Əsas səhifə » Təyyarə qəzasında həlak olanlar Azərbaycan Ordusunda bir dəqiqəlik sükutla yad edilib

Təyyarə qəzasında həlak olanlar Azərbaycan Ordusunda bir dəqiqəlik sükutla yad edilib

Bakı, AzerVoice

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.

Müdafiə Nazirliyindən AzerVoice-ə bildirilib ki, bu münasibətlə Azərbaycan Ordusunda anım mərasimi keçirilib.

Saat 12:00-da aviaqəza nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Digər Kateqoriyalar

2024 © Azervoice