Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Dövlətin ailəyə bənzərliyi çoxdur, xüsusilə də onun təməlində, idarə olunmasında və quruluşunda. Ailə, əksər hallarda, məhəbbətlə qurulur. İdeallarla, arzularla və hisslərlə. İki insan bir-birini sevərək ailə qurur. Ailə qurmağa aparan yolda romantika və duyğular var. Bu, gözəl və normal haldır.
Sonradan ailə yaranır və burada da duyğu böyük əhəmiyyət kəsb edir. Duyğu ailə üzvlərini bir-birinə bağlayır, ailənin ruhunu qoruyur. Lakin ailənin idarə olunması yalnız hisslərə və duyğulara əsaslana bilməz. Hər bir ailə üzvü öz mövqeyini düzgün müəyyən etməlidir. Vəzifələr bölünməli, hər kəsin məsuliyyətləri dəqiq şəkildə təyin olunmalıdır.
Ailə başçısının əsas vəzifəsi ailənin bütövlüyünü qorumaq, xərcləri ödəmək və təhlükəsizliyi təmin etməkdir. Bəzən bu vəzifələri icra etmək üçün digər ailə üzvlərinin anlamadığı və ya başlanğıcda bəyan edilmiş ideallara zidd görünən addımlar atıla bilər. Təhlükəsizlik və davamlılıq üçün rasional xərclərin edilməsi də mümkündür. Ailə ocağının qoruyucusu olan ana da rasional yanaşmalıdır.
Bu, ailədə duyğunun olmaması demək deyil. Duyğu ailə fərdlərini bir arada saxlayan, onların birlik ruhunu qoruyan əsas amildir. Lakin duyğular ailənin xarici mühitlə əlaqələrinə, təhlükəsizliyinə və davamlılığına təsir edən əsas faktor olarsa, ailənin mövcudluğu sual altına düşər.
Bütün bunları yazmaqda məqsədim bəzi insanların dövlət idarəçiliyində duyğu axtarmaması gərəkdiyini vurğulamaqdır. Dövlət, fiziki və mənəvi mövcudluğu qorumaq, təhlükəsizliyi təmin etmək və birliyi qorumaq üçün rasional şəkildə fəaliyyət göstərən bir mexanizmdir. Eyni zamanda, dövlətin qoruduğu dəyərlərin mahiyyətinin anlaşılması və onlara mənəvi məna verilməsi üçün dövləti təşkil edən insanların duyğuları üstün və ali dəyərlərə əsaslanmalıdır.