Əsas səhifə » Suriyanı qurtaran Qəzza

Suriyanı qurtaran Qəzza

Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Qəzzada atəşkəsin imzalanması və əsirlərin dəyişdirilməsi çox önəmli bir hadisə oldu. Hər halda silahların susması və insanların bombardmanlardan xilas olması (həmişəlik olmasa da) olduqca vacib idi. Qəzzada baş verənlər dinindən, dilindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin sülhsevər insanlarını narahat edir. Çünki ölənlərin əksəriyyəti uşaqlar, qadınlar və mülki şəxslər idi. Amma Qəzza bu atəşkəsə uzun bir yol gəldi. Maraqlısı odur ki, gəldiyi yolda Suriyanı Əsəd deyilən caninin rejimindən də qurtardı. Sual yarana bilər ki, necə yəni? İndi izah edəcəm, Allahın izni ilə.

Bizim bəzi dostlarımız hesab edir ki, dünyada gedən proseslər ancaq soyuq rasionallıqla izah edilə bilər. Lakin inanclı bir təhlilçi, xüsusilə tarixin gedişinə baxırsa görür ki, bəzən elə fors-majorlar olur ki, həmin fors-majorlar böyük oyunçuların və aktorların planlarını, illərlə hazırladıqları konfiqurasiyaları belə dəyişə bilir. Bu arada Quranın aşağıdakı ayəsi yada düşür: “Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə azsaylı dəstələr Allahın izni ilə çoxsaylı dəstələrə qalib gəlmişdir!” Allah səbr edənlərlədir.” Ola bilər ki, kimsə düşünə bilər ki, bu necə olur ki? Tarixdə buna n qədər misallar vardır.

Düzgün koordinasiya, məqsədyönlülük və yaxşı idarəçilik nəticəsində (heç mən müsəlman ordularını deyil, tam əksinə digərlərini misal gətirəcəm) azsaylı ordular çoxsaylı ordulara qalib gəlibdir. Kösə Dağ müharibəsində 40 minlik moğol ordusu 80 minlik Səlcuqlu ordusunu məğlub etmişdir. Rusiya Cənubi Qafqazı işğal edərkən demək olar ki, bütün döyüşlərdə onun qüvvələri Qacar ordusunun qüvvələrindən az olubdur. Bu isə onu deməyə əsas verir ki, intizam, koordinasiya, ən başlıcası isə psixoloji davamlılıq çox önəmlidir.

Bəli, psixoloji davamlılıq. Burada yenə də bir misal verəcəm və onu da bir daha müsəlman xalqlarının tarixindən deyil, Sovet tarixindən verəcəm. Faşistlərə qarşı dirənən Leninqrad. Bu misalları çoxalda bilərəm. İndi bəs nə oldu?

Məlumdur ki, Fələstin torpaqları 70 ildir bu ərazilərlə bağı olmayan, 2000 il öncə bölgəni məhz Qərbin zülmü, yəni Romanın zülmü nəticəsində tərk etmiş, yenə məhz Qərbdə zülmə, xolokosta uğramış olan kolonistlər tərəfindən işğal edilir. Dünyanın imperialist dairələri isə öz maraqlarına uyğun bir şəkildə buna göz yumurlar. Bir də Osmanlının çöküşü nəinki Yaxın Şərqə, eləcə də Balkanlara zülm, göz yaşı gətirdi.

Nə isə, Qəzzanın psixoloji dayanıqlılığı və dirənişi böyük oyunçuları bir sıra taktiki addımları yenidən baxmağa vadar etdi. Bunlardan biri də Suriya ilə bağlı idi. Əslində, Suriyada hamını qane edən bir status-kvo vardı. İran Əsədə dəstək verməklə, bölgədə şiə qruplarla təmsil edilməklə orada idi. Rusiya Suriyada Əsədə dəstək verirdi və hərbi bazalarla bölgədə var idi. Amerika PKK-PYD qüvvələrinə dəstək verməklə və öz qoşunları ilə vardı. Türkiyə də SMO-nun və digər Türkiyə meyilli qüvvələrin nəzarət etdiyi ərazilərdə var idi. Hamı bu piroqdan öz payını almışdı. Lakin bu oyunçuların bu status-kvo ilə razı olması ola bilər ki, İsrailin maraqlarına uyğun deyildi.

Eyni zamanda, yerli oyunçulardan PKK-PYD-nin. Bir tərəfdən də Qəzzada bir müharibə gedirdi və bu müharibə əslində beynəlxalq hüquqi sistemin böhranını dərinləşdirirdi.

Dünya nizamları ancaq dəhşətli təlatümlərdən sonra dəyişir. Misal verim. ABŞ Yaponiyaya atom bombası atdı. Bununla da, dünyanın o zamankı yeni beynəlxalq sistemini müəyyən etdi. Ayar mənəm dedi. Bəli, dünya iqtisadiyyatı mənim pulumla dövr edəcəkdir. Hərçənd ki, Federal Ehtiyatlar Rezervinin özü tam da ABŞ dövləti sayılmaz. Amma ən azından dünyada ABŞ-ı təmsil edir. Lakin Xirosima və Naqasakidə dünyasını dəyişmiş olan yüz minlərlə insan bu düzəni görmədi.

Qəzzada baş verənlər dərinləşdikcə dünya düzəni hüquqi, siyasi böhrana girməyə başladı. Onun nəzərdə tutulmayan istiqamətdə gedişatı daha sonra proseslərin nəzarətdən çıxmasına gətirib çıxara bilərdi. Məhz buna görə Əsədin getməsinə qərar verildi.

Bölgədə yeni geosiyasi situasiya yarandı. Bu situasiya Suriya xalqının başında dayanan Əsəd zülmünün bitməsi ilə nəticələndi. Əsəd zülmünün bitməsi yeni situasiyanın yaranmasına gətirib çıxardı.

Artıq qlobal qaz layihələri və digər layihələrin işləyib qorunması lazımdır. Bunu da qoruyacaq yerli oyunçular lazımdır. Misal üçün Türkiyə. Türkiyəyə bu gün iqtisadi güc olduqca lazımdır. Çünki daxilində ciddi iqtisadi problemlər və maliyyə ehtiyacı vardır. Qətər qazının Suriya üzərindən və Türkiyədən keçib Avropaya getməsi Türkiyənin maliyyə imkanlarını artırar. Bura digər layihələri də əlavə etmək olar. Bunun müqabilində Türkiyə bölgədə və müsəlman ölkələri arasında nüfuzundan istifadə edərək əmin-amanlığın təmin edilməsinə çalışmalıdır. Hər bir halda əmin-amanlıq təmin edilməli, bu nizamsızlıqdan üstündür.

Bu arada xüsusi bir məqamı da qeyd edim. Fələstin müqaviməti ideoloji istiqamətlərindən asılı olmayaraq dünyada hələ ayaqda qalan yeganə hərbiləşmiş anti-imperialist hərəkatdır. Digər bütün hərəkatlar, digər bölgələrdə nəzərdə tuturam, bu mahiyyəti itiribdir. Bir sıra hallarda məzhəbçi, lokal xarakter daşıyırlar. Məhz bu xüsusiyyəti ona qarşı bir də dünya ictimaiyyətində maraq yaranmasına səbəb olur. Heç bir sadə avropalı Əfqanıstanda, Şimali Qafqazda, hətta Türküstanda olan hadisələrə anti-imperialist hərəkat kimi baxmadı, tam əksinə, radikal və qorxduğu dini cərəyanlar kimi baxdı. Bu paltar dünya media nəhəngləri nə qədər çalışsa da Fələstin müqavimətinə geydirilə bilmədi. Bax belə.

Digər Kateqoriyalar

2025 © Azervoice