Bakı, AzerPress:
“Türk axını” təbii qaz boru kəməri ilə Türkiyənin istədiyi həcmdə qaz nəqli həyata keçirilir.
AzerPress xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstanbuldakı baş konsulu Andrey Buravov açıqlama verib.
Baş konsul onu da qeyd edib ki, təbii qazı Türkiyə üzərindən almaq istəyən üçüncü ölkələrə göndərmək imkanları var.
“Türkiyədə ilk atom elektrik stansiyasının tikintisi davam edir. İlk reaktor işə düşmək üzrədir və burada nəinki yeni qurğu qurulur, həm də Türkiyədə iqtisadiyyatın yeni qolu yaradılır. Bu sahədə mühəndis-texniki işçilər səviyyəsində işləyəcək kadrların hazırlanması Rusiyada həyata keçirilir. Bu yolla Türkiyədə nüvə enerjisi sahəsində işləyə biləcək yeni mühəndislər qrupu yaradılacaq. Düşünürəm ki, bu, çox vacib amildir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.
2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.
Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.
Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir.