Əsas səhifə » Osmanlı xanədanında ilk şahzadə üsyanı necə baş verdi?

Osmanlı xanədanında ilk şahzadə üsyanı necə baş verdi?

admin

Bakı, AzerPress:

Sultan I Muradın üç oğlu var idi. Onların hər biri Osmanlı sancaqlarında hökmdar idi. Kütahya sancağını şəhzadə Bəyazid, Karesi sancağını Yaqub Çələbi, Bursa sancağını isə Savcı bəy idarə edirdi.

Sultanın kiçik oğlu Savcı bəyin çox sayda tərəfdarlarının olması atası I Muradın da gözündən qaçmadı. Buna görə də böyük oğlu Bəyazidə məktub yazaraq ondan qardaşları haqqında məlumat verməsini istədi.

Şahzadə Bəyazid cavab məktubunda qardaşı Yaqubun çox səssiz və sakit olduğunu, Savcının ətrafdakıların təsiri altına düşə biləcəyini və bəzi yanlış hərəkətlər edə biləcəyini bildirdi.

banner

Osmanlı dövlətində yaşanan bu hadisəyə çox oxşar bir vəziyyət Bizansda da baş verib. Bizans imperatorunun oğlu Andronikos atasının ona qarşı haqsızlıq etdiyini düşünürdü və qardaşı Manuelin yüksəlməsini həzm edə bilmirdi. Vəliəhd şahzadə statusunun itirməsi ilə uzaqlaşdığı hökmdarlıq arzusuna imperator olaraq çatmaq istəyirdi. Buna görə də onun kimi düşündüyünü bildiyi gənc Osmanlı şahzadəsi Savcı bəyə xəbər göndərərək birlikdə üsyan etməyi təklif edir. Savcı bəy dövləti idarə etmək istəyirdi. Buna görə də dostlarının təşviqi ilə Andronikosun təklifinə müsbət cavab verdi. Həmin an mühit üsyançılar üçün çox əlverişli idi. Tarixi mənbələrdə Savcı bəyin adından xütbə oxudaraq pul zərb etdirdiyini bildirir.

Sultan I Muradın Anadoluda səfərdə olması bu iki şahzadənin üsyan etmələri üçün münasib şərait yaratdı. I Murad üsyançı bəylərə dərs vermək üçün 1385-ci ildə Anadoluya yürüş edir. Bizans imperatoru V İoannes də müttəfiqlik razılaşmasına əsasən Sultan Muradın yanında idi.

Taxt iddiası olan bu iki şəxsin cəsarətli üsyan cəhdləri planlaşdırdıqları kimi olmadı. Onlar elə düşünürdü ki, I Murad və V İoannes Anadoludan qayıdana qədər idarəni ələ keçirəcəklər. Hər ikisi atalarının uzun müddətdir onları izlədiyindən xəbərsiz idi. Gözlənilən üsyanı ilk başa düşən Sultan Murad oldu. Buna görə də Sultan Murad Anadolu səfərini ləğv etdi və üsyana mane olmaq üçün geri qayıtdı.

Osmanlı tarixi mənbələrinə görə döyüş Bursanın Kete düzündə, Bizans mənbələrinə görə isə Ədirnə ətrafında baş verib. Döyüş zamanı şahzadə Savcının yanında olan əsgərlərin çoxu şahzadənin onları aldatdıqlarını iddia edərək Muradın tərəfinə keçdilər. Gənc üsyançıların ordusu qısa müddətdə dağıldı və Savcı bəylə Andronikos qaçaraq Dimetoka qalasına sığındılar. Sultan Murad qalanı mühasirəyə aldı. Aclıqdan əziyyət çəkən qala camaatı başqa çarələrinin olmadığını və sultana müqavimət göstərməyin mənasız olduğunu başa düşərək vaxt itirmədən qala qapılarını açdılar. Savcı bəylə Andronikos ələ keçirildi.

I Murad vassalı olan Bizans imperatoru V İoannesə üsyankar oğlunun gözlərinin çıxarılmasını əmr etdi. İmperator bunu istəməsə də sultandan qorxduğu üçün oğlunun və nəvəsinin gözlərinə mil çəkdirdi. Lakin Andronikos yüngül mil çəkdirdiyi üçün oğlunun yalnız bir gözü kor oldu.

Osmanlı şahzadəsi Savcı bəy isə dərhal cəzalandırılmadı. Osmanlı tarixi mənbələri Sultan Muradın oğlunu bağışlamaq niyyətində olduğu üçün onu dərhal cəzalandırmadığını bildirir. Bəlkə də Sultan I Murad oğlunu öncə danlamaq, sonra bağışlamaq fikrində idi. Lakin sultanın bu xoş niyyətini anlamayan və atasına qarşı xoşagəlməz davranışlar sərgiləyən şahzadə Sultan Muradı daha da qəzəbləndirir. Sultan Murad da şahzadə Savcı bəyin gözlərinə mil çəkdirir. Lakin oğlunun bu hərəkətinə çox qəzəbləndiyi üçün etdiklərini həzm edə bilmirdi. Buna görə də oğlunu boğdurur.

Osmanlı bəyliklərində şahzadələrin atalarına qarşı üsyanı daha öncə görülməyən bir hal idi. Savcı bəy ilk üsyan edən şahzadə idi. Savcı bəy böyük ehtimalla, Andronikosun təsiri altına düşmüşdü, çünki Bizans imperiyasında bu cür üsyanlar tez-tez baş verirdi. Osman bəy və Orxan bəyin dövründə, ümumiyyətlə, belə bir hadisə olmayıb. Lakin Savcı bəyin bu üsyanı Osmanlı tarixinin qanlı səhifələri üçün dönüş nöqtəsi oldu.

Qardaşının üsyanından dərs alan Yıldırım Bəyazid Kosovo müharibəsində atasının ölümündən sonra taxta çıxır və ilk olaraq qardaşı Yaqub Çələbini boğdurur.

Silsilə xəbərlər

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice