Əsas səhifə » Misir fələstinlilərin zorla köçürülməsində iştirak edə bilməz

Misir fələstinlilərin zorla köçürülməsində iştirak edə bilməz

BAKI,AzerVoice

Misir Prezidenti Əbdülfəttah Əl-Sisi bildirib ki, Qəzza sakinlərinin zorla köçürülməsi “ədalətsizlikdir və Qahirə bu prosesdə iştirak edə bilməz”. Onun bu açıqlaması ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Misir və İordaniyaya köçürülməsi planını irəli sürməsindən sonra edilib.

Əl-Sisi Qahirədə Keniya Prezidenti Uilyam Ruto ilə keçirdiyi mətbuat konfransında deyib: “Fələstin xalqının torpağından deportasiya edilməsi və köçürülməsi ədalətsizlikdir və biz bu prosesdə iştirak edə bilmərik.”

O əlavə edib ki, Misirin Fələstin məsələsi ilə bağlı tarixi mövqeyi “heç vaxt güzəştə gedilə bilməz”. Əl-Sisi vurğulayıb ki, Misir “Fələstin dövlətinin yaradılmasını dəstəkləyir” “iki dövlətli həllə əsaslanan sülhün əldə edilməsi üçün Prezident Tramp ilə işləməyə qərarlıdır”.

“Biz inanırıq ki, Prezident Tramp Yaxın Şərqdə ədalətli və daimi sülhün bərqərar olması üçün uzun müddətdir gözlənilən bu məqsədə nail ola bilər.”-deyə əl-Sisi bildirib.

Yanvarın 19-da İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə mindikdən sonra Tramp Qəzza Zolağını “təmizləmə” planını irəli sürüb və bazar ertəsi bu fikrini yenidən təkrarlayaraq fələstinlilərin Misir və ya İordaniya kimi “daha təhlükəsiz” yerlərə köçməli olduğunu bildirib.

Tramp bazar ertəsi jurnalistlərə açıqlamasında Əl-Sisinin “bəzi” qəzzalılara ev sahibliyi edəcəyinə ümid etdiyini bildirib və Biz onlara çox kömək etdik və əminəm ki, o da bizə kömək edər.”-deyib.

“Dedikləri kimi, bu, çətin bir bölgədir, amma düşünürəm ki, o bunu edər və İordaniya kralı da bunu edər.”-deyə Tramp bildirib.

İordaniya da bu ideyanı rədd edərək bildirib ki : “İordaniya iordaniyalılarındır, Fələstin isə fələstinlilərindir.”

İsrail-HƏMAS müharibəsi başladığı 2023-cü ilin oktyabr ayından bəri hər iki ölkə fələstinlilərin Qəzzadan qonşu Misirə və ya İordan çayının qərb sahilindən İordaniyaya köçürülməsi planlarına qarşı xəbərdarlıq edib.

Əl-Sisi dəfələrlə vurğulayıb ki, belə bir köç “Fələstin dövlətçiliyi məsələsini tamamilə aradan qaldırar.”

Misir ABŞ-ın əsas ərəb müttəfiqlərindən biridir və bu həftə Trampın xarici yardımlara tətbiq etdiyi dondurmadan İsraildən başqa istisna edilən yeganə ölkə olub.

Digər Kateqoriyalar

2025 © Azervoice