Əsas səhifə » Osmanlılar Rumeliyə gələndə Balkanlarda siyasi və sosial vəziyyət necə idi?

Osmanlılar Rumeliyə gələndə Balkanlarda siyasi və sosial vəziyyət necə idi?

admin

Bakı, AzerPress:

Osmanlıların daxili işlərini qaydaya salması və davamlı fəthləri sayəsində Balkanlarda irəliləməkdə çətinlik çəkmədilər. Balkanların müdafiəsi üçün siyasi birlik və ya güclü biri ilə əməkdaşlıq lazım idi. XIV əsrin son rübündə Balkanlar siyasi cəhətdən bütöv deyildi. Balkanlar bir neçə feodal dövlətlərə parçalanmışdı. Bu feodal dövlətlərin aralarındakı rəqabət və çəkişmələr onların Osmanlıya qarşı birgə müqavimət göstərməsinə mane oldu. Bu da, Osmanlı dövlətinin Balkanlarda nüfuz və hökmranlığını yaymasını sürətləndirdi.

Balkanlar hökmdar Stefan Duşanın (1331-1355) rəhbərliyi altında qurulan Serb İmperiyası vasitəsilə birlik qazanmışdı. “Serblərin və yunanların çarı” titulunu alan S.Duşan Makedoniya, Trakya, Fesaliya və Epiri ilhaq etdi və Bolqarıstanı öz ərazisinə birləşdirdi. O, dövlətin Sərhədlərini Aralıq dənizində Korfu, Egey və Salonikiyə qədər genişləndirdi. S.Duşan Serb kilsəsini yenidən qurdu, yunan dilini rəsmi dil kimi qəbul etdi. Bizansda təhsil almış məmurlara inzibati işlərdə üstünlük verməyə başladı. 1349-cu ildə “Duşanov Zakonik” qanunları qəbul edildi. Lakin bütün bunlara baxmayaraq, S.Duşanın 1355-ci ildə vəfatından sonra dövlətin sürətlə parçalanması və Osmanlı təzyiqinə tab gətirə bilməməsi zahirən güclü görünən bu dövlətin nə qədər zəif olduğunu ortaya çıxardı.

Tarixçi Halil İnalcık bildirir ki, Serb İmperatorluğunun zəifləməsindən sonra Osmanlılar Balkanlarda himayədarlıq roluna keçdi.

banner

Bu zaman iki böyük dövlət, şimalda Macarıstan, qərbdə və cənubda Venesiya siyasi parçalanmadan istifadə edərək Balkanlarda genişlənmə siyasəti aparırdılar. Bu iki dövlət həm katolikliyi, həm də siyasi və hərbi üstünlüyü təmsil edirdi. Buna görə də onların hökmranlığı Balkanlarda xalq tərəfindən qəbul edilmədi. Lakin bu iki dövlətin təzyiqi nəticəsində Balkanlar katolik olmağa məhkum kimi görünürdü. Osmanlıların bu dövlətlərə qarşı mübarizəsi həmin təhlükənin qarşısını aldı və pravoslav təriqətinin Balkanlarda yayılmasına şərait yaratdı.

Balkanların sosial vəziyyəti də Osmanlıların bu ərazilərdə möhkəmlənməsinə kömək etdi. Bizans siyasi hakimiyyətinin zəifləməsi nəticəsində əyalətlərdəki feodallar maliyyə və hüquqi imtiyazlar əldə edərək mərkəzə tabe olmamağa başladılar. Bu isə kəndlilərin biyar və digər mükəlləfiyyətlərinin artırılması ilə nəticələndi. Osmanlının Balkanlardakı fəthi ilə bölgədə feodal dövlətləri əvəzinə mərkəzi və mütləq dövlət hakimiyyəti yarandı və feodal özbaşınalıqlarının qarşısı alındı.

OSMANLI DÖVLƏTİ TARİXİ

Silsilə xəbərlər

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice