Əsas səhifə » Özəl sektorun həyata keçirdiyi birgə layihələr Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayır – Nazir

Özəl sektorun həyata keçirdiyi birgə layihələr Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayır – Nazir

Laman Asadli

Bakı. AzerPress:

Özəl sektorun həyata keçirdiyi birgə layihələr Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

AzerPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.

“Bu layihələr qardaşlığımızın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, rifahın yüksəlməsi, rəqabət qabiliyyətli məhsullar və yeni iş yerlərinin açılması deməkdir”, – deyə nazir əlavə edib.

banner

Nazir Azərbaycan və Türkiyənin birgə təşəbbüsü və iştirakı ilə reallaşdırılan və regional inkişaf və təhlükəsizliyə imkan yaradan meqa layihələrin qlobal əhəmiyyət kəsb etdiyini qeyd edib.

“Energetika sahəsində səmərəli əməkdaşlıq, imzalanmış sənədlər, uğurla icra olunan birgə təşəbbüslər və layihələr ölkələrimizin beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir, regional enerji təchizatında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi Avropa ilə Asiya arasında enerji infrastrukturunun formalaşmasında böyük əhəmiyyət kəsb edir”, – o deyib.

Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.

Forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.

Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edir.

Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, “yaşıl” enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice