Bakı,AzerPress:
1980-ci illərə qədər ilk Osmanlı pulu Orxan bəyin adına buraxılan pul kimi bilinirdi. Pul müstəqilliyin əsas əlamətlərindən biri olduğu üçün ilk Osmanlı pulunun nə vaxt buraxıldığı son dərəcə əhəmiyyətlidir.
Bəzi anonim Təvarih-i Al-i Osman və Hadidi Tarixində Osman Qazinin pul çıxardığına dair məlumatlar da var. Lakin daha sonrakı tarixlərdə Osmanlı tarixlərində qeyd olunan pulların zərb edilməsi ilə bağlı məlumatlar bu məsələyə kifayət qədər dəlil deyildi və onun buraxdığı pul tapılmadı.
Tarixçi İbrahim Artuk 1980-ci ildə Türkiyənin Sosial və İqtisadi Simpoziumunda təqdim etdiyi məqalədə İstanbul Arxeologiya Muzeyində ilk Osmanlı pulu olaraq üzərində tarixi olmayan bir pul təqdim etdi. Həmin pulun XIII əsrin əvvəllərində Anadoluda monqol hökmranlığının zəiflədiyi illərdə buraxıldığı güman edilir. Lakin bu pul bəzi tarixçilər və numizmatlar tərəfindən qəbul edilməyib.
Halil İnalcık bu pulların saxta olduğunu iddia edir və bildirir ki, monqolların Eşrefoğulları və digər bəyliklərə qarşı sərt rəftarına görə Osman Qazi pul zərb etməyə cəsarət edə bilməzdi.
Osmanlı sikkələri üzərində sistemli araşdırma aparan Slobadan Sreckoviç də bu pulu araşdıraraq onun Osman Qazi tərəfindən zərb oluna bilməyəcəyi qənaətinə gəlib.
Numizmatika baxımından bu pulla bağlı bir çox anlaşılmazlıq var, belə ki, sikkənin ön və arxa tərəfləri iki fərqli oymaçı tərəfindən hazırlanıb. Sikkənin hər iki üzündə ad olması müəmmalıdır. Sikkənin üzərindəki “duribe (zərb edilmiş)” sözü daha sonra zərb edildiyi yer göstərilən pullarda istifadə edilib.
Sultan I Muradın (1623-1640) hakimiyyət illərində istifadə edilən hərəkəmələrin bu pulda istifadə edilməsi də digər qəribə nüansdır. Sreçkoviçin sözlərinə görə, bu sikkə Hülakü hökmdarı Qazan xanın (1295-1304) “qoşa dirhəm”i əsasında hazırlanıb. Lakin çəki və forma baxımından həmin pullara bənzəmir. Osman Qazinin dövründə zərb edilən bu pulun çəkisi 6,5 karatdır.
Numizmatik Ditrix Şnadelbaxın Elxanilər dövründə pulların çəkisinin dəyişməsi ilə bağlı araşdırması göstərir ki, bu karatda olan pullar yalnız hicri tarixi ilə 723-cü ildən (1323) sonra zərb olunmağa başlayıb.
Yuxarıda qeyd edilən bütün bu faktlardan anlaşıldığı kimi bu gün əldə olan Osmanlı pulları dövrün sikkələrinin tarixi vəziyyətinə və tarixi inkişafına uyğun deyil. Buna görə də İbrahim Artukun tapdığı pulun Osman Qazi tərəfindən zərb edilmədiyi qənaətinə gəlirik.
Amerika və İngiltərədə bəzi tarixçilər Osman Qaziyə aid başqa sikkələrin də olduğunu iddia edir. Lakin onların saxta və ya həqiqi olması ilə bağlı heç bir araşdırma aparılmadığından əldə heç bir məlumat yoxdur.
Mövcud məlumatlar göstərir ki, ilk Osmanlı pulu Orxan Qazinin 1327-ci ildə akçe adı ilə zərb etdirdiyi gümüş sikkədir.
Ləman Əsədli