Bakı. AzerPress:
Türkiyə təhlükəsizlik qüvvələri PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı ölkədaxili və sərhədyanı (İraq və Suriyanın şimalı) əməliyyatları davam etdirir. Bu tədbirlər çərçivəsində son bir həftə ərzində 45 terrorçu zərərsizləşdirilib. Beləliklə, 2023-cü il ərzində zərərsizləşdirilən terrorçuların sayı 2120-yə yüksəlib.
AzerPress xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk deyib.
Türkiyə Silahlı Qüvvələrinin bütün hazırkı əməliyyat və missiyalarla yanaşı, milli və beynəlxalq təlim fəaliyyətlərini də davam etdirdiyinə diqqət çəkən Aktürk bildirib ki, TCG PREVEZE sualtı qayığı ilə ilk milli torpedo atışı dekabrın 26-da Antalya Körfəzində planlaşdırılır.
İsrail-Fələstin qarşıdurmasına toxunan Aktürkün sözlərinə görə, indiyədək Türkiyədən Qəzzaya 15 təyyarə ilə 228 tondan artıq humanitar yardım göndərilib. Müalicə üçün Türkiyə gətirilənlərin sayı isə 524 nəfərdir.