Bakı. AzerPress:
Türkiyə və Yunanıstan arasındakı nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün İpsala-Kipi Sıbır bölgəsində ikinci avtomobil yolu sərhəd-keçid körpüsü tikiləcək.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
“Türkiyə-Yunanıstan əlaqələrində açılan yeni səhifə qarşılıqlı investisiyalarla daha da sürətlənəcək. Meriç çayı üzərindəki mövcud İpsala-Kipi körpüsü 1958-ci ildə inşa edilib, körpüdə heç bir struktur problemi yoxdur, lakin artan ağır nəqliyyat vasitələri və istifadənin intensivləşməsi səbəbindən körpü istifadəyə yararsızdır. Meriç çayı üzərindəki 65 illik körpü hazırkı ehtiyacı ödəyə bilmədiyi üçün bölgədə ikinci körpü tikiləcək”,- deyə nazir bildirib.
Abdulkadir Uraloğlu, körpü layihəsi ilə bağlı təfərrüatları da açıqlayıb.
“Körpünün göyərtəsinin dibi ilə çay səthi arasındakı hündürlük 10 metr olacaq. Körpü tək göyərtədə 2×2 zolaqlı olaraq layihələndirilib. Körpünün tikintisi üzrə tender, Yunanıstan və Türkiyə tərəfi üçün ayrı-ayrı veriləcək. Həm Yunanıstan, həm də Türkiyə tərəfinə nəzarət etmək üçün birgə yoxlama qrupu yaradılacaq”,- deyə Uraloğlu vurğulayıb.
Xatırladaq ki, 7 dekabr tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci iclasında iştirak etmək üçün Afinaya rəsmi səfər edib. İclas çərçivəsində Türkiyə ilə Yunanıstan arasında təhsil, enerji, nəqliyyat, turizm və ticarət sahələrində razılaşmalar, anlaşma memorandumları və bəyannamələr imzalanıb.
Aytac Süleymanova
Twitter: a_alieva_