Əsas səhifə » Tərcümə sənəti və mədəniyyətlərarası ünsiyyət zamanı yaranan çətinliklər

Tərcümə sənəti və mədəniyyətlərarası ünsiyyət zamanı yaranan çətinliklər

Laman Asadli

Bakı, AzerPress:

Tərcümə dillərarası ünsiyyət vasitəsidir. Tərcümənin daxilində təkcə dillərarası ünsiyyət deyil, həm də mədəniyyətlərarası ünsiyyət öz əksini tapır. Təsadüfi deyil ki, ayrı-ayrı dövrlərdə yaşamış filosoflar tərcümə sənətini yüksək qiymətləndirmiş, onun qarşılıqlı mədəni əlaqələrin inkişafında xüsusi rolu olduğunu vurğulamışlar. Buna görə də tərcüməni “xalqlar arasında mənəvi körpü” adlandırmışlar.

Bu gün müxtəlif xalqlar tərcümə sayəsində elmin görünməmiş nailiyyətlərindən xəbərdar olurlar. Məhz buna görə də həm ölkəmizdə, həm də digər ölkələrdə tərcüməyə xüsusi diqqət göstərilir. Bu baxımdan XX əsrin tərcümə yüzilliyi adlandırılması heç də təəccüblü deyil.

Tərcümə mürəkkəb proses olduğundan tərcüməçilər bir sıra problemlərlə üzləşə bilir. Bu çətinlikliklərdən bəzilərinə nəzər yetirək:

banner

Tərcümənin əsas problemlərindən biri mətnin tam mənasını və məqsədini anlamaqdır. Dil elə bir mürəkkəb sistemdir ki, çox vaxt bir dildə olan söz və ya ifadənin digər dildə tam ekvivalenti olmur. Bu da, öz növbəsində, tərcüməçilər üçün mənanı çatdırmaqda çətinlik yaradır. Hətta idiom kimi sadə ifadələri belə tərcümə etmək çətinlik yarada bilər, çünki idiomlar istifadə olunduğu kontekstdən asılı olaraq fərqli mənalara malik ola bilər.

Tərcümənin digər problemi mətnin yazıldığı mədəni və tarixi kontekstdir. Fərqli mədəniyyətlərin fərqli dəyərləri, inancları və ənənələri var. Tərcüməçilər dəqiq tərcümələr hazırlamaq üçün mədəniyyətlərarası nüansları başa düşməyi bacarmalıdırlar. Məsələn, bir mədəniyyətdə gülməli olan zarafat başqa bir dildə yumoristik olmaya bilər və yaxud bir dildə nəzakətli sayılan ifadə başqa dildə yersiz və ya təhqiredici ola bilər. Buna görə də tərcüməçi tərcümə zamanı istifadə olunan hər 2 dilin normaları ilə yanaşı mədəniyyətinə də yaxından bələd olmalıdır.

Texniki və ya xüsusi sahəyə aid mətnlərin tərcüməsi də problem yarada bilər. Bu tip mətnlərdə çox vaxt xüsusi dil, jarqon və ya abreviaturalardan istifadə edilir ki, bu da fon biliyi olmayan tərcüməçinin işini çətinləşdirir. Belə hallarda mətn sözügedən sahə üzrə mütəxəssislərin fikrini tələb edir.

Kontekst tərcüməçilər üçün ən vacib amildir. Söz və ya ifadənin mənası onun istifadə olunduğu kontekstdən çox asılıdır. Məsələn, ingilis dilindəki “run” (qaçış) sözü kontekstdən asılı olaraq bir çox fərqli mənaya malik ola bilər, “to run a business” (bir işi idarə etmək) və ya “to run a marathon” (marafon qaçışı etmək). Buna görə də tərcüməçilər sözün və ya ifadənin düzgün tərcüməsi üçün istifadə olunduğu konteksti düzgün başa düşməlidirlər.

Son olaraq deyə bilərik ki, tərcümə həm dil və mədəniyyəti, həm də konteksti dərindən anlamağı tələb edən sahədir. Peşəkar tərcüməçilər isə dilin mürəkkəbliyi ilə yanaşı tərcüməni sifariş edilmiş tarixə vaxtında çatdırmaq kimi problemlərin öhdəsindən gəlməyi bacarmalıdır.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice