BAKI,AzerVoice
Hums qərb əyalətində, Livan sərhədinə yaxın yerləşən Quseyr
şəhərinin Haavik kəndində, Haurani vadisinin ən yüksək təpəsində,
tərk edilmiş qaranlıq anbarların içində Suriya sabiq sərhəd
təhlükəsizlik qüvvələri onlarla gizli fabrik aşkarlayıb. Bu
müəssisələr narkotiklər, Captagon (kapsul şəklində olan və
həvəsləndirici maddə olaraq istifadə edilən bir növ narkotik)
həbləri, həşiş və saxta dollar istehsal edərək qonşu ölkələrə və
daha uzaqlara qaçaqmalçılıq yolu ilə göndərilmək üçün
qurulmuşdu.
Suriya, xüsusilə son illərdə, Yaxın Şərqdə narkotik istehsalı və
ticarətində mərkəzlərdən birinə çevrilmişdi Bu, əsasən Captagon
istehsalının artması ilə bağlıdır.
Suriya, keçmiş prezident Bəşşər Əsədin hakimiyyəti dövründə,
Captagon istehsalında dünyada ən böyük mərkəzlərdən birinə
çevrilmişdi. Bəzi mənbələrə görə, Suriya qlobal Captagon
istehsalının təxminən 80%-ni təşkil edirdi. Bu narkotik maddə,
xüsusilə Yaxın Şərqdə geniş yayılmışdır və yüksək tələbat var.
Suriya, əsasən Livan, İordaniya və İraq kimi qonşu ölkələrə
narkotik ixrac edirdi.
Livanın Bəəlbək vilayətinə baxan bu sərhəd bölgəsi uzun müddət
Hizbullahnın nəzarəti altında olub. Lakin qrupun bölgədən
çıxarılmasından sonra buradakı qanunsuz strukturlar Suriya
təhlükəsizlik qüvvələri tərəfindən uğurla zərərsizləşdirilib. Eyni
zamanda, Livan ordusu bu əraziyə nəzarəti ələ alaraq təhlükəsizliyi
təmin etməyə müvəffəq olub.
Suriya-Livan sərhədinə yüzlərlə metr məsafədə yerləşən, dağlıq və tərk edilmiş Haavik kəndində aparılan axtarış zamanı təhlükəsizlik qüvvələri gizli narkotik laboratoriyası aşkarlayıb. Yüksək bir təpədə, yan yoldan çətinliklə görünən bu laboratoriyada narkotik istehsalı üçün böyük anbarlar və müasir avadanlıqlar tapılıb. Həmin anbarlarda Captagon həblərinin istehsalında istifadə olunan xammal saxlanılan iri mavi çənlər, habelə kilidli plastik qutular və taxta qutular içində həşiş maddəsi aşkar edilib.
Hums sərhəd təhlükəsizlik idarəsinin rəisi, mayor Nadim Mədxənə bildirib ki, bölgəni tərk etməzdən əvvəl Livan Hizbullahı və əvvəlki rejim bu sərhəd keçidlərini narkotik ticarəti və qanunsuz maddələrin istehsal mərkəzinə çevirmişdi. Bundan əlavə, onlar bu ərazidən silah və saxta pulların qaçaqmalçılığı üçün də istifadə edirdilər.
Bu həftə Suriya hərbi əməliyyatlar komandanlığı genişmiqyaslı təmizləmə əməliyyatı həyata keçirib. Əməliyyatlar Livan sərhədinə yaxın Haavik, Cirmaş, Haurani vadisi, Akum və Hənna vadisini əhatə edib. Suriya qüvvələri bu müddət ərzində Hizbullahın silahlıları, devrilmiş rejimə sadiq qüvvələr və narkotik-silah tacirləri ilə qarşıdurmaya girib. Nəticədə bütün sərhəd zolağı nəzarət altına alınıb.
Bu əməliyyat çərçivəsində Haavik, Cirmaş və Hit kəndlərinə xüsusi basqınlar təşkil edilib. Bu bölgələr, narkotik qaçaqmalçılığının əsas mərkəzlərindən biri hesab olunurdu. Sərhəd təhlükəsizlik idarəsinin rəisi Nadim Mədxənə bildirib ki, təhlükəsizlik qüvvələri 15 narkotik istehsalı laboratoriyası və saxta pul çapı üçün xüsusi mətbəə aşkar edib.
"Qaçaqmalçılar tərəfindən daşınan böyük həcmdə silah, narkotik maddələr və xammal müsadirə edilib. Bu ərazilər bu cinayətkar qrupların iqtisadi həyat damarı rolunu oynayırdı"-deyə o bildirib.
Suriya və Livan arasında 330 kilometr uzunluğunda sərhəd mövcuddur. Bu sərhədin böyük bir hissəsi rəsmi olaraq müəyyən edilməyib və əsasən vadilər və hündür dağlardan ibarətdir. Bu coğrafi şərait narkotik və silah qaçaqmalçılarının sərhədi asanlıqla keçməsinə imkan yaradırdı.
Saxta dollar istehsalı və Əsəd və Hizbullahən narkotik imperiyası
Üçüncü bir anbarda, Hizbullah üzvləri böyük bir saxlama məntəqəsini ABŞ dollarının saxtalaşdırılması üçün xüsusi bir mətbəəyə çeviriblər. Burada 100 dollarlıq əskinasların saxta versiyalarını hazırlamaq üçün yüksək texnologiyalı çap avadanlıqları, üçölçülü təsvirlər, UV (ultrabənövşəyi) yoxlama cihazları, ofset çap maşınları və müxtəlif rəng çənlərindən istifadə olunurdu.
Son on ildə, xüsusilə devrilmiş prezident Bəşər Əsədin
hakimiyyəti dövründə, Suriya Yaxın Şərqin ən böyük Captagon
istehsalçısına və ixracatçısına çevrilib. Beynəlxalq hesabatlara
görə, Əsəd hakimiyyəti illərində ölkə artıq
"narkodövlət" adlandırılır.
Bölgədəki başqa bir anbarda, yüksək dağlıq ərazidə, sıx ağaclar və
əkin sahələri ilə əhatə olunmuş gizli məkanda, təhlükəsizlik
qüvvələrinin bir üzvü xüsusi qurğulardan birini açaraq içindən
dairəvi formalı Captagon həbləri çıxarıb.
Müsadirə edilən Captagon həbləri, üstünə ikiqat aypara loqosu və ya "Lexus" sözü yazılmış möhürlü torbalara yığılmışdı – bu işarələr Captagon həblərinin ticarət nişanı kimi tanınır. Həşiş isə orta ölçülü taxta qutularda və plastik qablaşdırmalarda saxlanılırdı. Xüsusi istehsal olunan həşiş isə qırmızı əlcək formalı paketlərdə bükülərək fərqləndirilirdi.
Bölgə sakinlərinin sözlərinə görə, bu narkotik zavodlarının
yerləşdiyi ərazilərə mülki şəxslərin yaxınlaşması qəti qadağan
edilmişdi. Haavik kəndinin sakini, 55 yaşlı Əhməd əs-Səəb bildirib
ki, bölgədə geniş şəkildə yayılan Suriya kəşfiyyat qüvvələri və
Hizbullah silahlıları mülki vətəndaşların bu ərazilərə daxil
olmasına icazə vermirdi.
“Biz fabriklərin olduğunu eşidirdik, lakin içəridə nə baş verdiyini
bilmirdik. Çünki yaxınlaşmaq qadağan idi. Hətta müəmmalı, pis
qoxular gəlirdi və biz bundan narahat olurduq"-deyə o bildirib.
Təhlükəsizlik qüvvələri əməliyyat zamanı müşahidə kameraları və Livan ərazisi ilə birbaşa əlaqəsi olan gizli rabitə xətləri də aşkarlayıb. Sərhəd təhlükəsizlik idarəsinin rəisi, mayor Nadim Mədxənə, əməliyyatların yalnız Livan sərhədinə yaxın Suriya kəndlərində aparıldığını qeyd edib. O bildirib ki, ilk dəfə 14 ildən sonra Livan ordusu bu bölgədə nəzarəti bərpa etməyə başlayıb. Əməliyyatlar zamanı Hizbullah üzvləri və narkotik tacirləri ilə şiddətli qarşıdurmalar yaşanıb.
Əməliyyat zamanı bəzi Livan qəbilə ailələrinin də bu qaçaqmalçılıqda iştirak etdiyini sübut edən sənədlər tapılıb.
Təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu sərhəd bölgələri Suriya rejiminin süqutundan sonra qaçan əsgərlərin Livana keçməsi üçün marşrut kimi istifadə olunub. Xüsusilə, Captagon kralı Mahir Əsədə tabe olan 4-cü diviziyanın üzvləri bu yollarla Livana qaçırılmışdır. Həmçinin, əldə edilən kəşfiyyat məlumatlarına görə, bu rejim qalıqlarının bir qismi Livan ərazisindən hərbi əməliyyatlarda iştirak edərək Suriyaya hücumlar təşkil edib. Bu qruplar Hizbullahla uzunmüddətli Captagon ticarətinə əsaslanan birgə əməkdaşlığa malikdirlər.
Bölgə sakinlərindən Fatimə əl-Xalid, ailəsi və qonşularının Hizbullahın nəzarəti altında 10 ildən çox müddət ərzində qorxu və təhlükə içində yaşadığını bildirib:
"Biz rahatlıq və təhlükəsizliyi unudaraq yaşadıq. Hİzbullahın nəzarəti altına düşəndən bəri çox şeydən məhrum olduq. Çox çətin günlər keçirdik. Şükürlər olsun ki, onların süqutundan sonra vəziyyət dəyişdi"-deyə o bildirib.