Əsas səhifə » Rusiya Bakı və İrəvanın sülh sazişinin imzalanması təşəbbüsünü alqışlayıb

Rusiya Bakı və İrəvanın sülh sazişinin imzalanması təşəbbüsünü alqışlayıb

Tasnim Rufizgizi

Bakı. AzerPress:

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır.

AzerPress xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

“Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması müddətinə gəlincə, hər zaman dediyimiz kimi, bunları tərəflər özləri müəyyən etməlidir. Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, – o bildirib.

banner

Qeyd edək ki, dekabrın 8-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq keçirib. Brifinqdə Rusiya tərəfinin Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh sazişi imzalamaq niyyətini müsbət qiymətləndirdiyini qeyd edib.

“Moskva Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının iki ölkə arasında münasibətləri normallaşdırmaq və sülh sazişi imzalamaq barədə qarşılıqlı niyyətin təsdiqləndiyi birgə Bəyanatı məmnuniyyətlə qarşıladı”, – o deyib.

Zaxarova həmçinin, Rusiyanın nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası, sülh sazişinin imzalanması və vətəndaş cəmiyyəti xəttilə təmaslarda bundan sonra da hər cür köməkliyi göstərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.

Digər Kateqoriyalar

2023 © AzerVoice