Əsas səhifə » Türkiyə ilə “yaşıl” enerjinin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanılıb – Nazir

Türkiyə ilə “yaşıl” enerjinin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanılıb – Nazir

Laman Asadli

Bakı. AzerPress:

Azərbaycanla Türkiyə regionda birgə “yaşıl” gələcək inşa etmək üçün böyük imkanlara, örnək enerji əməkdaşlığı modelinə, ən əsası dövlət rəhbərlərinin timsalında güclü siyasi dəstəyə malik olan mütəffiqlərdir.

AzerPress xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Yaşıl enerji və smart city” mövzusundakı panelində çıxışı zamanı deyib.

“Azərbaycanın 2030-cu ilədək təmiz ətraf mühitə və “yaşıl artım”a, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl” enerji zonaları kimi inkişafına nail olmağı, “yaşıl” enerjinin təchizatçısına çevrilməyi hədəfləyən strategiyası Azərbaycan-Türkiyə enerji əməkdaşlığının bu yeni istiqamətdə inkişafını təşviq edir. Azərbaycan Prezidenti İlham Əliyevin bərpa olunan enerjinin inkişafını və bu enerjinin müxtəlif marşrutlarla dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti Türkiyə ilə “yaşıl” enerji dəhlizinin qurulmasını, ölkəmizlə Avropa arasında elektrik enerjisi üzrə də körpü olmasını şərtləndirir.

banner

Türkiyə ilə “yaşıl” enerjinin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanılıb. Növbəti illərdə 10 qiqavatadək “yaşıl” enerji güclərinin yaradılması və bunun 5 qiqavatının müxtəlif marşrutlarla ixracı ilə bağlı planlarımızda Türkiyə əsas tərəfdaşlarımızdandır. Türkiyə ilə “yaşıl” enerji tərəfdaşlığımızın əsas ağırlıq mərkəzləri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur kimi geostrateji əhəmiyyətli bölgələrimizdir”, – deyə nazir əlavə edib.

Pərviz Şahbazovun sözlərinə görə, Türkiyənin “Baltech” şirkəti ilə əməkdaşlıq təkcə yaşıl enerjinin istehsalı ilə məhdudlaşmır, eyni zamanda bu enerjinin Türkiyəyə ötürülməsi, şəbəkəyə inteqrasiyası kimi istiqamətləri əhatə edir:

“Bununla yanaşı, Naxçıvanda beynəlxalq enerji şirkətləri ilə “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq edilir ki, burada da diqqət istehsal olunacaq enerjinin əsasən Türkiyə istiqamətində ixracına yönəlib. Naxçıvandan 1000 meqavatdan çox enerjinin Türkiyə və Avropaya ixracı strateji hədəfinə uyğun olaraq Azərbaycan – Türkiyə – Avropa enerji dəhlizinin yaradılması əsas prioritetlərimizdən biridir. Bu məqsədlə hazırda enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, habelə enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyası Şəbəkəsinə (ENTSO-E) qoşulması ilə əlaqədar müvafiq addımlar atılır”.

Nazir bildirib ki, “Türkiyə – Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası ilə əlaqədar “TEİAŞ” və “Azərenerji” ASC arasında 2023-2025-ci illər üzrə Yol Xəritəsi həyata keçirilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice