Bakı, AzerVoice
İran ABŞ Donald Trampın seçkilərdə qələbəsinin ölkənin “ictimai siyasətlərinə” və ya iranlıların həyatına bir o qədər də təsir etməyəcəyini hesab edir.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mohacerani Trampın qələbəsi ilə bağlı açıqlama verərək, Amerika seçkilərinin İran vətəndaşlarına heç bir təsir etməyəcəyini bildirib.
“Bizim siyasətimiz sabitdir və fərdlərə görə dəyişmir. Lazımi tədbirlər əvvəlcədən planlaşdırılıb və insanların güzəranında heç bir dəyişiklik olmayacaq”- deyə o bildirib.
Digər tərəfdən İnqilab Keşikçiləri Trampın qələbəsini birbaşa
şərh etməyib, Tehranın və onunla bölgədə müttəfiq olan silahlı
qrupların İsraillə qarşıdurmaya hazır olduğunu bildiriblər.
Hüseyn Səlami liderlərinin öldürülməsinə baxmayaraq, Livan
Hizbullah qrupunun “yenidən qurulması” ilə bağlı nüfuzlu din
xadimlərini məlumatlandıraraq, “regional vəziyyətin İranı taleyüklü
və mühüm mövqeyə qoyduğuna” işarə edib.
Lakin o, “ölkənin gələcəyi ilə bağlı narahat olmağa əsas
olmadığını” əminliklə vurğulayıb.
Dünən İsrailin baş naziri Benyamin Netanyahu Trampla telefon
danışığı aparıb, söhbətdə “İran təhdidi” və İsrailin təhlükəsizliyi
üçün birgə işləmək zərurətinə toxunulub.
Buna cavab olaraq, İran İnqilabı Keşikçiləri Korpusunun
komandanının müavini Əli Fədəvi deyib ki, Tehran İsraillə
qarşıdurmaya hazırdır və ABŞ və İsrailin qabaqlayıcı zərbəsini
istisna etmir.