Əsas səhifə » Uşaqlara üzr istəməyin vacibliyini necə anlatmaq olar?

Uşaqlara üzr istəməyin vacibliyini necə anlatmaq olar?

Narmin Ağayeva

Bakı, AzerVoice

Uşaqlara üzr istəməyin əhəmiyyətini öyrətmək, onların empatiya və sosial məsuliyyət hissini gücləndirmək üçün çox vacibdir.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyəli Neyropsixoloq Merve Tuğçe Doğru danışıb.

Bu prosesdə məcburi üzr istəmək uşaqlarda empatiya hissini zəiflədə bilər və məsuliyyət duyğusunun formalaşmasına mane ola bilər. Bunun əvəzinə, uşaqlara üzr istəməyin nə demək olduğunu və niyə vacib olduğunu izah etmək daha effektivdir.

Doğru, konkret nümunələrdən istifadə edərək uşaqlara üzr istəməyin mahiyyətini başa salmağın əhəmiyyətini qeyd edir. Valideynlər öz həyatlarından real misallar gətirərək, hansı vəziyyətlərdə üzr istədiklərini və bunun niyə vacib olduğunu izah etməklə, uşaqlarda empatiya hissini asanlıqla inkişaf etdirə bilərlər.

Uşaqların üzr istəməyə hazır olduqları ən uyğun dövr onların sosial və emosional inkişafına bağlıdır. Ümumiyyətlə, 4-5 yaşlarından etibarən uşaqlara üzr istəməyin əhəmiyyətini izah etmək daha təsirli olur. Bu dövrdə uşaqlarda sosial şüur yaranır və empatiya qurmağa başlayırlar, beləliklə üzr istəməyin mənasını dərk edə bilərlər.

Tuğçe Doğru qeyd edir ki, valideynlərin öz övladlarını hörmətlə yanaşaraq böyütmələri də bu prosesə müsbət təsir edir. Uşaqlar başa düşməlidir ki, səhv etmək insana xasdır, lakin səhvlərini qəbul etmək və üzr istəmək sosial münasibətləri daha da möhkəmləndirir.

Uşaqlara üzr istəməyi öyrətmək və bu prosesi daha asan etmək üçün bir neçə təsirli üsul mövcuddur.

banner

Sakitləşmə dövrü
Üzr istəməzdən əvvəl həm uşağın, həm də böyüyün sakit olmasına şərait yaradın. Əsəbi və ya narahat anlarda üzr istəmə tələb etmək uşağın səmimi olmadan bunu etməsinə səbəb ola bilər.

Empatiyanı inkişaf etdirmək
Üzr istəməkdən əvvəl uşağa qarşı tərəfin niyə üzüldüyünü başa salmaq vacibdir. Bu, onun empatiya qurmasına kömək edəcək və üzr istəməyin mənasını daha dərindən anlamasına səbəb olacaq.

Əsas ehtiyacların qarşılanması
Uşaq ac və ya yorğun olanda üzr istəmə prosesinə başlamaq uyğun deyil. Əvvəlcə onun bu ehtiyaclarının təmin olunmasına diqqət yetirmək lazımdır.

Utandırmamaq
Uşaqları başqalarının qarşısında üzr istəməyə məcbur etmək onları utandıra və özlərini dəyərsiz hiss etmələrinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün üzr istəmə prosesini daha fərdi şəkildə həyata keçirmək daha məqsədəuyğun olar.

Seçim hüququna hörmət
Uşaqlara üzr istəmək seçimi verin və bunu nəzakətli şəkildə etmələri üçün həvəsləndirin. Əgər uşaq istəmədiyini deyirsə, onu məcbur etmədən düşünməsinə imkan verin.

Üzr istəmə səbəbini izah etmək
Uşağa niyə üzr istəməsinin lazım olduğunu izah edin. Onun üzr istəməyin sadəcə bir öhdəlik deyil, məsuliyyətin bir hissəsi olduğunu başa düşməsi üçün bu izah vacibdir.

Modelləşdirmə
Böyüklərin səmimi üzr istəmə davranışları uşaqlar üçün nümunə rolunu oynayır. Onlar görəcəklər ki, üzr istəmək səhvləri qəbul etmək və münasibətləri düzəltmək üçün vacib bir addımdır.

Şəxsi nümunələr vermək
Öz həyatınızdan üzr istədiyiniz vəziyyətləri uşağa izah edin. Bu, ona daha yaxşı dərs verə və üzr istəməyin vacibliyini hiss etdirə bilər.

Üzrxahlıq mövzusunun bağlanması
Uşaq üzr istəyəndən sonra məsələni bitirmək və təkrar bu mövzuya qayıtmamaq vacibdir. Mövzunun davamlı vurğulanması uşağın üzr prosesinə qarşı mənfi hisslər bəsləməsinə səbəb ola bilər.

    Digər Kateqoriyalar

    2023 © AzerVoice