Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Dünyanın müasir reallıqları, demək olar ki, bütün ideoloji istiqamətlərin böhranına, bəzilərinin isə süqutuna gətirib çıxarmışdır. Klassik anlamda kommunizm, millətçilik, hətta liberalizmdən belə demək olar ki, heç bir şey qalmayıb. Götürək kommunizmi. Məgər bu gün klassik anlamda proletariat varmı? Yoxdur. Artıq istehsal münasibətləri və siniflərin xarakteri dəyişib. Millətçiliyin də əsasları zəifləyib. Qloballaşma və sosial şəbəkələr milli fərqləri ortadan qaldırmışdır.
Böhran yaşayan ideoloji istiqamətlərdən biri də siyasi “islamçılıq”dır. Bu yazımda Türkiyə siyasi islamçılığından danışacam. Türkiyə siyasi islamçılığının əsas xüsusiyyəti onun cahanşümul deyil, məhəlli olmasıdır. Bu məsələni açacam, inşallah. Ərəb siyasi islamçılığı qlobal ideallara, kürəsəl məqsədlərə can atmışdır. Təbii ki, o da müəyyən məhəlli problemlərdən qaynaqlanmışdır. Lakin daha sonra Seyyid Qütb kimi simaların əsərlərində ərəb müsəlman cəmiyyətinin qayğılarını aşmışdır. Türkiyə siyasi islamçılığı isə məhəllidir, lokaldır. Ən yaxşı halda özünü Səlcuqlulara, Osmanlıya aid edir və sufi ənənəsinin üzərində qurulur. Bunu görmək üçün Nəcib Fazılın əsərlərinə baxmaq mümkündür. Həmçinin bunu görmək üçün Nəcməddin Ərbəkanın Milli Görüş fikrinə də baxmaq olar.
Türkiyə siyasi islamçılığı Peyğəmbər, ilk dörd xəlifə, Əməvi və Abbasi dönəmlərinə demək olar ki, istinad etmir. İslami baxışlarla daha çox ənənəvi türk cəmiyyətinin problemlərini həll etmək istəyir. Türkiyə siyasi islamçılığının millətçi çaları da vardır. Ona görə də Türkiyədə siyasi islamçılar rahat bir şəkildə millətçilərlə siyasi ittifaqlar qura bilirlər. Qururlar da. Lakin bu zaman onların islamçılıq faizi azalır və onlar görünüş, fikirlər, siyasi ideyalar baxımından daha çox millətçilərə bənzəməyə başlayırlar.
Yazılarımın birində qeyd etmişdim ki, Türkiyənin güclənməsinin də əsas səbəblərindən biri o oldu ki, Rəcəb Tayyib Ərdoğan, Bahçeli ilə ittifaq nəticəsində daha çox ulusal millətçi, dövlət millətçisi kimi çıxış etməyə başladı. Bu, onun ətrafında türk cəmiyyətinin konsolidasiyasına səbəb oldu. Türk cəmiyyəti ənənəvi olaraq dövlətçi bir cəmiyyətdir. Bu, türk siyasi islamçılığına təsir etmiş və türk siyasi islamçılığı parlamentar siyasi mübarizəni seçmişdir.
Bəs Türkiyə siyasi islamçılığı dünya və region siyasi islamçılığına, islamçı hərəkatlara necə təsir edə bildi? Türkiyə siyasi islamçılığı kürəsəl, qlobal iddiaları olan islamçı hərəkatların getdikcə milliləşməsinə, maksimum sekulyarlaşmasına, şüarlarının ölkələr üzrə konkretləşməsinə, onların radikallığının azalmasına və maksimal dərəcədə yumşalmasına gətirib çıxardı. Türkiyə siyasi islamçılığı təmas etdiyi digər siyasi islamçı dairələri sanki Avropadakı xristian demokratlara bənzətməyə başladı. Nə üçün? Çünki müsəlman ölkələri içərisində güclü orduya, Avropa tərzi siyasi sistemlərə, regional təsir dairəsinə malik olan və başında siyasi islamçılıqdan çıxma şəxslərin durduğu yeganə ölkə Türkiyədir. İnsan təbiətində olanlar hərəkatların təbiətində də vardır: güclüyə bənzəmək istəyi.