məğlubiyyətlərə baxmayaraq, insanlar hələ də Ramazanın ruhunu yaşatmaq üçün kiçik də olsa, səylər göstərirlər. Sanki hər bir fənər, hər bir dua onlara "biz hələ də varıq" mesajını verir.
Ramazan bu il Qəzzada kül rəngində gəldi. Amma insanlar hələ də fənərləri asaraq, dua edərək, bu külün altından yeni bir həyat doğacağına ümid edirlər.