Əsas səhifə » Kimlik

Kimlik

Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

Kimlik məsələsi olduqca önəmli bir mövzudur. Mən kiməm? Mənim köklərim, mədəni və düşüncə mirasım nədir? Bu suallara düzgün cavab vermək yalnız fərdi inkişaf baxımından deyil, eyni zamanda milli təhlükəsizlik və dövlət maraqları baxımından da əhəmiyyətlidir. Xalqın əksəriyyətinin bu suala düzgün cavab verməsi milli birliyin qorunması üçün vacibdir.

Müasir dövrdə kimlik məsələsi istehlak mərkəzli yanaşmalar, sosial media təsirləri və qlobal populyar mədəniyyətin basqısı altında ciddi sınaqlara məruz qalır. Reklam və brendlərin təsiri ilə formalaşan, Tiktok və digər platformalar vasitəsilə yayılmış süni kimliklər asanlıqla manipulyasiya oluna bilər. Bu cür kimliklərə subluminal mesajlar ötürülə bilər, insanları robotlaşdırılmış şəkildə idarə etmək və hətta anarxizmə yönəltmək mümkündür. Bu isə milli dövlətin stabil mövcudluğu üçün ciddi təhdidlər yaradır.

Başlanğıcda sadəcə mədəni fərqlər və populyar kültür kimi görünən bu məsələlər zamanla milli təhlükəsizlik problemlərinə çevrilə bilər. Buna görə də, kimlik mövzusunda maarifləndirici addımların atılması önəmlidir. Dünən baxdığım Eldəniz Atabəy haqqında film bu baxımdan çox təsirli idi və bu istiqamətdə atılmış müsbət bir addımdır.

Azərbaycanlı Kimliyi

Biz azərbaycanlıyıq. Amma bu məfhum necə formalaşıb? Azərbaycanlılıq məfhumunda mən iki əsas amili xüsusi ilə qeyd edirəm: İslam dini və mədəniyyət ortaqlığı.

İslam dini:

Din, düşüncə və davranış sistemindən tutmuş gündəlik həyatımıza, ailə bağlarımıza və hətta xarakterimizə təsir edən bir birləşdirici amildir. İslamın VII əsrdə Azərbaycana daxil olması, X əsrə qədər bu torpaqlarda bir ümmət şüurunun formalaşmasına gətirib çıxardı. XI əsrdən etibarən Səlcuqlu dövləti və ondan sonra yaranan digər dövlətlər, 1828-ci ilə qədər bu torpaqlarda dini və mədəni birliyi İslam bayrağı altında qorumağa davam etdilər. Səlcuqlulardan Qacarlara qədər olan bu tarix boyu İslam, Azərbaycanın düşüncəsində, əxlaqında və mədəniyyətində öz izini buraxdı. Bu izlər Nizami, Nəsimi və Füzuli kimi dahi şəxsiyyətlərin yaradıcılığında da öz əksini tapdı.

Bu gün sağlam bir azərbaycanlı kimliyi yaratmaq üçün tarixin gedişindən süzülüb gələn bu addımlarla bağ qurmaq vacibdir. İslam amili olmadan nə Səlcuqluları, nə Səfəviləri, nə də Qacarları, həmçinin Nizamini və Füzulini düzgün başa düşmək mümkün deyildir.

Mədəniyyət ortaqlığı:

Mədəniyyət, gündəlik məişətdən tutmuş musiqiyə, ədəbiyyata və adət-ənənələrə qədər geniş bir sahəni əhatə edir. Bu sahələrdəki ortaq dəyərlər bizim milli birliyimizin təməlini təşkil edir.

Azərbaycanlı kimliyi ilə ruhən və insafən bağımız VII əsrdən başlayır. Ondan öncəki dövr isə yalnız mənbələrdə qalan, tarix elminin araşdırdığı bir mərhələdir. Kimlik, yalnız keçmişimizlə bağlı suallara doğru cavab verdiyimiz zaman daha dərin anlam qazanır. Bu prosesdə dini və mədəni əlaqələrimizin güclü şəkildə vurğulanması qaçılmazdır.

Digər Kateqoriyalar

2024 © Azervoice