Əsas səhifə » Dövlət şüuru

Dövlət şüuru

Bakı, AzerVoice/ArabAz

Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

Son günlər ölkəmiz bir faciə yaşadı. Bu faciənin itkiləri hamımızı incitdi, amma hər müsibətin içərisindən ümidlər də doğar. Necə ki, bir zaman Xocalı faciəsi millətimizi sarsıtmışdı. Lakin onun içindən ümid doğmuşdu ki, bir gün gələcək və biz intiqam alacağıq. Son təyyarə qəzasında bir millətin köksündə daim ümidin yaşaması öz vəzifəsini qəhrəmancasına yerinə yetirərək dünyasını dəyişən Hökümə xanımın sözlərində özünü göstərdi: “Hər şey yaxşı olacaqdır”. Bir də faciələr millətlərin millətləşməsini gücləndirə bilər. Ümumiyyətlə, millətin əsas xüsusiyyətlərindən biri də bəla və müsibət hallarında həmrəylik və həmhallılıq göstərə bilməsidir. Çətin zamanlar güclü insanlar doğurur, deyə bir həqiqət vardır. Bununla belə, faciələrdən yenə də Allahın mərhəmətinə sığınırıq.

Dostlarım deyir ki, yazıların qısa olur, bəzən ortada kəsilir. Onların da dediklərini nəzərə alaraq bəlkə bir az uzun oldu bu yazı. Bu yazımı “Dövlət şüuru” adlandırdım. Öncəki yazılarımda yazmışdım ki, bir xalqın dövləti varsa, həqiqətən böyük bir nemət içindədir. Bu, real həyatda bilirsinizmi nəyə bənzəyir? Öz şəxsi evində yaşayan ailə ilə kirayədə qalan ailənin fərqinə. Birinci hər nə qədər kasıb olsa da, varlı olsa da, davamlı sığınacağı, mərhəmini qoruyacağı, içərisində özünün qərar verə biləcəyi bir evə malikdir. İkincisi isə nə qədər varlı olsa belə, onun üçün çətindir. Daimi sığınacaq yeri yoxdur. Ev sahibləri ilə münasibətləri aqibətinə təsir edir. Buna görə zənn edirəm ki, Azərbaycan dövlətinin varlığı hər birimizin öz evində yaşaması anlamını ifadə edir. Yenə öncələr yazmışdım ki, dövlət hələ ki, insanlığın ortaya çıxardığı ən mühüm siyasi təsisatdır. Doğrudur, bu gün qloballistlər dövlətləri ortadan qaldırıb dövlətüstü transmilli idarəçilik qurmaq istəyirlər ki, insanlar arasında dil və rəng fərqlərini silib vahid insan əmələ gətirsinlər. Ancaq dillərimiz və rənglərimiz Allahın ayətlərindəndir. Bu reallığın dəyişdirilməsi dünyanın tarixində insanlığın sonu ola bilər.

Bir də bu arada. Yenə öncələr yazmışdım ki, biz Qafqazlıyıq, Turan ailəsindənik, Ümmətdənik. İndi bu məsələləri bir qədər də təkmilləşdirmək istəyirəm. Bir bina düşünün, onun blokları var və mənzilləri vardır. Bina mənim üçün ümməti təmsil edir. Bloklar dil ailələrini, mənzillər dövlətləri. Cəmaləddin Əfqaninin bir yaxşı fikri vardı: Millətinin hisslərini, dəyərlərini qoruya bilməyən ümmət üçün hərəkətə keçə bilməz. Doğrudan da elədir. Öz ailəsinin qeyrətini çəkməyən digər insanların qeyrətinin dərdini çəkməz ki. İndi dönək binaya. Bir binada yaşayanlar üçün binanın da, blokların da, mənzillərin də salamatlığı önəmlidir. Mənzillər bərbad olarsa, bloklar bərbad olar. Bloklar bərbad olarsa, binalar bərbad olarlar. Bizi məhz belə məhv etmək istədilər. Dünyaya təsir edən dövlətlərimizi – Osmanlını, Qacar imperiyasını, Baburları ortadan götürdülər. Sonra ümmət binasının blokları olan ərəb ailəsini, türk ailəsini, Qafqaz ailəsini fəsada uğratdılar. Daha sonra imperializm bizim sərvətlərimizə sahib oldu, mədəniyyətimizi çökdürməyə cəhd etdi. Amma Allahın lütfü ilə biz 1918-20-ci illərdə dövlətə sahib olmaqla dövlət şüurunun dirilməsini yaşadıq. Sonra yenə işğal. 1991-ci ildən yenə müstəqilik. Bu gün dövlətimiz vardır. Dövlətin varlığı bizim kimliyimizi şəkilləndirir. Biz imperializmin birbaşa müdaxiləsi ilə üsyanlar, iğtişaşların yaşandığı müsəlman dövlətlərində bir şeyi görürük. Onlar daha da zəifləyirlər. Dövlət simalarını itirirlər. Ona görə dövləti qorumaq lazımdır. Bu əsas qaydadır. Dövlətin daha da güclənməsi, bürokratik aparatda çatışmazlıqların düzəlməsi üçün isə dövlətin varlığına təhlükə törətmək deyil, millətin millət olaraq mənəvi, fiziki, əqidəvi inkişafına töhfə vermək lazımdır.

Tarix onu deməyə əsas verir ki, ideallar, məqsədyönlülük, məsuliyyət hissinin güclü olması, disiplin kiçik xalqları belə dünyanın hakiminə çevirə bilibdir. Böyük İsgəndər kiçik Makedoniyadan yola çıxıb Hindistana vardı. Çingiz xan – sevsək də, sevməsək də – monqol bozqırlarından çıxıb dünyaya hakim oldu. Ona görə ilk görüləcək olan iş millətə düzgün ideallar verməkdir. Bunu təbliğ etməkdir. Daha sonra məqsədyönlü insan və şəxsiyyətlər yetişdirməkdir. Onlara məsuliyyət hissini aşı etməkdir. Nəhayətində ən əsası, disiplinli olmaqdır.

Hələ ki, bu…

Digər Kateqoriyalar

2025 © Azervoice