Bakı. AzerVoice:
Çoxlu sayda yəhudi bu gün Qüdsdə və Məscidül-Əqsa ətrafında “Bayraq yürüşü” adı altında təxribat xarakterli aksiya keçirəcək.
AzerVoice xəbər verir ki, İsraildə məskunlaşan yəhudilər hər il qeyd etdikləri Bayraq Yürüşünə hazırlaşırlar.
Bu gün keçirilməsi planlaşdırılan yürüş bu dəfə bölgədə oktyabrın 7-dən bəri müharibənin davam etdiyi bir atmosferdə baş tutacaq.
Yürüşdən əvvəl gərginliyin yüksək olduğu bildirilir.
İsrail polis qüvvələrinə cavabdeh olan ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir də keçən həftə yürüşdə iştirak edəcəyini bildirib və tərəfdarlarını da iştirak etməyə çağırıb.
Qeyd edək ki, İsrail bölgəyə təxminən 3000 polis məmuru yerləşdirməklə yanaşı bəzi əsas yolları bağlayacaq.
Onu da əlavə edək ki, yürüşün marşrutu bir qayda olaraq Əl-Əqsa məscidindən keçmir. Lakin yürüşə qatılan bir çox yəhudi Məscidül-Əqsanın həyətinə girərək təxribata davam edir. Bu gün səhər saatlarından etibarən Məscidül-Əqsaya basqın edən yəhudilərin sayının 800-ü keçdiyi bildirilir.
İsrail oktyabrın yeddisindən etibarən Qüdsdə məhdudiyyətləri artırdığı üçün bölgə yürüşdən əvvəl həmişəkindən daha sakitdir. Həmçinin, İsrail oktyabr ayından etibarən 55 yaşdan aşağı fələstinli kişilərin və 50 yaşdan aşağı fələstinli qadınların bölgəyə daxil olmasına mane olur.
Bayraq yürüşü yəhudi təqvimi ilə 1967-ci ildə İsrailin Şərqi Qüdsü işğal etdiyi gün keçirilir.
