Bakı, AzerPress
Türk dünyasının dahi oğlu Alparslan Türkeş 1917-ci ildə Lefkoşada anadan olub, 4 aprel 1997-ci ildə Ankarada vəfat edib. Ülkücülərin lideri olan Türkeş eyni dövrdə Türkiyənin siyasi həyatına təsir edən çox liderlərdən olub. Türkeş Kuleli Hərbi Liseyi və Hərbi Akademiyanı bitirdikdən sonra 1944-cü ildə kapitan rütbəsində olarkən “Turançılıq” ideyalarına görə mühakimə olunub. Məhkəmənin sonunda cəzası bir ildən az olduğu üçün orduya qayıda bildi və 1948-ci ildə Hərbi Akademiyanı bitirib. Türkeş 1959-cu ildə polkovnik rütbəsi alıb. 27 may 1960-cı il əməliyyatı bəyannaməsini radioda oxuyandan sonra onun adı tez-tez siyasi fiqur kimi hallanmağa başladı.
Bir müddət sonra səfir müşaviri kimi Hindistana göndərilən Türkeş 1963-cü ildə ölkəyə qayıdaraq Cümhuriyyətçi Kəndli Millət Partiyasına (CKMP) üzv olur.
O, 1965-ci ildə bu partiyanın sədri olub və elə həmin il deputat seçilib. Məşhur “9 İşıq” kitabındakı fikirlərə uyğun olaraq CKMP proqramını dəyişdirdi və 1969-cu ildə partiyanın adını Milliyyətçi Hərəkat Partiyası (MHP) olaraq dəyişdirdi.
1975-ci ildən sonra koalisiya hökumətlərində baş nazirin müavini vəzifəsini icra edən Türkeş 12 sentyabr çevrilişindən sonra 4,5 il həbsdə olub. 1987-ci ildə siyasətə qoyulan qadağanın aradan qaldırılması ilə Milliyətçi İşçi Partiyasına (MÇP) qatıldı və həmin il keçirilən növbədənkənar qurultayda sədr seçildi.
1991-ci il ümumi seçkilərində seçki ittifaqı quran MÇP lideri Türkeş yenidən parlamentə girdi. Lakin sonradan MHP-yə çevrilən partiyası 1995-ci ildə keçirilən ümumi seçkilərdə Türkiyədi sekçi barajını keçə bilmədiyi üçün Türkeş də parlamentdən kənarlaşdırılıb.
Alparslan Türkeş 4 aprel 1997-ci ildə Ankarada ürək tutması nəticəsində dünyasını dəyişib.