Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
XIX əsrin sonu XX əsrin əvvəllərində Qərb dövlətləri və Rusiya
müsəlman ölkələrinin böyük hissəsinin işğalını tamamladılar.
İngiltərə Hindistanı, Fransa Afrikanın bir sıra yerlərini, Rusiya
Mərkəzi Asiya, Qafqaz və Volqaboyunu işğal etdi. Müsəlmanların
hüquqi-siyasi qurumları olan dövlətləri süqut etdi. Təhsil
sisteminin dəyişdirilməsinə başlanıldı. Artıq müsəlman ölkələrinin
siyasi, ziyalı və iş dünyası elitası düşüncə, geyim, həyat tərzi
baxımından Qərb heyranlığı içərisinə girdilər. Bu heyranlıqlarını
gizlədə bilmədilər.
Ənənəvi ruhaniliyin əksər hissəsi intellektual və mənəvi aşınma
səbəbi ilə mövcud olan axına qarşı fikir sistemləri formalaşdıra
bilmədilər.
Lakin bəzi səslər çıxmağa başladı. Bunlar Cəmaləddin Əfqani,
Muhamməd Əbduh, Rəşid Rza kimi adamlar idi. Həmin şəxslər son 200
ildə müsəlman dünyasında təhsilin, fikir dünyasının və mənəviyyatın
aşınmasını dilə gətirməyə başladılar. Dərhal fərqli fikirlərə görə
ənənəvi üləma tərəfindən təkfir edildilər, sapıq elan etdilər.
Müsəlman ölkələrində zehin və real işğalın genişlənməsi siyasi
islamçılığın formalaşmasına gətirib çıxardı. Xüsusi ilə Osmanlının
süqutu və müsəlman ölkələrinin getdikcə daha çox istismar edilməsi,
xüsusi ilə İslam məişətinin yox olma təhlükəsi qarşısında olması
Həsən Əl Bənna kimi insanları tarix səhnəsinə gətirdi. İslam
dünyasında etirazların çoxalmasının digər bir səbəbi isə Fələstində
Balfur doktrinası ilə məskunlaşdırılmağa başlayan yəhudi
koloniyalarının artması, ərəblərin torpaqlaşsızlaşdırılması və
ingilislərin kolonistlərə kömək etməsi idi.
Buna qarşı 1930-cu illərdə ərəb üsyanları qalxdı. Onların da
birinin başında İzzəddin Qəssam dayanırdı. İzzəddin Qəssam üsyanı
da yatırıldı və ərəblər məğlub edildi. Yəhudi məskunlaşması İkinci
Dünya müharibəsində artdı, hamıya məlum olduğu kimi daha sonra
İsrail dövləti yarandı. Bu dövlət yaranan kimi ərəb dövlətləri ilə
müharibə apardı. Belə bir dövrdə ərəb dünyasında etiraz olaraq ərəb
millətçiliyi və sosializmin qarşığı olan bəəsçilik də
güclənirdi.
Ərəb liderləri içərisində Sovet dövləti tərəfindən dəsklənən Cəmal
Əbdülnasir rüzgarı əsirdi. Cəmal Əbdülnasirin onun hakimiyyətə
gətirilməsində xüsusi rolu olmuş olan “İxan Əl müslimin”ə qarşı bu
gün Əsədin Suriyada etdiklərini xatırladan hərəkət etməsi siyasi
islamçılığı bir qədər də gücləndirdi. Siyasi islamçılıq da iki
fikir qanadı ilə inkişaf etdi. Birinci qanad islah edici qanad,
ikinci qanad inqilabçı qanad idi. Birinci qanadın dili və
üslubiyyəti daha yumşaq idi.
İkinci fikrin yayılmasında Seyyid Qütbün rolu böyük idi. Seyyid
Qütbün kitabları və əsərləri problemlərin səbəbi olaraq müsəlman
cəmiyyətlərinin cahiliyyələşməsində görürdü. Amma siyasi
islamçılığı birləşdirən cəhət o idi ki, hamısı müsəlman ölkələrində
islamın siyasi-hüquqi institutlarının dirçəldilməsini
istəyirdilər.
Bir qism bunu inqilabi mübarizədə, digər qism isə siyasi sistemlərə
inteqrasiyada və partiyalaşmada görürdülər. Partiyalaşaraq siyasi
islamçılığın sivil formada inkişaf etməsinə xidmət etmiş
insanlardan biri də Nəcməddin Ərbəkan oldu. Nəcməddin Ərbəkan bu
gün Türkiyə prezidenti olan Rəcəb Tayyib Ərdoğanın müəllimi və
fikir atasıdır.
Sistemə inteqrasiya edəkmi, etməyəkmi, sualı siyasi islamçılığın öz
içində ciddi müzakirələr doğurdu. Siyasi islamçılıqdan cihaçı
hərəkatların doğması, Əfqanıstanda rus, daha sonra Amerika
müdaxiləsi, ərəb dövlətlərində siyasi hakimiyyətlərin bu qismə
qarşı ciddi cəzalandırma tədbirləri görməsi daha çox sistem daxili
inteqrasiyaya üstünlük verən siyasi islamçılığın inkişafına səbəb
oldu. Bunun bir səbəbi də o idi ki, daha radikal və cihadçı
hərəkatlar qlobal müstəvidə fəaliyyətə üstünlük verir, milli-ulusal
paltar geyinmək istəmirdilər. İkincilər isə bunun bir problem
olduğunu, insanları İslamdan və onun ideallarından uzaqlaşdırdığını
iddia edir, daha mütəhərrik yol seçmək istəyirdilər. Bunu bəzən
açıq deməsələrdə.
Siyasi islamçılıq ərəb baharından sonra Mursinin hakimiyyətə
gəlməsi ilə, Qannuşinin hakimiyyətə gəlməsi ilə növbəti mərhələsinə
girdi. Birincisi, özünün təyin etdiyi qərargah rəisi tərəfindən
devrildi. Sistemə inteqrasiyanı qəbul etsə də söylədiyi ifadələrdə,
Fələstin məsələsində daha kəskin idi. Digər tərəfdən Qərbin sıxması
ölkədə iqtisadi və sosial böhranlar yaratmışdı. Siyasi islamçılıq
mənşəli ən uzun ömürlü hakimiyyət AKP-nin hakimiyyəti və Rəcəb
Tayyib Ərdoğan fenomenidir. Amma.. Rəcəb Tayyib Ərdoğan olduqca
xarizmatik bir liderdir.
Onun da hakimiyyətdə olduğu dövrü iki hissəyə bölmək olar. Birinci
dövr bir zaman birlikdə hərəkət etdiyi Fəthullan Gülən camaatı ilə
olan dövrdür. Bu dövrdə bir sıra hallarda Ərdoğanın söyləmləri daha
islami kontekstlidir.
Onun məşhur “One minut” ifadəsi siyasi karyerasında xüsusi rol
oynadı. Ancaq 2016-cı il 15 temmuz məsələsindən sonra Gülən
hərəkatı FETÖ-ya çevrildi və ona mənsub olmaq Türkiyədə bir hüquqi
cinayət hesab edildi. Cənab Ərdoğan bundan sonra özünün siyasi
fəaliyyətinin başladığı islamçı məhəllədən məsafələnməyə başladı.
Getdikcə millətçi dairələr və xüsusi ilə MHP ilə yaxınlaşdı. Artıq
onun söyləmləri getdikcə daha çox millətçi, dövlətçi, hətta turançı
kontekst almağa başladı. “Təkkəyə mürid aramıyoruz” sözü Rəcəb
Ərdoğanı islamçı məhəllə ilə bir qədər də uzaqlaşdırdı.
Rəcəb Tayyib Ərdoğanın getdikcə millətçi kontekstə keçməsi Türkiyə
dövlətini daha da gücləndirdi. Sual çıxar nəyə görə? Çünki hər bir
dövlətin müasir beynəlxalq münasibətlər sistemində güclənməsi ancaq
dövlət millətçiliyi ilə mümkündür. İslamçı ritorik getdikcə
Türkiyəçi ritorika ilə əvəz edildi. Bu ritorika Türkiyə
cəmiyyətində ideoliji məhəlləsindən asılı olmayaraq bir çox
təbəqəsini Ərdoğan ətrafında bir araya yığdı. Məsələ konkret
qoyuldu. Türk dövlətinin maraqları, güclü Türkiyə. Hamı bu paltarı
geyinmək məcburiyyətində idi. Hətta bir zaman qlobal fəaliyyət
ideyasında olan bir çox siyasi islamçı da bu paltarı geyinmək
məcburiyyətində idi. Əks halda onun fikirləri marjinallaşacaqdı.
Belə də oldu. Ən yaxşı halda siyasi islamçılıq milli sərhədlər
daxilində lokallaşdı.
Qarabağ zəfərində Azərbaycanın yanında dayanması, daha sonra Turan
layihələrində öncəlik artıq Ərdoğan fenomenini dövlət
millətçiliyinin bir bariz simasına çevirdi. Bu da təbii idi. Bütün
bu olayların gedişində Türkiyənin yanı başında Suriya olayları
partlaq vermişdi. Türkiyənin Suriya siyasəti də eyni ilə iki
hissədən ibarət oldu. Birinci mərhələdə söyləmlər və qavramlar
islamçı kontekstli idi, dünyanın bir çox yerindən Suriyaya
döyüşməyə gedənlər Türkiyədən keçib gedirdi.
Daha sonra nə oldu? 15 temmuz sonrası, milyonlarla Suriyalı
qaçqının Türkiyəyə gəlməsi, yerli və qaçqın münasibətlərində
problemlər. Rəcəb Tayyib Ərdoğanın ulusal millətçilik baxışları
nöqtey nəzərindən Suriya siyasətinə başlaması Türkiyə dövlətinin bu
sahədə uğurlarının səbəbi oldu. Türkiyə dövlətinin dövlət olaraq
güclənməsi məhz dövlət millətçiliyi xəttinə keçməsi ilə bağlı oldu.
Məhz buna görə də, “islamçı məhəllənin” “cinayətkar balası” hesab
edilən İŞİD ilə mübarizədə Türkiyə fəal iştirak etdi. Türkiyənin
siyasi kursunun dəyişməsi də Suriyada siyasi islamçı və bəzi
cihadçı daiərlərin paltarını dəyişməsinə gətirib çıxardı.
Bunu hikmətləşmə məfhumu ilə bağlayan siyasi islamçılıq Suriya
məsələsində əslində bir ideoloji böhranla üz üzədir. Qlobal kürəsəl
ideyalardan milli lokal hüdudlara enmişdir. Son olaraq Cövlanin
verdiyi bəyanatlar, jestologiyası və geyim tərzi bunu açıq
göstərir. Bir sözlə, zaman göstərdi ki, dövlətin beynəlxalq
münasibətlər sistemində güclü olmasının indiki beynəlxalq sistem
daxilində ancaq bir yolu vardır dövlət millətçiliyi. Ona görə artıq
siyasi islamçılıq ortaya çıxdığı kürəsəl ideyaları ilə böhrana
girdi və süqut etdi deyə bilərik. Təbii ki, bu qətiyyən İslamın
süqutu deyildir. Bu bir daha onu göstərdi ki, İslam siyasi istismar
obyekti ola bilməz. İslami siyasiləşdirmə cəhdləri müasir dünya
sistemində mümkün deyildir. İslam öz təməl kriteriyalarına
qayıtmalıdır. Sağlam şəxsiyyət, sağlam ailə, sağlam cəmiyyət.