BAKI,AzerVoice
Misir və İordaniya fələstinlilərin Qəzza zolağından köçürülməsinə qəti şəkildə qarşı çıxdıqdan sonra, Donald Trampın girovlarla bağlı xüsusi müşaviri Adam Bohler bu mövzunu yenidən gündəmə gətirdi. O, Misir və İordaniyadan "Qəzza xalqının köçürülməsi təklifinə" alternativ bir həll təklif etmələrini istəyib.
Ekspertlər bunu "təxribat, vaxt qazanmaq cəhdi və Amerika-İsrail baxışını qəbul etdirmək" kimi qiymətləndirib. Onların fikrincə, Trampın müşavirinin "alternativ təklif" istəməsi, Fələstin məsələsinin həlli üçün məsuliyyəti ərəb dövlətlərinin üzərinə atmaq deməkdir.
Bohler çərşənbə günü İsrailin “12-ci kanal”ına verdiyi müsahibədə bildirib ki, əgər Misir və İordaniya Qəzzadan olan fələstinli qaçqınları qəbul etmək istəmirsə, “onlar daha yaxşı olacağına inandıqları alternativ bir həll təklif etməlidirlər.” O əlavə edib: “Əminəm ki, prezident Tramp bunu dinləyəcək, o həmişə müxtəlif həll yollarına açıqdır, amma onlar real olmalıdır.”
Ötən şənbə axşamı ABŞ-ın keçmiş prezidenti bəyan edib ki, İsrailin hərbi hücumu nəticəsində ağır humanitar vəziyyətin yarandığı və on minlərlə insanın həlak olduğu Qəzzadan daha çox fələstinlinin Misir və İordaniyaya qəbul edilməsi vacibdir. Trampdan bunun müvəqqəti, yoxsa uzunmüddətli bir təklif olub-olmadığı soruşulanda, o cavab verib: “Bu da ola bilər, o da.”
Vaşinqtondakı Corc Taun Universitetinin beynəlxalq münasibətlər
üzrə professoru Edmund Ğrieb bildirib ki, “Bohlerin bəyanatı
Trampın yayınma və mövzunu dolayısıyla dəyişdirmə taktikalarının
bir hissəsidir. O, təklifinin ərəb, beynəlxalq və hətta Amerika
səviyyəsində geniş qınaqla qarşılandığını gördükdə, nümayəndəsini
Yaxın Şərqə göndərdi ki, bu sözləri desin. Bu, Trampın danışıqlar
taktikasına xas olan bir yanaşmadır. O, istədiyini həyata keçirmək
üçün həm vaxt, həm də mövqe qazanmağa çalışır. Tramp güc və fakt
yaratma siyasəti ilə hər şeyi diktə edə biləcəyinə inanırdı, lakin
təklifinə beynəlxalq ictimaiyyətin bu qədər sərt müqavimət
göstərəcəyini düşünmürdü. Onun fikrini yalnız İsraildəki radikal
sağçılar dəstəkləyib”-deyə Ğrieb əlavə edib.
Misir prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü “məcburi
köçürülmə təklifini” qəti şəkildə rədd etdiyini bəyan
edib. O bildirib ki, “Fələstin xalqının köçürülməsi bir
zülmdür və Misir bu haqsızlığın iştirakçısı olmayacaq. Çünki
Misirin bu məsələdə tarixi və sabit mövqeyi var.”
Eyni zamanda, İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi
bazar günü vurğulayıb ki, “İordaniya iordaniyalılar
üçündür, Fələstin isə fələstinlilərindir. Biz məcburi köçürülməni
rədd edirik və bu mövqeyimiz dəyişməzdir.”
Bundan əlavə, Qərb və Avropadan da bu təklifə qarşı genişmiqyaslı
etiraz bəyanatları verilib.
Qahirə Universitetinin siyasi elmlər üzrə professoru Nurhan əş-Şeyx
“Aş-Şərq əl-Avsat” qəzetinə açıqlamasında bildirib ki,
“Trampın müşavirinin bəyanatı olduqca təxribat
xarakterlidir və fələstinlilərin hüquqi statusu və tarixi haqlarını
görməzdən gəlməyə cəhddir. Alternativ həll illərdir mövcuddur və bu
da ‘İki dövlətli həll’dir. Oslo Sazişi və digər razılaşmalar da
məhz bu prinsip əsasında imzalanıb.”
Nurhan əş-Şeyx əlavə edib ki, “Tramp administrasiyası
baxışlarını zorla qəbul etdirməyə çalışır. Halbuki ABŞ-ın
onillərdir açıq və sabit olan mövqeyi ‘İki dövlətli həllə’ sadiq
qalmaqdır. Lakin Tramp bu mövqedən yayınmaq, sanki belə bir həll
variantı heç mövcud deyilmiş kimi davranmaq istəyir. O,
administrasiyasının baxışlarını – İsrailin istənilən şəkildə həyata
keçirmək istədiyi ‘Əsrin Sazişi’ni və məcburi köçürülmə planını –
yeganə həll yolu kimi təqdim etməyə çalışır.”
Oslo Sazişi İsrail və Fələstin Azadlıq Təşkilatı
(FAT) arasında imzalanmış ilk rəsmi razılaşmadır. O,
onillərlə davam edən qarşıdurma və münaqişəyə son qoymağı
və hər iki tərəfin qanuni hüquqlarının qarşılıqlı tanınmasını
nəzərdə tutur. Razılaşmada Fələstin Muxtariyyətinin
quruluşu, müvəqqəti özünüidarə hökumətinin yaradılması və digər
məsələlərlə bağlı maddələr yer alır.
İki dövlətli həllə zəmin yaradan bu saziş 1993-cü ilin
sentyabr ayında Vaşinqtondakı Ağ Evin bağçasında imzalanıb və rəsmi
olaraq ‘Fələstin-İsrail Prinsiplər Bəyannaməsi – Oslo’
adlandırılıb.
İordaniyada yerləşən “Qüds Siyasi Araşdırmalar
Mərkəzinin” direktoru Arib ər-Rantavi
bildirib ki, “Bohlerin açıqlaması təxribat xarakterlidir.
Sanki məcburi köçürülmə qaçılmazdır və Misir, İordaniya və ABŞ
arasındakı mübahisə yalnız bu köçürülmənin haraya yönləndiriləcəyi
ilə bağlıdır.”
“Tramp və administrasiyası unudur ki, Misir, İordaniya və
fələstinlilər artıq açıq şəkildə bəyan ediblər: Qəzza,
qəzzalıların, Fələstin isə fələstinlilərin vətənidir və onların
başqa vətəni yoxdur. Tramp məcburi köçürülmə təklifindən əl
çəkməlidir. Əgər alternativ həll yolu axtarırsa, qoy İsrailin işğal
etdiyi torpaqlardan qovulan fələstinliləri geri qaytarsın. Yaxud,
hazırda ABŞ-da miqrantları təqib edərkən, fələstinlilərin Misir və
İordaniyaya köçürülməsini istəmək əvəzinə, özü onları qəbul
etsin.”-deyə ər-Rantavi, “Aş-Şərq əl-Avsat” qəzetinə
verdiyi açıqlamada deyib.
Keçən həftə Ağ Ev qeyri-qanuni miqrantların
ABŞ-dan deportasiyasını sürətləndirmək üçün xüsusi uçuşlar
təşkil etdiyini elan edib. Bu, Trampın yeni prezidentlik
dövrünün ilk günlərində sərhəd təhlükəsizliyi və
"qeyri-qanuni miqrasiyaya qarşı mübarizə"
vədlərini yerinə yetirməyə başladığını göstərir.
Digər tərəfdən, Misir Senatının üzvü və siyasi ekspert Abdülmünim Səid, Trampın müşavirinin açıqlamasını belə şərh edib: “Bu, Misir prezidentinin çərşənbə günü dediklərinə cavabdır. Prezident bildirib ki, ABŞ sülh prosesində əsas rol oynamalıdır və həll yolu məcburi köçürülmə deyil, məhz budur. Tramp da buna qarşılıq olaraq alternativ həll təklif edilməsini istəyir.”
Səid əlavə edib: “Həmişə vurğulayıram ki, biz öz məsələlərimizi özümüz həll etməliyik və ümumi bəyanatlardan uzaq, real həll layihələri təqdim etməliyik. İki dövlətli həll haqqında danışmaq kifayət deyil. Əsas suallar bunlardır: İsrail dövləti Fələstin dövlətinin yanında necə yaşayacaq? Fələstin dövlətində 14 silahlı qrup olacaqmı? Həll praktik və real olmalı, istədiyimiz vəziyyəti formalaşdırmalı və beynəlxalq ictimaiyyəti bu baxışa inandırmalıyıq. Daim beynəlxalq hüquqa və qanunçuluğa istinad edirik, lakin bu, məsələnin həllinə gətirib çıxarmayıb. Tramp məsələni ərəb dövlətlərinin üzərinə atdı və onlardan onun təklifindən daha yaxşı bir həll yolu təqdim etmələrini istədi. Biz də real və effektiv bir həll təqdim etməliyik.”