Əsas səhifə » Türk qalası Hələb

Türk qalası Hələb

Bakı, AzerVoice\ArabAz

Yer üzündəki ilk yaşayış məskənlərindən biri olan Hələb və ətrafı əsrlər boyu siyasi-hərbi baxımdan müxtəlif güclərin hədəfi halına gəlməklə birlikdə Asiya, Anadolu, Qafqaz, İran, Mesopotamiya, Misir mərkəzli mədəniyyətlərin çulğalaşma nöqtələrindən biri idi. Hələb ticarət karvanlarının ziyarətgahı olmaqla birlikdə həcc yolu üstündə yerləşməsi səbəbi ilə üç dinin mənsublarının da maraq göstərdiyi bir mədəniyyət şəhəri idi.
Şəhər və ətrafı əsrlər boyu Səlcuqlu, Atabəylər, Əyyubi, Məmlük və Osmanlı dövlətlərinin hakimiyyəti altında yer aldı.Hələbin həyatında islami dövrlə birlikdə dini, idari və ticari baxımdan yeni bir cığır açılmış, daha sonra türk xanədanlarının hakimiyyəti ilə birlikdə şəhər türk-müsəlman mədəniyyətinin önəmli mərkəzlərindən bir olmuşdur.
Karvansaraylar, hamamlar, mədrəsələr, şəfaxanələr, camilər, xanlar, saraylar, saat qüllələri, türbələr, bulaqlar şəhrdəki orta əsr türk memarlığının ən önəmli yadigarlarıdır.
Övliya Çələbinin verdiyi məlumatlara görə, sadəcə XVII əsrdə Hələbdə aralarında məşhur Şeyx Bədri təkkəsi, İxlas Dədə zaviyəsi, Bektaşi Hacı Bayram zaviyəsi, Qırxlar, Nəsimi təkkəsinin də olduğu 176 təkkə mövcuddur.

Hələb ətrafına türk boylarının gəlib yerləşməyə başlaması Səlcuqlulardan əvvəlki dövrlərə gedib çıxır. Bu türklərin əksəriyyəti oğuzların Bozox qolundan olan, keçimini qoyun sürülərindən, heyvandarlıq və toxumaçılıqdan təmin edən türkmənləridi. Hələb türkmənləri adlandırdığımız bu türk qruplarının yaylaq yerləri Sivasın Gürün və Kanqal adlanan yerlərinə qədər uzanan sahələr, qışlaq yeri isə Hələb idi.

Hələbin türk hakimiyyətinə tabe olması Tolunoğulları dövrünə təsadüf etmişdir. Əhməd ibn Tolun 878-ci ildə Haləbi öz idarəsi altına almışdır. 1087-ci ildə Məlikşah Hələbin idarəsini Ağsunqurlara vermişdir.
Nurəddin Zənginin 1146-cı ildə vəfat etməsindən sonra Hələb və ətrafı oğlanları arasında bölüşdürüldü. Bölgədə müstəqil bəyliklər quruldu. Nurəddin Zəngi Hələbdə hakimiyyətini möhkəmləndirdikdən sonra şəhərin tarixində yeni bir dövr başlamış oldu.
O, Hələbdən sonra Şamı da hakimiyyəti altına aldı. Zəngidən sonra bölgənin və bütün İslam aləminin tarixində mühüm bir yerə sahib olan Səlahəddin Əyyubinin adı ön plana çıxmağa başladı. 1260-cı ildə Eyn Calutda moğollar Məmlük ordusu qarşısında böyük bir məğlubiyyət aldılar.

Moğol komandanı Ketboğa ələ keçirilərək sultan Qutuz tərəfindən boynu vuruldu. Bu proses və qələbə Məmlük idarəsinə bağlı Hələb naibliyi adlandırılan yeni bir idari-inzibati sistemin də qurulmasına səbəb oldu.
Məmlük dövlətinin süqut etməsindən sonra 400 ildən artıq bir dövr ərzində Osmanlı hakimiyyəti altında olan Hələb idari, mədəni olaraq əhəmiyyət və cazibəsini qorumuşdur. Osmanlı dövründə şəhərdə həm türk-müsəlman memarlığını özündə əks etdirən yüzlərlə əsər meydana gətirilmiş, həm də özündən əvvəlki dövrdə inşa edilənlər restavrasiya edilərək yaşadılmışdır. Hələbin məhəllə və çarşı adları, orada yaşayan köklü ailələrin kimliyi şəhərin əsrlər boyu türk-müsəlman yurdu olduğunun bariz dəlilini təşkil etməkdədir. Hələbdə Ağyur məhəlləsi, Altınboğa məhəlləsi , Almacı məhəlləsi, Oğulbəyi məhəlləsi, Qatırcı ailəsi məhəlləsi, Badincik, Ballı Burğul, Tatarlar, Haratüt-Türkmən, Həmzə bəy, Çuxurcuq və s. kimi adlarla məşhur olan məhəllələr mövcud olmuşdur. Xanı-İstanbul, Bəngüşa çarşısı kimi binalar orta əsr türk memarlığının parlaq nümunələrindən sayılır.
Təssüf ki Suriyadaki müharibə zamanı çoxu zərər görüb dağıntıya məruz qalsa da, şəhərdə bir-birindən fərqli Türk İslam memarlıq tərzini görmək mümkündür.

Digər Kateqoriyalar

2024 © Azervoice