BAKI,AzerVoice
Amerikanın "The New York Times" qəzeti xəbər verir ki, Fələstin Hərəkatı "HƏMAS"ın Xarici Əlaqələr Ofisinin rəhbəri Musa Əbu Mərzuq telefonla verdiyi müsahibədə, əgər 2023-cü il 7 oktyabrda İsrailə edilən hücumun Qəzzədə bu qədər dağıntıya səbəb olacağını bilsəydi, onu dəstəkləməyəcəyini bildirib. O, həmçinin "HƏMAS" daxilində Qəzzədəki silahların gələcəyi ilə bağlı danışıqlara müəyyən hazırlığın olduğunu qeyd edib.
Lakin "HƏMAS" yayımladığı bəyanatda Əbu Mərzuqun açıqlamalarını rədd edərək, müqavimət silahını qanuni hesab etdiyini və işğal davam etdiyi müddətcə bu məsələnin müzakirəyə açıq olmadığını vurğulayıb. Hərəkat bildirib ki, Əbu Mərzuqun fikirləri təşkilatın rəsmi mövqeyini əks etdirmir.
Qəzet qeyd edib ki, "HƏMAS" rəhbərləri aylarla 7 oktyabr hücumunu müdafiə ediblər, baxmayaraq ki, bu, Qəzzədə on minlərlə fələstinlinin ölümünə səbəb olan dağıdıcı İsrail hücumuna səbəb olub. Hərəkat İsrailə qarşı qələbə elan edib və bəziləri gələcəkdə də oxşar hücumların həyata keçiriləcəyini bildirib.
Buna baxmayaraq, Musa Əbu Mərzuq hücumun həm humanitar böhran yaratdığını, həm də təxminən iki milyon insanın köçkün düşməsi və ərzaqla səhiyyə xidmətlərinin çatışmazlığına səbəb olduğunu vurğulayaraq, bu hücuma açıq şəkildə etirazını ifadə edib. O, hücumun nəticələrinin əvvəlcədən bilinsəydi, belə bir əməliyyatın həyata keçirilməyəcəyini qeyd edib.
Əbu Mərzuq, hücumun konkret planlarından xəbərsiz olduğunu, lakin digər siyasi liderlərlə birlikdə İsrailə qarşı hərbi hücum strategiyasını dəstəklədiyini bildirib. O, "əgər baş verənlər gözlənilirdiysə, 7 oktyabr hücumu baş verməzdi" deyib.
O, həmçinin "HƏMAS" daxilində Qəzzədəki silahların taleyi ilə bağlı danışıqlara açıq olduqlarını, lakin bu məsələnin digər təşkilat üzvləri tərəfindən mübahisəli qarşılandığını bildirib.
Qəzet, digər "HƏMAS" liderlərinin Əbu Mərzuqun fikirlərini
bölüşüb-bölüşmədiyinin və ya bu açıqlamaların İsraillə danışıqlara
təsir etmək məqsədi daşıyıb-daşımadığının qeyri-müəyyən olduğunu
qeyd edib.
Əbu Mərzuqun açıqlamaları 2006-cı ildə İsrail ilə "Hizbullah"
arasında baş verən müharibədən sonra "Hizbullah" lideri Həsən
Nəsrullahın etiraflarını xatırladır. Nəsrullah həmin vaxt İsrailin
sərt cavabının gözlənilmədiyini demişdi.
Əbu Mərzuq "HƏMAS"ın müharibədə məhv olmamasını "bir növ qələbə" adlandırıb və təşkilatı boks çempionu Mayk Taysonla döyüşən adi bir adama bənzədib: "Əgər təcrübəsiz biri Taysonun zərbələrindən sağ çıxsa, insanlar onu qalib sayar". Lakin o, İsrailin Qəzzədəki genişmiqyaslı dağıntıları fonunda qələbə iddiasını "qəbuledilməz" adlandırıb.
Əbu Mərzuq eyni zamanda, "HƏMAS"ın Qəzzədəki silahlarının beynəlxalq nəzarət altında saxlanılması, tunel və raket sistemlərinin yenidən qurulmaması, silahlı döyüşçülərin cəlb edilməsinin dayandırılması kimi məsələlərin də müzakirə mövzusu ola biləcəyini istisna etməyib.
O bildirib ki, "HƏMAS" eyni vaxtda bütün girovların azad edilməsi müqabilində İsrailin minlərlə fələstinli məhbusu azad etməyə, müharibəni dayandırmağa və Qəzzədən geri çəkilməyə razı olması halında "ümumi razılığa" hazırdır.
Müsahibədən sonra "HƏMAS" rəsmi bəyanat yayaraq Əbu Mərzuqun fikirlərini rədd edib, müqavimət silahını qanuni hüquq hesab etdiyini və bu mövzuda müzakirənin mümkün olmadığını təkrarlayıb. Hərəkatın sözçüsü Hazım Qasım, İsrailin təcavüzkar siyasətini Qəzzədəki dağıntının əsas səbəbi kimi göstərib və Əbu Mərzuqa aid edilən fikirlərin hərəkatın mövqeyini əks etdirmədiyini bildirib.
Qasım əlavə edib ki, "müqavimət Fələstin xalqının qanuni haqqı olaraq qalacaq və 7 oktyabr hadisəsi işğal altındakı xalqların mübarizə tarixində dönüş nöqtəsi olacaq".
Digər tərəfdən, "HƏMAS"ın rus agentliyi "Sputnik"ə danışan mənbə bildirib ki, "HƏMAS" işğal davam etdiyi müddətcə mübarizəni dayandırmayacaq. Eyni zamanda, Əbu Mərzuqun açıqlamalarının tam dəqiq olmadığı, hərəkat daxilində 7 oktyabr məsələsində ortaq prinsiplərin mövcud olduğu vurğulanıb. Silah mövzusunun isə "müzakirə mövzusu olmadığı" bir daha qeyd edilib.