Əsas səhifə » Yaxın Şərqin çokmüş demokratiyası

Yaxın Şərqin çokmüş demokratiyası

Nash Weerasekera/Majalla

Azer Voice

Bakı,VOA

İsrail uzun illərdir ki, Qərb mətbuatında və akademik araşdırmalarda “Yaxın Şərqdə yeganə demokratiya” kimi qələmə verilir. Bununla belə, yəhudi dövləti totalitar rejimin xüsusiyyətlərini  daşıyır. Bu rejimin mərkəzində Benyamin Netanyahu və ya onun tərəfdarlarının dediyi kimi “İsrail Kralı”adlandırılın, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir durur.

Bu iki  şəxsin ətrafını 50 ildir elə ekstremistlər əhatə edib ki, onlar yəhudilərə irqi üstünlük qazandıran qanunların, sosial media hesablarında Qəzzadakı müharibəni pisləyən bəzi yəhudi vətəndaşlara qarşı təzyiqlərin və xarici media orqanlarının bağlanması üçün yeni qanunların qəbulunu dəstəkləyirlər.

Netanyahunun İsrailində ağıllı bir diktatura sistemi hökm sürür. “Sehrbaz” kimi də tanınan və İsrailin ən uzun ömür sürən baş naziri olan Netanyahu nümayişlərə icazə vermək, azad seçkilərdə iştirak etmək, parlamentdə müxalifət liderləri ilə razılaşmamaq və məhkəməyə tabe olmaq kimi demokratik idarəçiliyin bəzi üsullarından istifadə edir.

Maraqlısı isə budur ki , bütün bunlardan şəxsi maraqları üçün və avtoritarizmin alt axınından idarəetmə qurmaq üçün istifadə edir.

Beləliklə, İsrailin idarəetmə sistemi həm demokratiyanı, həm də diktaturanı birləşdirən hibrid sistemə çevrilib. Bununla belə, xüsusilə 1967-ci ildən bəri davam edən qeyri-qanuni hərbi işğal səbəbindən diktaturanın xüsusiyyətləri daha çox üstünlük təşkil edir.

banner

Biz İsraildən başqa, ordusu başqa xalqa qarşı soyqırım törədərkən göz yuman demokratik siyasi sistemə rast gəlmirik. Demokratik sistemlərdə insan hüquqlarının pozulması və müharibə cinayətlərinin ortaya çıxması qaçınılmaz olduğundan, ictimaiyyətin böyük əksəriyyəti dərhal müharibənin başlamasının əleyhinədir. Çünki bu insanlar meşə qanunları ilə deyil, insani dəyərlərlə idarə olunurlar.

İsraildə isə Baş nazirin ritorikasını şübhə altına alan hər kəs “satqın və sui-qəsdçi” damğasına layiqdir.

İsraillilərin əksəriyyətinin fikrincə, Qəzzada qurban yoxdur, ordu özünümüdafiə müharibəsi aparır. Onlar hər gün uşaqların öldürülməsi və yaralanmasının dəhşətli səhnələrini görmürlər.

İsrailin “azad mətbuatı” Qəzzadakı müharibə cinayətlərinə və orada baş verənlərlə bağlı beynəlxalq və Fələstin hekayələrinə məhəl qoymur və onları sadəcə iqnor edir. Onlar üçün elə bil oktyabrın 7-dən heç nə olmayıb. Bir neçə gün əvvəl Qəzzanın mərkəzindəki Nuseyrat Qaçqınlar Düşərgəsində HƏMAS və digər Fələstinli silahlı qruplar tərəfindən qaçırılan 4 girovu xilas etmək üçün həyata keçirilən əməliyyatda yüzlərlə fələstinli həlak olub, çoxlu sayda fələstinli yaralanıb. “Demokratik” dövlətin mətbuatı əməliyyatı günlərlə “qəhrəmancasına cərrahi əməliyyat” kimi qələmə verdi. O, əsgərlərinin şücaətini tərifləsə də, fələstinli mülki itkilər barədə bir kəlmə də danışmadı.

Bu gün kütləvi qətllərin, etnik təmizləmələrin və qırğınların baş verməsində İsrail hakimiyyətindəki rejimin xarakteri də mühüm faktordur. Bu gün İsraili açıq şəkildə fələstinlilərin öldürülməsinə, yəhudilərin vahid dövlətinə və Qəzzanın nüvə məhvinə çağıran ekstremistlər idarə edir. Netanyahunun siyasi diskursunda istifadə olunan sözləri təhlil etdiyimiz zaman bunun yəhudiliyi siyasiləşdirən və dini ekstremist sionizmə müraciət edən populist bir diskurs olduğunu görürük.

İsrailə girməzdən əvvəl jurnalistin etməli olduğu ilk şey “hərbi senzura”nın qoyduğu şərtləri qəbul etməkdir. Müvəqqəti mətbuat kartı almaq üçün anket dolduran jurnalist “potensial mübahisəli” mövzularda məqalələri dərc edilməzdən əvvəl İsrail hakimiyyətinə göndərməyi öhdəsinə götürməlidir. Xəbərdarlıq edilir ki, bu edilməsə, jurnalist İsraildə jurnalist işləmək hüququnu itirə və yenidən ölkəyə girişi qadağan oluna bilər. Praktikada belə bir şey baş verməsə də, forumda bu bəndin olması xarici jurnalistlərə hədə-qorxu mesajı verir və onları bir növ özünüsenzura tətbiq etməyə məcbur edir.

Demokratiya dörd sütun üzərində qurulub: azad seçkilər, ifadə və mətbuat azadlığı, nümayiş azadlığı və qanunun aliliyi. Dördüncü sütun baxımından İsraildə qanunların dövlətin vətəndaşları arasında ayrı-seçkilik etdiyini, irqi və məzhəb ayrı-seçkiliyini əhatə etdiyini görürük. Netanyahunun rəhbərlik etdiyi əvvəlki hökumət dövründə İsrail 2018-ci ildə Yəhudi Millət Dövləti Qanununu qəbul etdi və bu qanunda yəhudilərin kollektiv hüquqlarının statusunu ərəblərə vətəndaşlıq əsasında verilən fərdi siyasi hüquqlardan üstün tutdu. Beləliklə, İsrail 1948-ci ildə yarandığı gündən bəri irəli sürdüyü liberal demokratik məqsədlərindən uzaqlaşdı.

“Məhkəmə islahatları”, daha doğrusu, İsrail Ali Məhkəməsinin səlahiyyətlərinin azaldılmasını və məhkəmə sisteminin yenidən qurulmasını nəzərdə tutan hərtərəfli dəyişiklikləri qəbul etməyə çalışan Netanyahunun ictimai emosiyaları siyasi məqsədlər üçün manipulyasiya etmək məqsədi daşıyan populist ritorikası qanunun aliliyi prinsipinə ziddir.

Bu, “millət lideri”nə tam və mütləq dəstək tələb edən “milli namus” diskursudur və liderin bəyanatlarını şübhə altına alan hər kəs “xain və sui-qəsdçi” damğasına layiqdir.

Azad seçkilərə gəldikdə demokratiyanı açıq-aşkar sarsıtmasına baxmayaraq, bir şəxsin və ya partiyanın seçki qutusu vasitəsilə dəfələrlə seçilə bilməsi İsrailin siyasi sirrlərindən biri hesab olunur.

Netanyahu ilk dəfə baş nazir olduğu 1996-cı ildən bəri müxtəlif seçkilərdə bir çox hökumətlərə rəhbərlik etməyi bacarıb. O, siyasi karyerası boyu “böyük siyasi fırtına” yaratmağı bacarıb.

Netanyahu korrupsiya qalmaqalları, ultra irqçi partiyalarla ittifaq, işğal altındakı İordan çayının qərb sahilindəki dini partiyalara və yaşayış məntəqələrinə imtiyazların verilməsi və vergilərdən azad olunması, Qəzza müharibəsinin uzadılması və bir çox israillinin istefaya məcbur edilməsi kimi müxtəlif skandallara imza atıb.

Nəhayət, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru məhkəmədən Netanyahu və müdafiə naziri Yoav Gallantın Qəzzada müharibə cinayətləri və soyqırım törətməkdə ittiham olunaraq həbsinə order verilməsini istəyib.

Netanyahu özünü xalqının fədaisi kimi təqdim edir. O, tərəfdarlarını öz millətini və şərəfini təmsil edən “təqib olunan” liderlərinə kor-koranə və tənqidsiz sədaqət göstərməyə çağırır. Əgər İsrail olduğu kimi “Yaxın Şərqdə yeganə demokratiyadır”sa, o, şübhəsiz ki, təqlid ediləcək bir model deyil.

*Bu məqalə Londonda yerləşən “Əl Məcəlla” jurnalından “AzerVoice” tərəfindən tərcümə edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice