Əsas səhifə » Prezident İlham Əliyev: TDT olaraq müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etməliyik, birgə təlimlər keçirməliyik

Prezident İlham Əliyev: TDT olaraq müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etməliyik, birgə təlimlər keçirməliyik

Laman Asadli

Bakı. AzerPress:

Türk Dövlətləri Təşkilatı (TDT) olaraq müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etməliyik, birgə təlimlər keçirməliyik.

AzerPress xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda deyib.

Dövlət başçısı bildirib:

banner

“Yəni, mənim mesajım ondan ibarət idi ki, gəlin diqqətimizi o sahəyə yönəldək. Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik. Şərq-Qərb marşrutu boyu dostluq mühiti var, niyə səylərimizi səfərbər etməyək ki?

Hazırda biz NATO-ya bənzər təsisatın yaradılması haqqında danışmırıq. İlkin mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Mən, sadəcə, Azərbaycanın mövqeyini ifadə etdim. Sual versəniz ki, bununla bağlı hansı əlavə ideyalar var, deyə bilərəm, biz müdafiə və müdafiə sənayesi sahələrində daha sıx əməkdaşlıq etməliyik, birgə istehsal, birgə təlimlər keçirməliyik və sərhədlərimizin qorunması üçün birgə səylər göstərməliyik. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır. Zənnimcə, bu, praktiki baxımdan faydalı ola bilər və hər bir ölkə vahid amal naminə öz töhfəsini verə bilər. Əlbəttə, bu, hələ ki, ilkin mərhələdir. Mənim sonuncu Zirvə toplantısında dediklərim həmkarlarıma mesaj idi. Məsləhətləşmələr prosesində bəlli olacaq ki, biz bu işdə haraya qədər gedə bilərik. Mən haraya qədər gedə biləcəyimizlə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Hesab edirəm, bu mövqe təkcə son illər bizim əldə etdiyimiz təcrübə deyil, həm də regionda və dünyada proqnozlaşdırıla bilinməyən vəziyyətdən irəli gəlir”.

Digər Kateqoriyalar

2023 © AzerVoice