Əsas səhifə » Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər

Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər

Tasnim Rufizgizi

Bakı. AzerVoice:

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər.

AzerVoice xəbər verir ki, bunu İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Hədami deyib.

“Əgər maliyyə vəsaiti təmin olunarsa, çatışmayan 162 kilometrlik hissənin tikintisi 5 il ərzində başa çatdırıla bilər”, – deyə o bildirib.

banner

Nazir müavini əlavə edib ki, tikinti üçün vəsait Rusiya tərəfindən verilir.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmir yolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmir yolu xəttində 9 stansiya tikiləcək. Bu dəmir yolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmir yolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmir yolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Digər Kateqoriyalar

2023 © AzerVoice