Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Cəmiyyət müxtəlif təbəqələrdən – varlıdan, kasıbdan, güclüdən, zəifdən, qocadan, cavandan və sairədən ibarətdir. Bu fərqli təbəqələrin bir araya gəlib özlərini rahat hiss etdiyi ortaq məkan və bağ “sosial sement” adlandırıla bilər. Sosial sement, fərqlilikləri bir araya gətirən, onları bir-birini tamamlamasına kömək edən və bir millət olaraq bizi birləşdirən bağdır.
Tarixin müxtəlif dövrlərində bu sosial bağların mahiyyəti dəyişmişdir. Məsələn, bir zamanlar torpaqlarımız işğal altında idi və bu torpaqların azad edilməsi cəmiyyəti birləşdirən əsas bağ olmuşdu. Müxtəlif təbəqələrdən əqidəli insanlar bu ümumi məqsəd ətrafında birləşirdilər. Burada xüsusilə əqidəli insanlara diqqət yetirmək lazımdır.
Əqidəli insan, gündəlik həyatını heyvanlardan fərqli olaraq mənəvi ölçülərə əsaslanaraq qurur. İnsanı heyvandan fərqləndirən əsas xüsusiyyət onun ölçülü ola bilməsidir. İnsan hər gördüyünü və hər istədiyi şeyi istənilən zaman edə bilməz. O, addımlarını düzgün zamanda, düzgün məkanda və düzgün şəraitdə atmalıdır. Bu səbəbdən insan, yeməkdən tutmuş, masa yoldaşı seçiminə qədər hər şeydə ölçüyə önəm verir.
İnsanın həyatında ailə əhəmiyyətli yer tutur, lakin bütün həyat yalnız ailəyə həsr edilə bilməz. Hər şeyin müəyyən ölçüdə olması gözəldir. Burada Quranın bir ayəsi xatırlanır: Allah hər şeyi bir ölçü ilə yaratmışdır.
Bu baxımdan sosial sementin nə olduğunu düşünməliyik. Sosial sement, cəmiyyətin müxtəlif təbəqələrini bir arada saxlayan elə bir bağ olmalıdır ki, burada kasıb varlıdan, zəif güclüdən dəstək ala bilsin; yetim isə arxalıdan sevgi görsün. Bəs bu necə mümkündür? Bu, yalnız varlının kasıba minnətsiz şəkildə dəstək olduğu, güclünün zəifi əzib keçmədiyi, əksinə, ona sahib çıxdığı halda mümkündür.
Bu bağın ən güclü ifadəsi dindir. Sağlam bir din anlayışı, cəmiyyətdəki müxtəlif sosial qruplar arasında birləşdirici rol oynayır. Din insanları ülvi dəyərlər və Allahın razılığı ətrafında toplayaraq, kasıbları varlılarla, güclüləri zəiflərlə düşmən etmir, əksinə, onları bir-birinə yaxınlaşdırır.
Din cəmiyyətləri həmçinin toplumsal depressiyadan qoruya bilir. Məsələn, mənim 10 yaşımda yaşadığım 20 Yanvar faciəsini xatırlayıram. O dövrdə oxunan Quran, din xadimlərinin birləşdirici rolu və insanların bir-birlərinə başsağlığı verməsi cəmiyyətin bu ağır travmanı yüngülləşdirməsinə yardım etdi. Həmin günlərdə “şəhidlik” anlayışını tanıdıq və onun təsəlli verici mahiyyəti ilə sakitləşə bildik.
Cəmiyyətimizin sağlamlaşması üçün sağlam din anlayışına əsaslanan dəyərlərin gücləndirilməsi vacibdir. Əks təqdirdə, bütün bağlar zəif və dayanıqsız olacaq. Sosial mühəndisliklə məşğul olanlara bu amilləri nəzərə almağı tövsiyə edirəm.