Bakı, AzerPress:
Xəzər təbii qazının Türkiyə və Avropaya nəqli həm türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
AzerPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.
“Ankarada fövqəladə zirvə toplantısında təsis müqaviləsini imzaladığımız Türkiyə İnvestisiya Fondunun bir an əvvəl fəaliyyətə başlamasını istəyirik. Ötən gün parlamentimizdə bununla bağlı razılaşma qəbul olundu. Meqa enerji və nəqliyyat infrastrukturu layihələri həmişə Türkiyə dövlətləri arasında əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və Trans Anadolu boru kəməri buna konkret misaldır”, – deyə o əlavə edib.
Xatırladaq ki, bu il mayın 30-da Azərbaycan razılığını bildirdikdən sonra Türk dövlətlərinin iqtisadi inteqrasiyasını təmin etmək məqsədilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın üzv olduğu “Türk İnvestisiya Fondu”-nun yaradılması üzv dövlətlər və Türk Dövlətləri Təşkilatı rəhbərliyi tərəfindən təsdiqlənib.
Ləman Əsədli
Twitter: Lamanasadli01