Əsas səhifə » Nə üçün Tramp Misirə olunan yardımları dondurmadı…

Nə üçün Tramp Misirə olunan yardımları dondurmadı…

BAKI,AzerVoice

ABŞ Dövlət Departamenti dünya üzrə demək olar ki, bütün yardım proqramlarına yeni maliyyələşdirməni dondurma qərarı verdi. Ancaq bu qərar, Misir və İsrailə şamil edilmədi.

ABŞ mediasına görə, bu qərar - dünyanın hər yerindəki ABŞ səfirliklərinə göndərilən teleqramla elan olunub. Belə ki, hökumət yeni xərcləmələrini qadağan edir. Bu, proqramların yalnız hazırda mövcud olan vəsaitlərdən istifadə etməklə fəaliyyət göstərməsinə imkan verir.
Dövlət Departamenti minlərlə yardım və inkişaf proqramının hansılarının davam etdirilə biləcəyini müəyyən etmək üçün nəzərdən keçirmə aparacaq. Bu qərar, ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan yardımın dondurulması əmrinə əsaslanır.

ABŞ-ın Respublikaçılar Partiyasının üzvü Tom Harb, bu qərarın şübhəsiz ki, ABŞ-ın himayəsi ilə Misir və İsrail arasında imzalanan sülh müqaviləsi ilə əlaqəli olduğunu bildirib. O, əlavə edib ki, «hazırkı mərhələdə bu qərarın xüsusi əhəmiyyəti var, xüsusən də Qəzza müharibəsi və Qırmızı dənizdə gəmiçilik üçün Husi təhlükələri ilə bağlı Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti nəzərə alınarsa ABŞ-ın bu qərarı təqdirəlayiqdir. Bütün bunlar, Misir və İsrailin yardımların dayandırılmasından istisna edilməsində rol oynayır, çünki Vaşinqton onların regionda təhlükəsizliyi təmin etmək baxımından qarşılıqlı əhəmiyyətini anlayır».

Vaşinqtondakı Amerika-Yaxın Şərq Demokratiya Alyansının direktoru Tom Harb, əlavə edib ki, «ABŞ administrasiyası həmçinin Misirdəki iqtisadi böhranı və bu yardımlara olan ehtiyacı nəzərə alıb. Xüsusilə də Misir, bölgədəki qeyri-sabit vəziyyət və Süveyş kanalında gəmiçiliyin zərər görməsi səbəbindən böyük maliyyə itkiləri ilə üzləşib».


ABŞ-ın Misirə yardımları: Tarix və hazırkı vəziyyət

Misirə ABŞ yardımları, 1979-cu ildə Misir-İsrail sülh müqaviləsinin imzalanmasından sonra hər il müəyyən edilən sabit bir məbləğdir. Həmin dövrdə ABŞ Prezidenti Cimmi Karter, Misirə və İsrailə hər il iqtisadi və hərbi yardım təqdim edəcəyini elan etmişdi. 1982-ci ildən etibarən bu yardımlar qrant şəklinə çevrildi: İsrail üçün illik 3 milyard dollar, Misir üçün isə 2,1 milyard dollar, bunun 815 milyon dolları iqtisadi yardım (son illərdə xeyli azalıb) və 1,3 milyard dolları hərbi yardımdır. (ABŞ dollarının hazırkı məzənnəsi Misir banklarında 50,24 funtdur).

Bu yardımların ümumi həcmi, sülh müqaviləsinin imzalanmasından bu yana, təxminən 80 milyard dollara çatır. ABŞ-ın Misirə yardımları, ölkənin Avropa Birliyi, Yaponiya və digər ölkələrdən aldığı ümumi beynəlxalq yardım və qrantların 57 faizini təşkil edir. Bununla belə, bu yardım Misirin ümumi milli gəlirinin yalnız 2 faizini təşkil edir.

Vaşinqtonda yaşayan Amerika məsələləri üzrə ekspert Məhəmməd Əl-Sutohi, Misirə yardımların davam etdirilməsi qərarının İsrail ilə sülh müqaviləsi və mövcud vəziyyətin həssaslığı ilə əlaqəli olduğunu vurğulayıb. O bildirib ki, «Əgər İsrailə yardım edilib, Misirə edilməsəydi, bu vəziyyət çox həssas bir durum yarada bilərdi. Bu qərar, ABŞ tərəfindən hərtərəfli araşdırma və strategiyaya əsaslanaraq qəbul edilib və yalnız prezidentin fərdi qərarı deyil».

«Qərarın başqa bir hissəsi, hazırkı Misir mövqeyinə ABŞ-ın verdiyi qiymətlə bağlıdır. Xüsusən də Qəzza hadisələri və atəşkəs razılaşmasının, eləcə də onunla bağlı tənzimləmələrin pozulması ehtimalından doğan narahatlıq nəzərə alınır»-deyə o bildirib.Üçüncü amil, Əl-Sutohinin fikrincə, «ümumiyyətlə, Respublikaçıların Misir rejiminə hər zaman müsbət yanaşmaları ilə bağlıdır. Vaşinqton və Qahirə arasındakı münasibətlərdə gərginliklər adətən yalnız Demokratlar hakimiyyətdə olduğu dövrlərdə baş verir, çünki onlar məsələləri əsasən insan haqları məsələləri ilə əlaqələndirirlər».

Qeyd etmək lazımdır ki, 2024-cü ilin sentyabrında, keçmiş Demokrat ABŞ Prezidenti Co Baydenin dövründə, Vaşinqton ilk dəfə olaraq Misirə hərbi yardımı tam şəkildə təmin etmək qərarına gəldi və bunu insan haqları sahəsində irəliləyiş şərtinə bağlamadı. ABŞ Dövlət Departamenti həmin vaxt bu qərarı «ABŞ-ın milli təhlükəsizlik maraqları naminə» qəbul etdiyini açıqladı.
2021-ci ildə Bayden administrasiyası Misirdə insan haqları məsələlərinə görə 130 milyon dollarlıq yardımı dayandırdı və 200 milyon dollarlıq hərbi yardımı təmin etdi. 2022-ci ildə Vaşinqton yenə də 130 milyon dolları dondurdu, lakin 75 milyon dollarlıq hərbi yardımın sərbəst buraxılmasına icazə verdi. Bundan əlavə, Qahirə terrorizmə qarşı mübarizə və sərhəd təhlükəsizliyi ilə bağlı qanuni istisnaya əsaslanaraq əlavə 95 milyon dollar aldı.
Bayden administrasiyası 2023-cü ilin sentyabrında Misirə insan haqları ilə bağlı məhdudiyyətlərdən imtina edərək 235 milyon dollarlıq yardım ayırmaq qərarına gəldiyini açıqladı. Bu qərar, ABŞ-ın təhlükəsizlik baxımından əldə edəcəyi üstünlüklərlə əsaslandırıldı.

Digər Kateqoriyalar

2025 © Azervoice