Əsas səhifə » Yaxın Şərq məsələlərinin kölgəsində düşüncə mexanizmlərimiz

Yaxın Şərq məsələlərinin kölgəsində düşüncə mexanizmlərimiz

Bakı, AzerVoice, ArabAZ, Azər Hüseynov Tarixçi ,İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

Yaxın Şərqdə intensiv proseslər gedir. Suriya artıq yenidən şəkillənir. Bu şəkillənmə istər müsəlman dünyasında, istərsə də digər dünya ölkələrində müzakirə olunur. Yeni siyasi reallıqlar yaranır. Sosial mediada və real həyatda həm peşəkarlar, həm də sadə insanlar müzakirələr aparırlar. Diqqətimi cəlb edən bir məsələ var. Onu dilə gətirmək istərdim. Müşahidələrim onu deməyə əsas verir ki, bəzi hallarda korporativ maraqlar, bəzi hallarda isə emosional yanaşmalar düzgün qənaətlərin çıxarılmasına imkan vermir. Düşüncə vərdişlərimizin və müzakirə mədəniyyətimizin ciddi bir şəkildə inkişafa ehtiyacı var.

Digər tərəfdən, media üzərindən paylaşılan video və foto materialların peşəkar tədqiqi bizdə inkişaf etməyib. Məhz buna görə servis edilən materiallar xüsusilə gənclərin emosiyalarını coşdurur. Bu, gənclərlə birlikdə məsələlərə dəlillərlə deyil, sanki şeirlə baxanlara da təsir edir.

Soyuqqanlı təhlil – mədəniyyət olaraq ehtiyacımız olan bir məsələdir. Dönürəm yenə Yaxın Şərqə. Bölgədə Suriya üzərindən bütün regional və beynəlxalq oyunçular öz maraqlarını reallaşdırmağa çalışırlar. Bu oyunçuların addımlarının motivləri daha çox təsir dairəsi qurmaq, yeni gəlir yolları əldə etmək və öz təhlükəsizliklərini təmin etmək üçün yeni imkanlara yiyələnməkdir.

Bizim müsəlman dünyasında geosiyasətin, siyasət elminin və analitikanın həqiqətən də inkişafına ciddi ehtiyac var. Kapitalist münasibətlər sistemində artıq XX əsrin əvvəllərindən etibarən bir həqiqət oturuşub: subyektlərin, yəni iştirakçıların hərəkət imperativi maddi maraqlardır.

Orta əsrlərdə, feodal münasibətlər sistemində dünya siyasətinin əsas imperativi din idi. Çünki o dövrdə dünya ölkələrinin iqtisadiyyatlarının biri-birinə ehtiyacları az idi və hətta onsuz da keçinə bilirdilər. Lakin sənaye istehsalının güclənməsi nəticəsində insanın da istehlak ehtiyacları artdı, silahların inkişafı ilə təhlükə və təhdid anlayışı dəyişdi. Ancaq qılıncla və tüfənglə iş bitmədi. Uzaqvuran raketlər, digər silah sistemləri və sair inkişaf etdi. Ən başlıcası isə istehlak ehtiyaclarının artırılması üzərində qurulan iqtisadi sistemlərdir.

Yəni, daha çox güc, daha çox sərvət. Bu iki məsələ bu gün Yaxın Şərqdəki oyunçuların əsas hərəkət motividir. Bəzən bu motivlər idealları əzir və ya idealistləri belə dəyişdirə bilir. Bilmirəm, anlada bildimmi?

Digər Kateqoriyalar

2025 © Azervoice