Əsas səhifə » Osmanlıda fetrət dövrü necə bitdi

Osmanlıda fetrət dövrü necə bitdi

Orkhan Qadirzade

Bakı.AzerVoice

İldırım Bəyazidin Ankara döyüşündə Teymura məğlub olması ilə Osmanlıda fetrət dövrü başladı.  Bu qələbədən sonra Əmir Teymur əvvəllər osmanlılar tərəfindən fəth edilmiş Anadolu bəyliklərinin əksəriyyətini bərpa etdi və qalan Osmanlı torpaqlarını Bəyəzidin oğlanları arasında bölüşdürdü. Bundan sonra şəhzadələr arasında taxt tac uğrunda mübarizə başladı. 1402-ci ildən başlayan bu mübarizə 1413-cü ildə I Mehmedin qardaşlarını məğlub edərək hakimiyyətə gəlməsinə qədər davam etdi.

Ankara döyüşündən sonra dağılmağa üz tutan Osmanlı İmperatorluğu I Mehmedin səyləri ilə müəyyən qədər də olsa özünə gəlmişdi. Lakin onun 1421-ci ildə vəfat etməsi Osmanlıda yenidən qarışıqlığı başlatdı. Onsuzda parçalanma ərəfəsində olan Osmanlı mülkləri üçün taxt-tac uğrunda mübarizə aparan rəqiblərin sayı artdı. Qaraman, Candar, Germiyan, Saruhan, Menteşe kimi bəyliklər üsyan edərək Osmanlı torpaqlarını işğal etdilər. Osmanlı yenidən 1402-ci ildəki vəziyyətə qayıtdı.

Bizansda öz növbəsində  yaranan qarışıqlıqdan istifadə etməyə çalışdı. Bu məqsədlə II. Muraddan istifadə etməyə çalışsada bu istəyi alınmadı. II. Murad planı baş tutmayınca II. Muradın əmisi Mustafa Çələbini İzmiroğlu Cüneyd bəylə birlikdə Geliboluya göndərdi.

banner

Mustafa Çələbi İldırım Bəyəzidin əsl oğlu idi ancaq, Osmanlı tarixçiləri taxt-tacdakı legitimliyinə kölgə salmaq üçün onu “düzməcə” olaraq adlandırmışdılar. Tarixi salnamələrdə isə Mustafa Çələbinin İldırımın oğlu olduğu bildirilir.

Çələbi qısa müddətdə Rumeli əhalisini ilə ordunun bir qismini öz tərəfinə çəkdi.

Rumelinin qısa müddətdə Mustafa Çələbiyə qoşulmasının səbəbi hakimiyyətə gələn II. Muradın 18 yaşında olması idi. Mustafa Çələbinin Rumelidə ikinci bir dövlət qurduğu eşidilincə, Bursadan onun üzərinə vəzir Bəyazid paşa rəhbərliyində ordu göndərildi. Məqsəd ikihakimiyyətliliyə son qoymaq idi. Ancaq tərəflər Ədirnə yaxınlığındakı Sazlıdərədə qarşılaşdıqlarında vəzirə tabe olan qüvvələr yer dəyişdirərək Mustafa Çələbi tərəfə keçdi. Bu qələbədən sonra Rumelinin güclü bəyləri Çələbiyə dəstək verməyə başladılar. Ədirnə və Serezdə Mustafa Çələbinin adına sikkələr basıldı.

Osmanlı İmperiyası fetrət dövründə olduğu kimi Anadolu və Rumeli olmaqla iki yerə bölündü. Rumelidə mövqeyini möhkəmləndirən Mustafa Çələbi, Cüneyd bəyin təşviqi ilə hakimiyyətə gəlmək üçün Anadoluya keçərək Bursaya doğru hərəkət etdi. Bursada öz növbəsində  Çələbiyə qarşı ordu çıxardı. İki ordu növbəti dəfə Ulubat çayının sahilində qarşılaşdı. Mustafa Çələbinin qüvvələri daha çox idi.Bu səbəbdən II. Muradın vəziri Hacı İvaz paşa hiylə yolu ilə Çələbinin ordusunu dağıtmağa çalışdı.

Rumelinin güclü bəylərindən olan Mihaloğlu Mehmed bəy gecə yarısı Rumeli bəyləri ilə görüşərək onları II. Onu Muradın yanına çəkdi. Hacı İvaz paşa da Cüneyd bəyi aldadaraq Mustafa Çələbidən ayırdı. Ordusunun böyük bir qismini itirən Mustafa Çələbi Geliboluya getdi. Qaçmağa çalışsada  Cenevizlilərdən gəmilər alan hakimiyyət qüvvələri onları Tunca vadisindəki Kızılcaağaç Yenicəsində ələ keçirdi.

Bəzi mənbələr Çələbinin Ədirnəyə gətirilərək qala bürclərində asıldığını bildirirlər. Bəzi mənbələr isə onun Eflaka qaçdığını, daha sonra Salonikiyə qayıdaraq 1430-cu ilə qədər üsyana davam etdiyini iddia edirlər.

Mustafa Çələbidən sonrada şahzadə üsyanları baş versədə, heç biri onun qədər təsirli olmadı.

I Muradın oğlu Savcı bəydən olan nəvəsi şəhzadə Davud Balkanlarda xaçlılarla birlikdə Osmanlıya qarşı hərəkət etmişdi. Bizansın himayəsində olan Cəfər və İsmayıl adlı iki şahzadə də Osmanlıya qarşı üsyan qaldırmışdılar. Bundan əlavə, Bizansın əlində olan şəhzadə Orxanda, İstanbul fəth edilənə qədər Osmanlı taxtı üçün təhlükə olaraq qalmışdı.

Mustafa Çələbi üsyanının sona çatması ilə Osmanlı İmperatorluğu ikiyə bölünmək təhlükəsindən qurtuldu. II. Murad, üsyana dəstək verən Bizans İmperiyasından qisas almaq üçün İstanbulu mühasirəyə aldı. Şəhərin mühasirəsi davam edərkən, Bizanslılar Osmanlının diqqətini dağıtmaq məqsədi ilə sultanın qardaşı Həmidili sancaqbəyi kiçik Mustafanı  sultan olmağa təşviq etdilər. Qaraman və Germiyan bəylərinin dəstəyi ilə balaca Mustafa İzniki ələ keçirdi. Bu hadisədən sonra II Murad mühasirəni qaldıraraq üzünü şəhzadə üsyanına tərəf çevirdi. Sultan Murad şahzadənin lələsi Şərabdar  İlyası Anadolu valiliyini ona verəcəyi vədi ilə öz tərəfinə çəkdi. Bundan sonra üsyanı yatıraraq Mustafa Çələbini öldürtdü. Daha sonra Anadoludakı bəylikləri özünə tabe etmək məqsədi ilə Anadoluya səfərlər həyata keçirdi. Uzun zaman Osmanlıya qarşı mübarizə aparan  Germiyanoğlu bəyliyidə sonuncu bəyinin ölməsi ilə Osmanlıya tabe edildi.

Fetrət dövrünün 1413-cü ildə Çələbi Mehmedin qardaşlarına qalib gələrək taxta oturması ilə bitdiyi deyilir. Ancaq Osmanlı bu təhlükədən tam olaraq İstanbulun fəthi ilə qurtuldu.

Həmçinin məşhur tarixçilərdən olan Halil İnalcık da Osmanlı İmperiyasında fetrət dövrünün əsl bitmə tarixini 1453-cü ildə İstanbulun fəthi olaraq göstərir.

Digər Kateqoriyalar

2023 © AzerVoice