BAKI,AzerVoice
Həkim Şükrullah Muhəmməd ibn Mahmud ibn Muhəmməd Dilşad
Şirvani yaşadığı dövrdə Osmanlı imperatorluğunda tanınmış
həkimlərindən biri, həmçinin ərəb filologiyası, təfsir və hədis
kimi dini elmlərdə də mütəxəssis idi.
Müəllifi olduğu‚Risalətüs-Sultaniyyə və Kəmaliyyətüt-Tibb adlı
əsərlərdə onun adı ‚Şükrullah Muhəmməd ibn Mahmud Dilşad kimi qeyd
olunmuşdur. Bu qeydlərə istinadən onun, yuxarıda haqqında bəhs
etdiyimiz, Mahmud ibn Muhəmməd Dilşad Şirvaninin oğlu olduğunu
söyləmək olar. Pərviz Şahmərasi və digər bəzi müəlliflər onunla
atasını eyni şəxs zənn edərək, adlarını aşağıda sadalayacağımız,
tibbə dair əsərləri Mahmud ibn Muhəmməd Dilşada aid etmişdirlər.
Bəzən də atasına aid olan əsər oğluna aid edilmişdir.
Həkim Şükrüllah Şirvani həm də istedadlı şair idi. O, farsca
‚Nəxlistan adlı mənzumə qələmə almışdı. Bu əsər Sədi Şirazinin
‚Gülüstanı tərzində yazılmışdı. Nəxlistanın yeganə nüsxəsi
İstanbul Millət kitabxanasında saxlanılır.
Həkim Şükrullah Şirvani Osmanlı sultanı Fateh II Mehmedin
(1451-1481) şəxsi həkimlərindən biri olmuş, qısa müddətdə onun
yaxın adamlarından birinə çevrilmişdi. Həcc ziyarətinə getmiş və
İstanbula qayıdarkən bir müddət Misirdə qalmışdı. Burada Şəmsəddin
Səxavi (öl. 1497) kimi Misirin tanınmış mühəddislərindən hədis
dərsləri almışdı.
Həmçinin Fateh II Mehmedin müəllimi mövlana Şəmsəddin Əhməd ibn
İsmayıl Güranidən (öl. 1488) də İstanbulda hədis dərsləri almışdı.
Hədis elminə dair icazətini (diplom) mövlana
Şəmsəddin Əhməd Güranidən almışdı.
Həkim Şükrullah Şirvani müxtəlif elm sahələrinə aid bir sıra
əsərin müəllifidir. Bunlardan riyaziyyata dair Fütuhat
fil-Cifr, tibbə dair ‚Risalətüs-Sultaniyyə fit- Tibb,Risalə
fil-Qulunc vəl-İxtibas ‚Lətaifül-Cəlilə, Rəvzətül-İtr
fit-Tibb‚Müxtəsəri-Tibb,İxtiyarati-Bədii, Mürşid fit-Tibb-I
sadalaya bilərik.
Onun tibb sahəsində qələmə aldığı bir digər əsəri də ‚əl-İlyasiyyə
fit-Tibb adlanır. Daha çox ‚Kamalnamə adı ilə tanınan, tibbə dair
‚Kəmaliyyətüt-Tibb adlı türkcə qələmə alınmış əsərinin bir nüsxəsi
Bosniya-Hersoqovinanın paytaxtı Sarayevodakı qazi
Xosrov bəy kitabxanasında qorunur.
Həmin əsərin iki əlyazma nüsxəsi İstanbul Universiteti
Cərrahpaşa tibb fakultəsinin kitabxanasında saxlanılır.
Alim farsca qələmə aldığı ‚Riyazül-Ülum adlı əsərini Osmanlı
sultanı II Bayəzidə (1481-1512) ithaf etmişdir. Şükrullah
Şirvaninin Quran elmlərinə dair qələmə aldığı ‚Miftahün-Nəcat adlı
ərəbcə əsərin Türkiyədəki yeganə nüsxəsi Çorum şəhəri Həsən paşa
kitabxanasında saxlanılır. Alim tibbə dair əsərlərinin çoxunu
türkcə qələmə almışdı. Həkim Şükrullah Şirvani fəzilət sahibi,
saleh insan idi.
H. 912-ci ildə (1506) İstanbulda vəfat etmişdi.
Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …