Bakı, AzerVoice
"Hazırda Yaxın Şərqin sərhədləri yenidən tərtib edilir. Heç
şübhəsiz bu sərhədlər Türkiyə olmadan, xüsusən də Hələb
məsələsində, heç bir halda yenidən cızıla bilməz".
AzerVoice
xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Rufiz
Hafizoğlu hazırda gərgin vəziyyətin yaşandığı Suriyanın Hələb
bölgəsinin önəmi barədə danışarkən deyib.
Rufiz Hafizoğlu bildirib ki, Suriya hökuməti ölkədə hər şeyin
qaydasında olduğu vizionunu yaratmağa çalışırdı:
"Amma Suriyaya nəzər salanda ölkənin 4 hissəyə bölündüyünü görürük:
Rejimin, Suriya müxalifətinin nəzarət etdiyi, habelə ABŞ
bazalarının olduğu və PKK-nın Suriya qolu olan PYD/YPG-nin nəzarət
etdiyi bölgələr. Suriyada ABŞ-dan başqa İran və Rusiya da var. Amma
ABŞ İran və Rusiya ilə düşmən olsa da, məsələ Türkiyəyə toxunduğu
halda PYD/YPG onların hamısının ortaq qardaşı olur".
Ekspertin fikrincə, "Hizbullah"ın zəifləməsi və onun Suriyanın
Hələb və digər ərazilərindəki qüvvələrinin çıxarılması təbii ki,
müxalifəti bir qədər ruhlandırıb:
"Sözsüz ki, burada digər dövlətlərin müdaxiləsi də istisna edilmir.
Burada Türkiyəsiz hər hansı bir addım atılmasını da düşünmürəm.
Böyük ehtimalla Türkiyənin də müxalifətin irəliləməsində marağı
var. Hətta düşünürəm ki, bunu Türkiyə tətikləyib. Bir müddət əvvəl
Ərdoğan hakimiyyəti rəsmi Dəməşqə sülh, daha doğrusu qaçqınların
qayıtması və dialoqa başlamaq üçün müraciət edib. Əsəd isə uzanan
bu əli geri çevirdi və hər hansı bir dialoqu qəbul etmədi. Əsədi
ruhlandıranlar isə 3 qüvvə olub. Bunlar PYD/YPG qüvvələri, İran və
Rusiya qoşunlarının Suriyada olması amilidir. Belədə Türkiyəyə
düşmən olan Suriyadakı bütün qruplaşmalar birləşə bilər".
Həmsöhbətimiz qeyd edib ki, Bəşər Əsəd və ordusu baş verən hadisələrə müdaxilə edə bilmir:
"Ona alternativ olaraq İraq və Əfqanıstandan olan radikal şiə
qruplaşmaları bölgəyə cəlb olunacaqlar. Artıq bunun siqnalı
verilib. Hələb yaxınlığında yerləşən "Fatimiyun" qruplaşması
şəhərin yenidən Əsədin nəzarətinə keçməsi üçün əməliyyata
başlayacaq. Yaxın Şərqin paradoksla dolu olmasının göstəricisi odur
ki, Qəzzada 50-150 min arası insan ölüb. Suriyada isə 500 min insan
Əsəd rejimi tərəfindən öldürülüb. Digər tərəfdən, İran və Əsəd
rejimi iddia edir ki, Dəməşq islam müqavimətinin ayrılmaz
hissəsidir. Amma İsrail təyyarələri Dəməşqi bombalasa da, Əsəd
səsini çıxara bilmir. Amma ölkə daxili müxalifətə qarşı hər hansı
bir hərəkətləmə olan kimi, Suriya təyyarələri qalxıb həmin
əraziləri bombalayır. Burada qatillərin bir-birindən ədalət tələb
etməsi prinsipi olduqca absurd və gülüncdür".
Rufiz Hafizoğlu bildirib ki, Suriya ərazisi İranın nəzarətində olan
beynəlxalq narkotik trafikinin əsas və ayrılmaz hissəsinə
çevrilib:
"Bəşər Əsədin qardaşı Mahir Əsədin Avropada narkotik və kapdaqon ticarətilə məşğul olduğu ortaya çıxıb".
Qeyd edək ki, son günlər Suriyanın ikinci böyük şəhəri olan
Hələb ətrafında vəziyyət gərginləşib. Müxalif qüvvələr Əsəd
rejiminin qüvvələrini bu şəhərdən çıxararaq, Hələbə və ətraf
ərazilərə nəzarəti ələ keçirib. Hələb şəhərinin mühüm strateji
şəhər olduğunu nəzərə alsaq, şəhər uğrunda yaxın zamanlarda daha
kəskin savaşın baş qaldıracağı da istisna deyil. Hətta prosesə
kənar müdaxilələrin olması da mümkündür.