BAKI,AzerVoice
ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə ən böyük töhfə
verən ölkə kimi, təşkilatdan çıxmaq qərarından sonra ÜST "kəməri
sıxmağa" məcbur olacaq.AzerVoice xəbər verir ki, bunu Ümumdünya
Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus
bildirib.
"ABŞ-ın təşkilatdan çıxmaq niyyətini elan etməsindən təəssüflənirik
(...) və onların bu qərarını yenidən nəzərdən keçirəcəyinə ciddi
ümid edirik. Vaşinqtonla konstruktiv dialoq imkanını məmnuniyyətlə
qarşılayacağıq. Biz iki strateji məqsədə nail olmaq üçün çalışırıq:
resursları səfərbər etmək və kəməri sıxmaq”-deyə o bildirib.
Ötən ay Ağ Evə qayıtdıqdan sonra ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə icra qərarı imzalayıb. O, prezidentliyinin birinci dövründə COVID-19 pandemiyasına yanaşmasına görə ÜST-ü sərt tənqid etmişdi. Trampın birinci dövründə ABŞ ÜST-dən çıxmaq istiqamətində addımlar atmışdı, lakin onun varisi Co Bayden dövründə bu qərardan geri çəkilmişdi.
Öz növbəsində, Barbadosun səhiyyə naziri və bu beynəlxalq təşkilatın İcraiyyə Şurasının sədri Cerom Valkot bildirib ki, "ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxacağını elan etməsi ilə yeni reallıqlarla üzləşməyə məcbur olduq."
Trampın qərarı təşkilatın daha sabit və etibarlı maliyyələşməyə ehtiyacı olduğunu ön plana çıxardı, çünki ÜST son illərdə könüllü ianələrə güclü şəkildə arxalanırdı. Təşkilatın İcraiyyə Şurası üzvlük haqlarının 20 faiz artırılmasını və 2030-cu ilə qədər büdcəsinin ən azı yarısını qarşılamağı tövsiyə edib.