Bakı, AzerVoice
X sosial şəbəkəsində bu gün ərzində ikinci dəfə texniki nasazlıq baş verib.
AzerVoice xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən Downdetector xidməti məlumat verib.
Məlumata görə, problemlərlə qarşılaşan istifadəçilərin 58 faizi
tətbiqin işləmədiyini,
31 faizi sayta girişdə çətinlik çəkdiyini, 11 faizi isə serverlə
əlaqənin tamamilə kəsildiyini bildirib.
İlon Maskın sözlərinə görə, sosial şəbəkəyə kiberhücum həyata keçirilib və bu kiberhücum hər hansı bir qrupla və ya ölkəylə əlaqəlidir.
"Biz hər gün kiberhücuma məruz qalırıq, lakin bu dəfə kiberhücum çoxlu resurslarla həyata keçirilib. Ya böyük, bir qrup, ya da bir ölkə bu işə qarışıb," - deyə o qeyd edib.
Nasazlıqlar Bakı vaxtı ilə 17:30-da başlayıb. Təxminən 10 dəqiqə sonra sosial şəbəkə yenidən işləməyə başlasa da, qısa müddət sonra problemlər yenidən artıb və 18:00-da pik həddə çatıb.
Ən çox şikayət Yaponiyadan gəlib – 42 mindən çox istifadəçi tətbiqin işləməməsindən narazılığını bildirib. Eyni zamanda, nasazlıqlar ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələrdə də qeydə alınıb.