Əsas səhifə » Ərdoğan – Əsəd barışığı Suriya müxalifətinin məğlubiyyətidir ?

Ərdoğan – Əsəd barışığı Suriya müxalifətinin məğlubiyyətidir ?

Yamin Savalanli

Bakı, AzerVoice

Türkiyədə Suriyaya qarşı iğtişaşlar və Suriyadakı etirazlar iki ölkə arasındaki münasibətlərdə ortaya çıxan dəyişmə dövrünün bir simvolu hesab olunur.

Bu dövrdə Türkiyənin bəzi bölgələrində anti-Suriya əhval-ruhiyyəsi artdı. Bununla yanaşı Türkiyə hökuməti ilə münasibətləri normallaşdırmağa yaxınlaşan Bəşər Əsəd rejiminə qarşı olan həm Türkiyədə, həm də Suriyada yaşayan suriyalıların narahatçılıqları artmağa başladı.

Suriyalı bir şəxsin 7 yaşlı suriyalı qıza cinsi təcavüzdə ittiham edilməsindən sonra İyunun 30-da Kayseridə Suriyaya qarşı iğtişaşlar başladı.

banner

Suriyalıların Türkiyədən deportasiyasını tələb edən nümayişçilər suriyalılara məxsus mağazaları yandırdı və çoxlu sayda avtomobillərə ziyan vurdu.

Türkiyə rəsmiləri zorakılıq və iğtişaşlar törətmələri səbəbilə 470 nəfəri həbs etdi. Daha sonra Türkiyədəki 3,5 milyondan çox suriyalının pasport məlumatları və yaşayış yerləri də daxil olmaqla, şəxsi məlumatlarını dərc etdiyi iddia edilən 14 yaşlı uşaq da saxlanıldı.

Zorakılıq sərhədin hər iki tərəfindəki suriyalılar üçün də narahatlıq yaratdı.

Bir gün sonra Türkiyənin dəstəklədiyi Suriya müxalifət qüvvələrinin nəzarətində olan Suriyanın şimalındaki Afrin şəhərində insanlar Türkiyədəki soydaşları ilə həmrəylik məqsədiylə nümayişlər keçirməyə başladılar.

33 yaşlı Afrin sakini Firas Əbu Cavad, “Bu etirazlar əvvəlcə dinc xarakterli olub və icra hakimiyyətin iqamətgahına doğru yönəldi, lakin nümayişçilər [orada dalğalanan] Türkiyə bayrağını endirdikdən sonra dinc aksiyalar öz seyrini dəyişdi” dedi.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bu hadisələrin ardınca toqquşmalar baş verib və Afrində və başqa bir qəsəbə olan Cerablusda Türk mövqelərini qoruyan şəxslərlə yaşanan toqquşmalarda 7 nümayişçi həyatını itirdi.

Əsəd rejimi-Türkiyə münasibətlərində buzlar əriyir

Suriyalıları isə şiddətdən çox narahat edən şey Türkiyə ilə Dəməşq rejimi arasında yaxınlaşmanı mümkün edən diplomatik addımlardır.

Prezident Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminə qarşı Suriya müxalifətinin qatı tərəfdarı olub. O, 2011-ci ildə Əsəd rejimi ilə əlaqələri kəsib və Əsədin devrilməsinə yönəlmiş etiraz hərəkatlarına dəstək göstərib.

Əsəd baş verən etirazları şiddətli repressiya və vəhşiliklə yatırmağa cəhd edəndə Türkiyə hərbi və siyasi dairələrə dəstək verməklə Suriya müxalifətinin can damarına çevrildi.

Türkiyə həmçinin dünyada ən çox olmaqla 3,6 milyon qeydiyyatdan keçmiş suriyalı qaçqına ev sahibliyi edir və PKK-nın Suriya qolu olan YPG-yə qarşı əməliyyatlar aparmaq üçün sərhəd boyu hərbi fəaliyyətlər həyata keçirir.

Türkiyə YPG-ni “terror təşkilatı” hesab edir. Lakin bu qrup ABŞ və Avropa Birliyi tərəfindən “terror təşkilatı” kimi qəbul edilmir. Əslində sözügedən qrup ABŞ-ın Suriyanın şimalındakı ən mühüm müttəfiqidir.

Türkiyənin bölgədəki tərəfdaşları ümumiyyətlə Əsəd rejiminə qarşı sayılan qruplar olub. Türkiyə ordusunun təxminən 9 min kvadrat kilometrlik sərhəd bölgələrində olması Əsəd rejimi qüvvələrinin hücumlarına qarşı müdafiəni təmin edib.

Bununla belə, Ərdoğan son illər Əsəd rejimi ilə yaxınlaşma ehtimalından dəfələrlə danışıb və iyulun 7-də Əsədi danışıqlara dəvət edəcəyini bildirib.

Ərdoğan “Bizim dəvətimiz hər an edilə bilər. Bəşər Əsəd Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq üçün bir addım atarsa, biz də ona bu yanaşmanı göstərəcəyik”- deyib.

Ərdoğan bu çağırışı bir həftə sonra da təkrarladı. İraqın xarici işlər naziri Moskvanın da dəstəklədiyi mümkün görüşün Bağdadda keçirilə biləcəyini deyib. Bu arada Əsəd iyulun 15-də deyib ki, o, Ərdoğanla ancaq Ankaranın suriyalı müxalif qruplara göstərdiyi dəstəyini gündəmə gətirəcəyi təqdirdə görüşəcək.

Əsədin əvvəllər Türkiyə ilə əlaqə yaratmaq üçün təklif etdiyi şərtlər arasında Ankaranın müxalifətə olan dəstəyini dayandırması və hərbi qüvvələrini Suriyadan çıxarması da var idi.

Fikir dəyişikliyi?

Bəs Türkiyə niyə öz oxunu dəyişirmiş kimi görünür?

Atlantik Şurasının araşdırmaçısı Ömer Özkızılcık, “Ankara Suriyadakı təhlükəsizlik durumundan narazıdır və ABŞ-ın həll yolu təklif etmədiyini və ya YPG-ni qurban verməyə hazır olmadığını hiss edir” dedi. O, ABŞ-ın əsasən YPG-dən ibarət Suriya Demokratik Qüvvələrinə (SDQ) davam edən dəstəyini nəzərdə tutur.

Türkiyə PKK və onun uzantılarını əsas təhdidi kimi görür və Ankara bu qrupların Suriyanın şimalındaki mövcudluğunu davam etdirməsini həll edilməsi lazım olan bir məsələ hesab edir.

Ehtimal olunur ki, hazırda SDQ ilə münaqişədən qaçırmış kimi görünən Əsəd Türkiyənin bu qrupa qarşı addımını dəstəkləməyə razılaşdırıla bilər.

Əsəd rejimi özünü təhlükəsiz hiss etdiyinə görə və əvvəllər silahlı müxalifəti dəstəkləyən ərəb dövlətləri ilə münasibətləri normallaşdırdığı üçün Türkiyədə bir çox insan “daşların yerinə oturduğunu” və Əsəd rejimi ilə bir razılaşmanın lazım olduğunu düşünür.

Bununla belə, bəzi ekspertlər hesab edir ki, bu, Türkiyə hökumətinin son illərdə Suriyada, xüsusən də Əsədin güclü dəstəkçisi olan və onun adından müxalifətin nəzarətində olan ərazilərə hücumlar həyata keçirən Rusiya ilə koordinasiya halında olmasından dolayı, artıq tətbiq edilən bir siyasətdir.

Yaxın Şərq İnstitutunun Türkiyə proqramının qurucu direktoru Gönül Tol isə “2016-cı ildən bəri Ərdoğanın Suriya siyasəti Əsəd rejiminə kömək etmək oldu” deyir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə isə bu belə deyil.

“Əl-Cəzirə” kanalına danışan Fidan Ərdoğanın “sülh vizyonunun” bir hissəsi olan “normallaşma” ilə bağlı bir hökumətin xarici siyasətinin olduğunu bildirib.

Fidan uzun müddətdir davam edən, həm Əsəd rejiminin, həm də müxalifətin iştirak etdiyi Astana sülh prosesinə və kəşfiyyat rəsmiləri arasında aparılan danışıqlara diqqət çəkib.

Fidan, “Bölgə hazırda sülh və sabitlik axtaran bir iqlimdədir” dedi.

“Dövrümüzün ruhu bizi sülh və sabitlik axtarmağa məcbur edir”.

Fidan, “Türkiyə olaraq prioritetlərimiz nələrdir? Biz təkcə özümüzü düşünmürük. Suriyanın ehtiyacları nələrdir? Siyasi müstəqillik, ərazi bütövlüyü. Bunlar bizim gündəmimizdə olan çox önəmli məsələlərdir” dedi.

Fidan Suriya müxalifətinin tərk ediləcəyi ilə bağlı iddiaları da rədd edib.

“Suriya müxalifəti ilə bağlı mövqeyimizi dəyişmirik. Suriya müxalifətinin rejimlə əlaqələri onların öz azad qərarları və azad seçimləri əsasında qurulur” deyən Fidan, müxalifət döyüşçülərinin Türkiyənin təhlükəsizliyini qorumaq üçün türk əsgərləri ilə birlikdə döyüşdüklərinə diqqət çəkdi.

Fidan, “Bizim bu fədakarlığı unutmağımız mümkün deyil… Bu fədakarlıqları unutmağımız və onları tərk edib öz hallarına buraxmağımız mükazirə mövzusu ola bilməz”,- deyə əlavə etdi.

Türkiyədə bəzi insanlar Əsədlə əməkdaşlığın qaçqınların öz evlərinə dönməsinə səbəb olacağını desələr də, Özkızılcık bunun yanlış bir təsəvvür olduğunu bildirir.

Özkızılcık, “Əsəd qaçqınların geri qayıtmasını qəbul etməyə qadir və ya razı deyil və YPG-yə qarşı bir ortaq da deyil” dedi.

“Normallaşdırma səyləri Əsəd rejimini Suriyada siyasi bir həll yoluna getməyə təşviq etmədi, əksinə, onun güzəştə getməmək siyasətini gücləndirdi”.

Fidan Türkiyənin qaçqınlarla bağlı siyasətinin dəyişmədiyini bildirir:

“Hökumətimizin siyasəti heç vaxt dəyişməyib. [Ərdoğanın] fikri hələ də eynidir, onun iradəsi hələ də eynidir. Biz heç kimi buradan könüllü istəmədiyi müddətcə buradan çıxarmaq niyyətində deyilik. Bu mövzuda təxribat xarakterli iddiaların heç bir əsası yoxdur. “

Gönül Tola görə, Ərdoğan Suriya ilə əldə ediləcək bir razılaşmanın “[Türkiyə] Suriyanın şimalında yenidənqurma işlərinə sərmayə qoyacağı və [Suriyanın] Türkiyədən gələn qaçqınları qəbul edəcəyi” gözləntisi içində ola bilər.

Tol əlavə edib ki, bu, Ərdoğan üçün “qazan-qazan vəziyyət” olacaq, çünki Türkiyə ucuz tikinti təmin edə və qazancdan faydalana bilər, Suriyanın isə sərmayələrə böyük ehtiyacı var.

Bu arada Ərdoğan bir milyon suriyalının könüllü şəkildə ölkələrinə qayıtmasını təşviq etmək üçün seçki kampaniyası vədini yerinə yetirə bilər.

Bununla belə, yaxınlaşma üçün Türkiyənin bəzi təminatlar, o cümlədən PKK-ya qarşı təhlükəsizlik zəmanəti alması lazımdır ki, Əsədin də bu zəmanəti verməyə həvəsli olmaya bilər.

Beyrutdakı Malkolm Kerr Karnegi Yaxın Şərq Mərkəzində qonaq araşdırmacı olaraq çalışan Armenak Tokmacyan deyir: “Bu danışıqların uğur qazanma ehtimalı o qədər də yüksək deyil, çünki mübahisəli məsələlər və fikir ayrılıqları həddən artıq çoxdur və mürəkkəbdir”.

“Ancaq uğur qazansalar, Suriyanın şimal sərhəd bölgəsini əhəmiyyətli dərəcədə dəyişə biləcək bir prosesə start vermiş olacaqlar”.

Suriyalılar üçün ‘dözülməz’
Suriyanın şimalında vəziyyət getdikcə mürəkkəbləşdikcə, bir çox suriyalı qaçqın Türkiyə sərhədindən kənarda onlar üçün təhlükəli hala gəldiyini deyir.

Kayseridə baş verən hadisədən sonra Türkiyə vətəndaşlarından ibarət izdihamlı dəstələr ölkənin müxtəlif şəhərlərində suriyalılara və onların iş yerlərinə hücum etməyə başladı.

Türkiyədə anti-Suriya əhval-ruhiyyəsinin artmaqda davam etməsi Türkiyə hökumətini çətin vəziyyətə salır. Ərdoğan qaçqınlara ev sahibliyi etmək prinsipini dəstəkləməkdə davam etsə də, son hadisələrdən sonra “cəmiyyətdə ksenofobiya və qaçqınlara qarşı nifrət aşılamaqla, təhrik etməklə” heç nəyə nail olmayacağını bildirib və Türkiyə müxalifətini zorakılığı qızışdırmaqda ittiham etdi..

Bununla belə, çətin vəziyyətdə olan iqtisadiyyat və Türkiyədəki müxalif qrupların qaçqın və Suriya əleyhinə ritorikasının getdikcə artması, Suriya tərəfdarı mövqeyin Türkiyədə getdikcə daha çox bəyənilməməsinə səbəb olub.

Sərhəd qapısının İctimaiyyətlə Əlaqələr və Media Direktoru Mazen Alluşun sözlərinə görə, Türkiyədəki suriyalıların ümumi vəziyyətinin pisləşməsi 2024-cü ilin ilk yarısında təkcə Bab əl-Həva sərhəd qapısından Suriyaya təxminən 12 min “könüllü” qayıdışına səbəb olub.

Ərəb və İslam Dünyasının Tədqiqat və Araşdırma İnstitutunun (İREMAM) Suriya üzrə eksperti Tomas Pierret, “Suriyalılara qarşı bu narazılıq uzunmüddətli bir məsələdir” deyir.

“Ən azı on ildir ki, [bəzən] zorakılıq hadisələri olub”.

Türkiyədəki bir çox suriyalı özlərinin və ailələrinin təhlükəsizliyindən getdikcə daha çox narahat olur.

Son iğtişaşlardan sonra Qaziantepdə bir çox küçələr boş qalıb və şəhərdəki suriyalı bizneslər bağlanıb.

Əl-Cəzirə kanalına danışan 42 yaşlı suriyalı mağaza sahibi Nur Əbu Hişam*, “Türkiyədə suriyalılar hər an hücuma məruz qalma riski altındadırlar və belə bir hücum onların həyatları bahasına başa gələ bilər” dedi və əlavə etdi: ” hücuma məruz qalma və talan ediləcəyindən qorxaraq altı gündü ki dükkanımı bağlamışam.

Əbu Hişam deyir ki, o, 2016-cı ildə Suriyanın Həma şəhərini tərk edib, lakin həyat yoldaşını və iki qızını Suriyaya qaytarmaq üçün əlində nə varsa satmağı planlaşdırdığını söyləyir.

“Vəziyyət dözülməzdir” deyir. “Övladlarımı qorumaq və daha təhlükəsiz həyat şəraiti təmin etmək üçün Türkiyəyə gəlmişəm, lakin bu gün bu təhlükəsizlik artıq yoxdur”.

*Firas Abu Cevad və Nur Abu Hişam müsahiblərin kimliyini qorumaq üçün istifadə edilən təxəllüslərdir.

Digər Kateqoriyalar

2023 © AzerVoice