Əsas səhifə » Osmanlıyaqədərki Türk incəsənəti və memarlığı

Osmanlıyaqədərki Türk incəsənəti və memarlığı

Hafiz Rufizoglu

Bakı,AzerPress

Möhtəşəm Osmanlı memarlıq ənənəsi XVI əsrdə iki əsas mənbəyə istinad edir. Bunlardan biri İran, Mesopotomiya, Misir və Suriya memarlıq formaları, digəri isə Səlcuqlu dövlətinin XIV-XV əsrin əvvəllərində Manisa, İznik və Bursada formalaşdırdığı Anadolu-Bizans ənənəsidir.

Türklərin İslam memarlığına verdiyi töhfələr Türk Bəyliklərinin qurulması prosesi ilə birlikdə başlayır. Orta Asiyada ilk məscidi Qaraxanlılar inşa etmişdilər. Müsəlman Türk Bəyliyi sayəsində İslam memarlığının kökləri Orta Asiya türk mədəniyyətinə qədər uzanmışdı.

Müsəlman türk sülalələri tamamilə yeni minarə mey-dana gətirmişdir. Orta Asiyanın kərpic minarələri zəngin bəzəmə və zərif naxışları ilə erkən dövr İslama aid xristian üslublu, kvadratşəkilli minarələrindən çox fərqli idi. Səlcuqlu və Osmanlı dövründə silindir formasında uzun, nazik minarə növü inkişaf edərək Avropanın ən uzaq bölgələrinə qədər yayılmışdır.

banner

Səlcuqlu türbə və karvansaraları həyət və dörd eyvandan ibarət idi ki, bu o dövrdə standart formaya çevrilmişdi. Qübbə və monumental kvadrat sahə müsəlman dünyasında yenilik idi. Bunun ən məşhur nümunələri İranın İsfahan, Zəfərə və Ərdistan şəhərlərindəki məscidlərdir.

Digər yenilik isə türbə və məscidlərdə Səlcuqlu üslubunda blokdan qübbəyə keçid olmuşdur. Səlcuqlular Anadolunun fəthindən sonra yeni İslam üslubu ilə qədim Anadolu ünsürlərini birləşdirmişdilər. Buna nümunə olaraq Konya Əlaəddin və Mardindəki Ulu Məscidi göstərmək mümkündür. Məscidlərə əlavə olaraq türbə və mədrəsələr, dərvişlərin və digər din xadimlərinin qalması üçün təkkə adlandırılan binalar inşa edilmişdir. Təkkə (və yaxud zaviyə) ümumilikdə bir məscid və yaxud türbənin yanında inşa edilirdi. Bu kompleksin tamamına külliyə adı verilirdi.

Türklər Orta Asiya mühitinə uyğun qübbə şəklində çadırlarda yaşamışdılar. Bu çadırlar daha sonra türk memarlığı və dekorasiya anlayışına təsir etmişdir. Səlcuqlular İrana gəldikləri zaman qədim ənənələri olan bir memarlıqla qarşılaşmışdılar. Bu memarlıqla öz ənənələrini bütünləşdirərək yeni üslubda abidələr yaratmışlar. Onların arasında ən diqqətəlayiq olan mədrəsələrdir. Nizamiyyə adlanan ilk mədrəsəni XI əsrin Səlcuqlu sultanlarından Alparslan və Məlikşah dövrünün məşhur dövlət xadimi Nizamülmülk inşa etdirmişdir. Ən məşhur nümunələri Nişapur, Tus və Bağdaddakı üç dövlət mədrəsəsidir.
Səlcuqluların memarlıq sahəsindəki bir digər töhfəsi isə məzar abidələri sahəsində olmuşdur. Bunları iki növə ayırmaq mümkündür: Məxzənlər və geniş qübbə şəklindəki türbələr. Səlcuqlu binaları ümumilikdə kərpicdən inşa edilmişdir. Daxili və xarici binalar mərmər, torpaq, əhəng və gips qarışığından ibarət bir maddə ilə bəzədilmişdir. Anadolu Səlcuqluları dövrünün ənənəvi binalarında sütunların dekorativ cəhəti daha ön planda idi və əsas inşaat materialları (qapı və pəncərələr xaric olmaqla) üfüqi taxtalar idi.

Üç eyvanlı mədrəsənin sadə bir dizaynı var. Səlcuqlu dövrünə aid ən yaxşı nümunələrdən biri 1067-ci ildə tikilən Bağdad Nizamiyyə mədrəsəsidir. Şafi məzhəbinə və Əşariyyə kəlamına istinad edir. Yüzlərlə müəllim, altı min şagird və çox əhatəli bir təhsil sistemi, təqaüdləri və yüksək səviyyədə elm sahələri mövcud idi. Həmçinin Bağdadda 1234-cü ildə qurulan Mustansiriyyə mədrəsəsinin kölgəsində qalmışdı. Mədrəsələrə əlavə olaraq xangah, yəni sufi məscidləri də var idi. Abbasilər dövründə bu kimi binalar çox sayda inşa edilmişdir.

Erkən dövr Anadolu məscidləri ərəb, bəziləri İran memarlığından nümunə götürürdülər. XIII əsrdən etibarən tək qübbəli məscid memarlığın əsas xüsusiyyətinə çevrilmişdir. Səlcuqlu dövründə əsas memarlıq xüsusiyyəti kimi qübbəyə əhəmiyyət verilmiş və binanın çevrəsi ilə vəhdət təşkil edən vizual ahəng yaradılmışdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice