Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Eyni Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Hər nə qədər bizdə bəşəriyyət və elm tarixi ilə heç vaxt ciddi məşğul olmamış bəzi foblar deyinsə də, ərəblər böyük millətdir. Ərəblər dedikdə elə özümüzün tariximiz göz önünə gəlir.
İstəyən getsin mərhum Ziya Bünyadovun kitablarını oxusun yetər. Bütün millətlər kimi ərəblərin də qızıl dövrü, durğunluğa girməsi və süqutu vardır. Ərəbin yüksəlişi əlbəttə ki, İslamla bağlıdır. Həzrəti Ömərin dediyi kimi ki, biz zəlil idik, İslamla izzət tapdıq.
Səhranın azad insanları Bizansı və Sasanini məğlub edib yeni bir mədəniyyətə beşik oldular. Əməvi və Abbasilərin ilk dövründə ərəblər müsəlman dünyasının əsas milləti idi. Ancaq sonradan yerlərini artıq müsəlman olan digər iki millətə Türklərə və Farslara verdilər.
Fiziki olaraq versələr də Qərbin ekspansiyasına qədər türklər də, farslar da ərəbin dilinə ayarlandılar. Yenə ərəb olmayanlar ərəbin irsini zənginləşdirdi.
Türk olan Zəmaxşəri bir dağa çıxıb dedi ki, ey ərəblər gəlin sizə dilinizi öyrədim. Ərəblər uzun müddət türk-müsəlman imperiyalarında yaşadılar.
Əyyubilərdə, Məmlüklərdə, Səlcuqlarda, Osmanlıda, Səfəvilərdə, Qacarlarda və sair. Sonra hamı kimi zehni və real işğala məruz qaldılar. Sonra da başladılar yollar axtarmağa. Bütün müsəlman və məzlum xalqlar kimi. Gah millətçiliyin arxasınca getdilər, gah sosializmi “prob elədilər”. Hələ Osmanlı sonrası onlar üçün dövlətlər də düz-qoş edildi. Amma insafən həmin dövlətlərin bir qismi orta müstəqillik üçün anti imperialist savaş da verdilər.
Düzdür, sonra çoxusunun dərdi çoxaldı. Suriya, İraq bölündü, Misirdə inqilablar və Sisi, Livan məlum… Ərəblər görəsən yenə dirçələcəkmi? Keçən yazımda demişdim. Əgər bu dirçəlişi hazırda mövcud ərəb dövlətlərindən gözləyiriksə bilmirəm. Amma ərəbin tarixi, mədəni və əqidəvi yaddaşından gözləyiriksə, o heç vaxt ölmədi ki……